Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın andiçməsinə iki gün qaldı. Son anda məlum olub ki, inauqurasiya açıq havada yox, qapalı məkanda keçiriləcək.
Rəsmən bunu yanvarın 20-də havanın soyuq olacağı ilə əlaqələndirirlər. Əslində isə səbəbin Trampa terror təhlükəsi ilə birbaşa bağlı olduğu istisna deyil. Hər necə olmasa, dünyanın superdövləti ABŞ-da da prezidentlərə qarşı sui-qəsd cəhdləri nadir hal sayılmaz. Ən azından ortada hələ də müəmma kimi qalan bir müdhiş qətl olayı - prezident Kennedinin öldürülməsi faktı var...
İnauqurasiya günü həm də ABŞ ənənələrinə uyğun olaraq indiki prezident Co Bayden səlahiyyətlərini xələfi Trampa ötürəcək. Bu, yeni hakimiyyətin legitimliyinin tanınması anlamına gəlməklə bahəm, hakimiyyətdə vərəsəliyin saxlanması üçün önəmli sayılır. Hərçənd Trampın özü 4 il öncə uduzduğu seçkidən sonra nə Baydenin andiçmə mərasiminə qatılmışdı, nə də onu təbrik edib hakimiyyəti ötürmüşdü - Amerika tarixində ilk (dəfə) olaraq.
Əksinə, ötən 4 ildə Tramp zaman-zaman Baydenin qarasınca danışaraq, onun qeyri-legitimliyinə işarə vuran açıqlamalar səsləndirmiş, tərəfdarları isə Konqres binasına hücum edərək (yanvar 2021), 4 etirazçının ölümü ilə bitən qiyam qaldırmışdılar. Həmin hadisə də Amerika dövləti tarixində ilk belə ilginc insident kimi düşüb.
Hazırda aksiyanın uzunmüddətli cəzalar kəsilən 22 iştirakçısı həbsdədir. Amma belə fikir var ki, Tramp andiçmədən sonra onların çoxunu əfv edə və ya cəza müddətini azalda bilər. Bayden öz cinayətkar oğlunu bağışlaya bilir, Tramp etirazçı tərəfdarlarını əfv edə bilməz?..
Siyasi vərəsəliyə gəlincə, ən maraqlısı da yəqin ki, bu olacaq. Tramp şəxsiyyət kimi də xoşalnmadığı Baydenin hansı “mirasına” sahib çıxacaq, hansına yox? Artıq “çamadanını yığışdıran” hökumətin dostlarını dost, düşmənlərini düşmən sayacaqmı? Dünyada, bölgədə daimi sülh və təhlükəsizliyin taleyi xeyli dərəcədə bu iki sualın cavabından asılı olacaq.
Tramp isə seçki zamanı Amerikanı yenidən qüdrətli edəcəyinə vəd verib. Yəni o, Baydenin ABŞ dünyadakı mövqeyini zəiflətdiyi qənaətindədir. Bəs yeni prezident Amerikanın qüdrətini necə, hansı yolla, nəyin hesabına qaytaracaq? Bu qayıdış beynəlxalq və regional sülhün xeyrinə olacaq, yoxsa ziyanına?..
Əlbəttə ki, Tramp ilk növbədə quracağı komanda ilə buna can atacaq. Orada isə əsas güc xarici siyasətin, daha dəqiqi, yeni dövlət katibinin üzərinə düşəcək. Böyük ehtimalla, bu, ermənipərəstliyi ilə tanınan Marko Rubiodur.
Ancaq əgər cənab Rubio konkret olaraq, Azərbaycana münasibətdə ənənəvi mövqeyinə davam edəcəksə, bizimlə erməni ağzı ilə danışacaqsa, o sırada Bakıda məhkəməsi gedən separatçı ünsürlərlə bağlı qərəzli bəyanatlar verəcəksə, o zaman o, tarixə ən yaxşı halda “Blinken-2” kimi düşəcək. Güney Qafqazın qapısı isə ABŞ-ın üzünə daha 4 il bağlı qalacaq – bütün neqativ nəticələri ilə birgə.
Ağ Evin köhnə-təzə sahibinə bu lazımmı? O halda onun Baydendən fərqi nə olacaq? Bölgənin açar dövləti Azərbaycanla dil tapmamaq “Amerikanı qüdrətli etmək” marağı ilə nə dərəcədə uzlaşacaq?..
Və sonda. Məlumatlara görə, D.Tramp andiçmə mərasiminə dünya liderlərinin az qismini dəvət edib. Ermənistan baş naziri Nikol Paşinyanın da dəvətlilər arasında olmaması erməni “ura-patriotlar”a və qərbçi revanşist çevrələrdə bərk məyusluq yaradıb. Xüsusən də ABŞ və Ermənistan arasında yenicə imzalanmış strateji tərəfdaşlıq haqda xartiya fonunda bu imtinaya diqqət çəkilir.
Hər necə olmasa, Bayden Nikolu iki dəfə “demokratiya sammiti”nə dəvət etmişdi. Ötən ay isə Paşinyan Parisdə “böyük bacısı” Makron və Trampla bəh-bəhlə üçlü şəkil çəkdirmək şərəfinə nail olmuşdu. Görünür, bu səbəbə Ermənistan hökumətinin sözçüsü ümidin tam itmədiyinə eyham vurub. Guya iki gündə möcüzə baş verə, Paşinyan Amerikaya uça bilər. Sonra da gəl bunu Azərbaycana, hətta Gürcüstana qarşı əlində “bayraq”, “kozr” edəcək Nikolun qabağında dur.
Möcüzə isə olmayacaq. Çox qalmayıb. Gözləyək, görək Tramp ümumiyyətlə, Co Baydenin geydirmə dostları ilə nə cür davranacaq, onlarla bağlı hansı siyasəti izləyəcək...
Z.SƏFƏROĞLU
18 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ