İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyandan "U" dönüşü: İrəvan Moskvanın orbitinə qayıdır? - İki rəy

Ermənistan Rusiya ilə münasibətlərdə geridönüş etmək cəhdlərini artırır. Az əvvəl baş nazir Nikol Paşinyan Bakı ilə İrəvan arasında sülh mətni razılaşdırılarkən Kreml liderinə zəng etmiş, onu bu barədə məlumatlandırmış, 9 May paradında iştirakını da təsdiqləmişdi. İndisə parlamentin spikeri Alen Simonyanın ritorikasında yumşalma hiss olunur. Həmin Simonyandır ki, Rusiyaya ittihamları səsləndirənlər sırasında öndə gedir, bir müddət əvvəl rəsmi Moskvanın sözçüsü Mariya Zaxarova ilə deyişirdi. Parlamentin sədri bu dəfə deyib ki, Rusiya ilə münasibətlərdəki gərginliyi davamlı olaraq saxlaya bilməz, lakin Nikol Paşinyanın dövlət qurumlarına bu ölkə ilə aktiv əlaqələrin bərpasına göstəriş verdiyi ilə bağlı xəbərlər əsassızdır.

Simonyan söyləyib ki, ölkəsinin siyasi vektorunu dəyişməsi ilə bağlı deyilənlər də həqiqətə uyğun deyil: "Ermənistan öz suverenliyi və müstəqilliyini qoruyur. Biz yalnız aldadıldığımızı görəndə fikir bildirir, bununla bağlı məsələ qaldırırıq. Rusiya da daxil olmaqla, hər hansı bir dövlətlə əlaqələrimizə son qoyacağımızı deməmişik. Rusiya ilə münasibətlərdəki gərginliyi davamlı olaraq saxlaya bilmərik”.

A.Simonyan KTMT ilə bağlı danışarkən bildirib ki, bu qurum ilk növbədə özünün mövcud olub-olmadığını dəqiqləşdirməlidir. Lakin bu açıqlamadan görünür ki, Ermənistan Rusiyaya münasibətdə "U" dönüşü etməkdədir. Xüsusən də ABŞ-ın hazırkı iqtidarının Paşinyan kabinetinə Bayden administrasiyası qədər dəstək verməyəcəyini yəqinləşdirib bu dəst-xətti götürməyə başlayıblar. Üstəgəl, Tramp komandası Putin Rusiyası ilə dialoqu bərpa edib, Kreml izqoy vəziyyətindən çıxa bilər və bundan narahat olan Ermənistan hakimiyyəti bəyanatlarında bəzi yumşalmalara getməkdədir.

Doğrudur, İrəvan bu gün Avropa İttifaqına üzvlük layihəsini parlamentin müzakirəsinə çıxarır, lakin Moskva ilə bağlı ritorikanın dəyişdiyini söyləmək lazımdır. Azərbaycanlı siyasətçilərin bununla bağlı mövqeyi nədən ibarətdir? Rusiya-Ermənistan yaxınlaşması mümkündürmü və bunun bizim üçün hər hansı riskləri varmı?

Musavat.com-a danışan Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli Moskva-İrəvan əlaqələrinin bir medalın iki üzü adlandırır.

WhatsApp Image 2025-03-25 at 16.19.56 (1).jpeg (19 KB)

Onun fikrincə, iqtisadi müstəvidə əməkdaşlıq genişlənir, təhlükəsizlik sahəsində problemlər mövcuddur. Partiya rəsmisi hesab edir ki, Ermənistan Rusiyadan birdəfəlik qopa bilməz və təsirləri həmişə qalacaq: "Paşinyan geosiyasi reallıqları dərk edir və bilir ki, Rusiyanı hiddətləndirən sərt qərarlara getmək zamanı deyil. Çünki bu müharibə belə Rusiyanı tamamilə çökdürə bilməyib. Kiçik Ermənistan isə Kremlin ayaqları altında qala bilər. Ona görə də manevr edir. Amma bu münasibətlər dayanıqlı deyil. Yəni bir müddət sonra qarşılıqlı ittihamlar səslənəcək. Paşinyanı müdafiə edən Fransa və Avropa İttifaqı imkan verməz ki, Ermənistan yenə Rusiya ilə əvvəlki qədər yaxınlaşsın".

Milli Cəbhə Partiyasının sədr müavini Ehtiram Mehdiyevin sözlərinə görə, Simonyan təkzib etməyə çalışsa da, Paşinyanın Rusiya ilə əlaqələri bərpa etmək haqda tapşırıq verdiyi görünməkdədir.

WhatsApp Image 2025-03-25 at 16.19.56 (2).jpeg (20 KB)

Onun fikrincə, erməni baş nazirin Rusiya prezidentinə zəngi, Makrondan qabaq Putinə son anlaşma haqda məruzə etməsi çox mətləblərdən xəbər verir: "Paşinyan iş "iki stul"da oturmağı çoxdan öyrənib. Onun üçün istənilən anda dönüş etmək, dünənə qədər ittiham etdiyi Rusiyaya yarınmaq müşkül məsələ deyil. Paşinyan təhlükəni hiss edəndə Rusiya prezidentinə tərəf qaçır. Bu da onun qeyri-sabit xarici siyasət kursundan irəli gəlir. Bununla belə, zaman-zaman İrəvanla Moskva arasında yenə narazılıqlar meydana gələcəyini istisna etmirəm".

Emil SALAMOĞLU,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Mart 2025

25 Mart 2025

BÜTÜN XƏBƏRLƏR