Onlayn ictimai-siyasi qəzet
Ermənistan baş nazirinin Altay ziyarəti münasibətlərdəki gərginliyi azaldacaqmı; Paşinyan səfər öncəsi qərbyönümlü qüvvələrə “hücum” əmri verdi; ekoloji tədbir adı altında hesabat, yoxsa...
Ermənistanın baş naziri Nikol Paşinyan iyulun 24-də Rusiyanın Altay diyarına səfər edib. Ermənistan mediasının məlumatına görə, səfər çərçivəsində onun Rusiyanın baş naziri Mixail Mişustinlə görüşü planlaşdırılır. N.Paşinyanın iyulun 25-də də Altayda qalacağı və ekologiya məsələlərinə həsr olunmuş sammitdə iştirak edəcəyi istisna edilmir.
Qeyd edək ki, cari ilin mayında Moskvaya səfər edən Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə görüşmüşdü. Paşinyan 9 May - Faşizm üzərində Qələbənin 80 illiyi münasibətilə keçirilən hərbi parad və tədbirlərdə iştirak etmək üçün Rusiyaya getmişdi.
Amma ara-sıra həyata keçirilən bu kimi səfərlərə baxmayaraq, Rusiya-Ermənistan münasibətləri hamar deyil. Xüsusilə də Paşinyan hakimiyyətinin iki stulda oturmaq istəyi Kremli qane etmir və keçmiş forpostunun Qərbə arientasiyasını qəbulolunmaz sayır. Ermənistan isə bu ilin əvvəlində ABŞ-la tərəfdaşlıq xartiyası imzalamaqla yanaşı, Avropa İttifaqına üzvlüklə əlaqədar rəsmi mövqeyini açıqladı ki, bütün bunlar Rusiyanı açıq şəkildə qıcıqlandırdı. Üstəlik, Rusiya vətəndaşı olan erməni milyarder Samvel Karapetyanın İrəvanda həbs edilməsi, onun donorluq etdiyi kilsəyə qarşı təzyiqlərin artması, Rusiyaya bağlı radikalların sıxışdırılması 2026-cı ildəki parlament seçkilərində Ermənistanda hakimiyyət dəyişikliyini proqnozlaşdıran Kreml üçün sürpriz oldu. Bütün bunların fonunda Rusiya səfərinin Paşinyan üçün hansı şəraitdə keçəcəyi maraqlıdır. Ermənistan rəhbərliyinə qarşı Rusiya mediasında sərt hücumlar da davam edir. RT telekanalının baş redaktoru Marqarita Simonyan X hesabında bildirib ki, “kukla sultan Paşinyan İranla gələcək müharibə üçün Ermənistanı Amerikanın meydançasına çevirməkdən ötrü gizli memorandum imzalayıb”.
Qəribəsi budur ki, səfər öncəsi Ermənistanın baş naziri Nikol Paşinyan ölkədəki qərbyönlü siyasi qüvvələrə Rusiyaya qarşı sərt fəaliyyətə başlamağı tapşırıb. Musavat.com xəbər verir ki, bu barədə erməni “Qraparak” qəzeti məlumat yayıb. Nəşrin iddiasına görə, son sosioloji sorğular həm hökumətin, həm də Qərb tərəfdarı olan siyasi dairələrin nüfuzunun aşağı düşdüyünü göstərir. Xüsusilə qərbyönlü seçicilərin sayında təxminən 10 faiz azalma qeydə alınıb. Məqalədə bildirilir ki, Paşinyan qarşıdan gələn seçkilərdə hakimiyyətdə qalmaq üçün Avropa yönlü siyasi ittifaqlara bel bağlayır. Bu məqsədlə yaxın günlərdə bir sıra anti-Rusiya aksiyaları planlaşdırılıb. “Qraparak” yazır ki, bu fəaliyyətin ilk mərhələsi kimi 23 avqustda Gümrüdə Rusiya Silahlı Qüvvələrinin 102-ci hərbi bazasının Ermənistandan çıxarılması tələbilə mitinq təşkil olunacaq. Beləliklə, Paşinyan həm Rusiyaya, həm də Qərbə doğru “bir addım irəli, iki addım geri” siyasəti yürüdür.
Bu arada Ermənistan parlamentinin sədri Alen Simonyan Marqarita Simonyanı təhqir edib. APA xəbər verir ki, Alen Simonyan özünün “Telegram” kanalında Marqarita Simonyanı çirkin məxluq adlandırıb, onu Ermənistanın suveren işlərinə qarışmaqda ittiham edib. Spiker “yan”la bitən soyadından başqa Marqarita Simonyanın Ermənistan və erməni xalqı ilə heç bir əlaqəsinin olmadığını vurğulayıb. “O, Ermənistan rəhbərliyini təhqir edir, insanları ölkəmizdə mitinqə, hakimiyyəti devirməyə çağırır. Və yalan yayır, eyni zamanda, ölkəni və insanları təhdid edir. Məsələn, mövcud olmayan sənəd haqqında naməlum qəzetin mövcud olmayan müəlliflərinə istinad edərək başqa bir yalan yayır”, - Simonyan qeyd edib.
Erməni spiker vurğulayıb ki, Marqarita Simonyan “daha bir qızıl medal uğrunda mübarizə aparır” və əlavə edib ki, bu, Ermənistana qarşı hibrid müharibənin daha bir təzahürüdür.
Alen Simonyan Ermənistanda tezliklə seçkilərin keçiriləcəyini xatırladaraq bu cür hücumların davamlı olacağına diqqət çəkib.
Qeyd etdiyimiz kimi, Rusiya səfəri çərçivəsində Ermənistanın baş naziri rusiyalı həmkarı Mixail Mişustinlə görüşəcək və istisna deyil ki, qeyd olunan məsələlər də müzakirə predmeti olacaq. Maraqlısı həm də budur ki, Paşinyan MDB çərçivəsində toplantılara, həmçinin KTMT-nin iclaslarına qatılmır, hətta sonuncu qurumu tərk edəcəklərinin anonsunu verir, üstəlik, Qərbə can atır, amma Rusiyadakı hansısa ekoloji tədbirə qaçır. Rəsmi İrəvanın siyasəti nədən xəbər verir: iki stulda oturmaq siyasəti, manevr, yoxsa nə? Bəlkə Paşinyan Rusiya-Azərbaycan münasibətlərindəki hazırkı durumdan, mövcud soyuqluqdan sui-istifadə etmək, Kremlin “ürəyinə girmək” və 2026-cı il seçkilərini də öz xeyrinə sonlandırmaq istəyir. Ümumilikdə Nikol Paşinyan İrəvana hansı ev tapşırıqları ilə qayıdacaq? Paşinyanın Rusiya səfəri Ermənistanla Əbu-Dabidə başlamış sülh prosesini poza bilərmi?
Bir xatırlatmaya da ehtiyac var. Bundan əvvəl N.Paşinyanın Avropa səfəri olmuşdu. Maraqlıdır, o, Rusiyaya hesabat üçünmü gedir? Samvel Karapetyan və digərlərinin azad olunması, kilsənin dinc buraxılması tələbi ilə üzləşə bilərmi?
Tural İsmayılov
Sosial Tədqiqatlar Mərkəzinin baş mütəxəssisi, siyasi ekspert Tural İsmayılov “Yeni Müsavat”a bildirdi ki, Ermənistanın baş nazirinin Rusiya səfəri Paşinyan üçün yeni bir siyasi manevr, həm də Rusiyanın son illərdəki mövqeyinə qarşı daha da yaxınlaşmaq məqsədini daşıya bilər: “Rəsmi açıqlamaya görə, səfər zamanı Paşinyan Altayda təbiətin mühafizəsi ilə bağlı bir tədbirə qatılacaq. Hətta bu tədbir rəsmi olaraq çevik bir hərəkət olaraq qəbul edilə bilər. Lakin burada əsas sual Paşinyanın niyyətindədir: bu, yalnız bir ekoloji toplantı və siyasi əhəmiyyəti olmayan bir iştirakdan ibarətmi olacaq, yoxsa daha geniş geosiyasi kontekstdə yeni bir mesaj göndərməyə yönəlik bir addımdır? Ermənistanın Qərbə yönələn siyasəti, xüsusilə də Paşinyanın Avropaya etdiyi səfərlər və NATO ilə yaxınlaşma addımları Rusiyanın bölgədəki nüfuzunu zəiflətmə cəhdləri kimi görünə bilər. Bu baxımdan Paşinyanın Rusiyaya etdiyi səfər özünü hər iki tərəfə uyğunlaşdırmağa çalışan bir siyasi təfəkkürün məhsulu olaraq ortaya çıxır”.
STM əməkdaşı təsdiqlədi ki, Paşinyan həm Avropa ilə olan əlaqələri möhkəmləndirməyə, həm də Rusiya ilə strateji əlaqələrini tamamilə itirməməyə çalışır: “Bu, "iki stulda oturmaq" siyasəti onun həm Qərbə, həm də Rusiyaya uyğun davranma məqsədini güdür. Əlbəttə, bu manevr Paşinyan üçün bir risk də daşıyır. Rusiya-Azərbaycan münasibətlərindəki gərginliyin fonunda Paşinyan bu vəziyyətdən sui-istifadə etmək istəyir. Azərbaycanın Rusiyadakı soyuq münasibətlərinə qarşı Paşinyanın Kremlə yaxınlaşması regiondakı geosiyasi balansı dəyişdirmək məqsədi daşıya bilər. Bununla yanaşı, Paşinyanın əslində hansı məqsədlə Rusiyaya yaxınlaşmağa çalışdığına dair suallar yaranır. Bəlkə də bu, Rusiya ilə daha yaxşı münasibətlər qurmağa çalışan, lakin Qərb tərəfini də itirmək istəməyən bir siyasətin, sadəcə, görünüşüdür. Bundan əvvəl Paşinyan Avropaya etdiyi səfərlərdə, xüsusən də Fransaya etdiyi rəsmi ziyarətlərdə, həmçinin Azərbaycanla olan sərhəd məsələlərində özünün mövqeyini bəyan etmişdi. Avropa ilə “yaxınlaşma” Ermənistanın Kremllə olan əlaqələrində dəyişiklik yaratmağa çalışır, ancaq Paşinyanın Rusiya ilə əlaqələrini kəsmək istəmədiyi də aydındır".
Bununla yanaşı, T.İsmayılov hesab edir ki, Paşinyanın bu səfəri Ermənistanın uzunmüddətli mövqeyinə qarşı olan bir təhdid kimi də qiymətləndirilə bilər: “Çünki Rusiya ilə münasibətlərin yenidən qurulması Azərbaycan-Rusiya münasibətlərindəki soyuqluğun fonunda daha çox əhəmiyyət qazanır. Paşinyan bu əlaqələri bərpa etməyə çalışarkən Qərblə yaxınlaşmasını da davam etdirir”.
Əbu-Dabi prosesinə gəlincə, siyasi ekspert qeyd etdi ki, Paşinyan bu səfərdən sonra prosesin gedişatına təsir edəcək addımlar atmağa çalışa bilər: “Paşinyanın bütün bu məsələləri Rusiyanın diqqətinə çatdırmaq üçün bir fürsət axtarması mümkündür. Həmçinin Paşinyanın təbiət mühafizəsi tədbirinə qatılması Ermənistanın daxili siyasətində daha geniş bir sosial və ekoloji istiqamətləri də nəzərdə tutan bir təşəbbüs ola bilər. Lakin bütün bunlar Paşinyanın regiondakı mövqeyini müəyyən etmək və beynəlxalq münasibətlərdəki əlaqələrini yenidən qurmaq məqsədini güdür. Bundan əlavə, Paşinyanın bu səfərindən hansı nəticələri gözləyəcəyi barədə də müxtəlif suallar ortaya çıxır. Rusiya ilə strateji əlaqələrdə hansı mövqedə olacağı, ona veriləcək "ev tapşırıqları" və gələcək addımlar təkcə Ermənistanın deyil, həm də ümumilikdə Cənubi Qafqazın gələcəyi üçün də maraqlıdır. Paşinyanın bu manevrini anlamaq Ermənistanın gələcəkdəki siyasi və iqtisadi inkişafını izləmək üçün vacib olacaq".
Yazı çapa hazırlanarkən məlum oldu ki, Paşinyanın səfəri ərəfəsində Rusiya Zəngəzur dəhlizi məsələsində neytrallığını bir daha bəyan edib. Musavat.com xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, bu məsələ Ermənistan və Azərbaycanın suveren qərarına aid olan bir mövzudur. “Rusiya Ermənistanla Azərbaycanın apardığı danışıqları hər cəhətdən dəstəkləyir”, - deyə Peskov vurğulayıb.
Bu açıqlama Moskvanın Zəngəzur dəhlizi ilə bağlı birbaşa müdaxilə niyyəti olmadığını nümayiş etdirmək cəhdi kimi qiymətləndirilir. Eyni zamanda Kremlin bu bəyanatı regional sabitlik baxımından Bakı-İrəvan dialoquna önəm verdiyini göstərir. Qeyd edək ki, Zəngəzur dəhlizi mövzusu son aylar yenidən regional gündəmin əsas müzakirə mövzularından birinə çevrilib. Bu mənada, heç şübhəsiz, Zəngəzura ABŞ şirkətini gətirmək istəyən Paşinyanı Rusiyada ciddi suallar gözləyir...
E.PAŞASOY,
“Yeni Müsavat”
26 Iyul 2025
25 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ