Onlayn ictimai-siyasi qəzet
Ermənistan parlamentində “Vətəndaş sazişi” partiyasından deputat olan Sergey Baqratyanın oğlu Şant Baqratyanla bağlı qalmaqallı xəbərlər dolaşır.
Musavat.com xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Dünən Ermənistan Daxili İşlər Nazirliyi “Vətəndaş sazişi” partiyasından olan deputat Sergey Baqratyan və onun oğlunun da iştirak etdiyi Paronyan küçəsindəki insidentlə bağlı üç nəfəri saxlayıb.
Yerli saytların verdiyi xəbərə əsasən, saxlanılanlar arasında deputatın oğlu Şant Baqratyan da olub.
Qeyd olunur ki, “Vətəndaş sazişi” fraksiyasının deputatının oğlu əvvəllər də hüquq-mühafizə orqanlarının diqqət mərkəzinə düşüb, lakin təcrübə göstərir ki, hər dəfə məsuliyyətdən “quru çıxmağı” bacarıb.
Şant Baqratyan 2022-ci ildə baş vermiş hadisədə də kifayət qədər diqqət mərkəzinə düşüb. Lakin həmin vaxt Ermənistan İstintaq Komitəsi deputatın oğlunun adının hallandığı səs-küylü hadisə ilə bağlı cinayət işinə xitam verib.
2022-ci il mayın 15-də Vayotsdzor vilayətində yerləşən yanacaqdoldurma məntəqəsində dava baş verib. 45 yaşlı direktor Vahe Asatryan döyülmüş, hadisənin mərkəzində isə deputat Sergey Baqratyanın oğlu Şant Baqratyan olmuşdu.
Söz-söhbətlərə görə, məsələyə “kim haqlıdır, kim haqsız” mövzusunda “qanuni oğru” kimi tanınan Andranik Soqoyan - “Zap” ləqəbli şəxs də müdaxilə edib. Nəticədə cinayət işi bağlanıb.
Musavat.com
07 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ