Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş naziri Nikol Paşinyan deyib ki, ölkəyə yeni konstitusiya lazımdır.
Musavat.com xəbər verir ki, o, bu barədə yerli televiziya kanallarında yayımlanan müraciəti zamanı danışıb.
“Yeni konstitusiyanın qəbulu böyük əhəmiyyət kəsb edir. Çünki hazırkı konstitusiyanın qəbulu ilə bağlı keçirilən bütün referendumlarda ictimai rəydə ciddi qəbuledilməzlik var. Yeni konstitusiyanın qəbulunun strateji məqsədi - vətəndaşlığı olmayan millətin qalıq fəaliyyətindən dövlət qurucu xalqın fəaliyyətinə keçiddir”, - deyə Paşinyan bildirib.
Bəs bu, Nikol Paşinyanın Ermənistan Konstitusiyasının Azərbaycan üçün qəbuledilməz olan müddəalarının dəyişdirilməsi anlamına gəlirmi?
Yeri gəlmişkən, Ermənistan parlamentinin hakim fraksiyasının rəhbəri Hayk Koncoryan konstitusiyanın dəyişdirilməsinin vacibliyindən danışıb. O bildirib ki, heç bir mətnlə müqəddəs münasibət qurmağa ehtiyac yoxdur.
“Həyat dinamik şəkildə dəyişir və zamanla ayaqlaşa bilməyən xalqlar tarixin kənarında qalmaq riski ilə üz-üzədirlər. Konstitusiya zamana uyğun olmalıdır”, - Koncoryan qeyd edib.
O, Paşinyanın sözlərini təkrarlaraq vurğulayıb ki, Ermənistanın yeni konstitusiyası ideyası sırf daxili məsələdir və rəsmi Bakının şərtlərinin bununla heç bir əlaqəsi yoxdur:
“Yeni konstitusiya ölkəni köhnə dünya nizamının dağılması kontekstində qorumalıdır”.
Siyasi analitik Aqşin Kərimov hesab edir ki, Ermənistanda konstitusiyaya dəyişikliklə bağlı müzakirələrin rəsmi səviyyədə qüvvətlənməsi Prezident İlham Əliyevin diktə etdiyi mövqelərə əsaslanır:
“Məntiqlə, Ermənistanın yeni konstitusiyası Nikol Paşinyan və komandasının ərsəyə gətirəcəyi bir kodeks deyil. Bu, daha çox Prezident İlham Əliyevin yazdığı və diktə etdiyi prinsiplərdir, çünki Ermənistan Azərbaycanın regionda yeni reallıq yarada bilmə gücünün bundan sonra da davam edə biləcəyini istisna etmir. Ermənistan konstitusiya dəyişikliyinə getməzsə, deməli, Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarının hüquqi bazasını saxlamış olacaq. Ana qanuna dəyişikliklə isə həmin baza aradan qalxacaq və bu, Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşmasına maneə olan hüquqi əngəlləri aradan qaldıracaq. Ona görə də Ermənistan bütün bu reallıqları və Azərbaycanın geosiyasi oriyentirinin nə qədər güclü olduğunu başa düşərək, müəyyən mənada İlham Əliyevin tələblərinə boyun əymək məcburiyyətində qalır”.
Analitik bildirib ki, Azərbaycan indi üçün Ermənistanda konstitusiyaya sivil qaydada dəyişiklik edilməsinin tərəfdarıdır:
“Ermənistan buna əməl etməsə, Azərbaycan sərhəddə əlavə əməliyyatlar aparmaqla yeni düzən formalaşdırmağa qadir olduğunu bir daha göstərəcək. Ona görə də Ermənistan Azərbaycanın tələblərinə, şərtlərinə, formalaşdırdığı yeni doktrinaya tabe olmaq zərurətlərini hiss edir. Rəsmi İrəvanın Azərbaycana qarşı geosiyasi dönüş nöqtəsi yarada bilmə potensialı isə yoxdur. Çünki bu dövlət ilk növbədə Rusiyanın, Avropa İttifaqının, ABŞ-nin poliqon mərkəzinə çevrilib. İkinci növbədə, İranın Ermənistanla bağlı ambisiyaları getdikcə genişlənir və rəsmi Tehran daha İrəvanın təhlükəsizlik zəmanəti kimi deyil, İrəvana təhdid yaradan formada çıxış edir. Yəni, hazırda Ermənistanın təhlükəsizliyi İran üçün o qədər də önəm daşımır. Həmçinin Ermənistan İrana qarşı gedə bilmək potensialında deyil və buradan hər hansı siqnal veriləndə Tehran dərhal İrəvana müəyyən xəbərdarlıq mesajları göndərir.
Göründüyü kimi, Ermənistan regionda təklənmiş durumdadır. Bu strateji mənzərə Azərbaycana öz mövqelərini daha da möhkəmləndirməyə və Ermənistana qarşı hüquqi aspektləri genişləndirməyə imkan verir”.
Afaq Mirayiq,
Musavat.com
03 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ