İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyana İranda nə söz verdilər - təhlil

 

İslam ölkəsinin “daha böyük Ermənistan” kimi davranmasının pərdəarxası - iki “qardaşın” narkotik sevdası və...

Ermənistanın baş naziri Nikol Paşinyan Soçi görüşündən dərhal sonra İrana səfər etdi. Bəllidir ki, son 30 ildə İran İslam Respublikası işğalçı, məscidləri tövləyə çevirən Ermənistanı özünün qardaşı hesab edir və bunu siyasətində də açıq şəkildə büruzə verir. İran müsəlman Azərbaycana qarşı soyqırımlar törətmiş, İslam torpaqları hesab olunan əraziləri işğal etmiş Ermənistanı 30 ildən çoxdur bağrına basıb və onu qucağından düşürtmək niyyəti də yox kimidir.

Ermənistanın bütün prezidentlərini mehribanlıqla, sanki özlərindən biri imiş kimi qucaqlayan İran bu dəfə də istisna etmədi -  Paşinyanı da Tehranda qardaşları kimi qarşıladılar. Müsəlman Azərbaycana təhdidlər yağdıran, onu işğalla hədələyən İranın teokratik rejiminin hərəkətləri ermənicədir. Sanki İran bir İslam cümhuriyyəti deyil, bizimlə savaşan Ermənistandan nisbətən böyük Ermənistandır. Öz hərəkətləri ilə Azərbaycanın müsəlman xalqını incidən, özünə nifrət yaradan İran rejimi Paşinyanla təmasları sanki bilə-bilə, düzünə qəsdlə daha da isti göstərməyə çalışdı.

Paşinyan Soçidən bir şey apara bilmədi  -  Azərbaycan Prezidenti buna növbəti dəfə imkan vermədi. Bəs Nikol Tehrandan nə ilə döndü? Onun müsəlman cildindəki qardaşları İrəvana nə verdilər? İran niyə bu qədər ikili standartlara yol verir? Müsəlman İran niyə müsəlman Azərbaycanı deyil, İslam düşməni xristian Ermənistanı sevir?

Sual doğuran başqa bir məqam da var. Diqqət edək -  rəsmi görüşlərdən sonra Ermənistanın baş naziri Nikol Paşinyan İran Prezidenti İbrahim Rəisi ilə birgə mətbuat konfransı keçiriblər. Paşinyan burada deyib ki, İran və Ermənistan arasında hərtərəfli danışıqlar aparılır: “Biz iki ölkə arasında iqtisadi və siyasi əlaqələri və onların gizli imkanlarını araşdırmağın zərurətini vurğuladıq”.

Paşinyan Rəisi ilə görüşdü

Artıq qısa müddətdə, deyəsən, İranda Paşinyanı Tehran siyasətinə uzlaşdırıblar, “gizli imkanları” önə çəkirlər. Axı Tehran siyasətində “gizli imkanlar” tarixi ənənədir.

Sualımız da budur -  bu gizli imkanlar dedikdə, iki ‘’erməni’’ lider nələri nəzərdə tutur? Bəzi təhlilçilərin də iddia etdikləri kimi, söhbət narkotranzitdənmi gedir? Azərbaycanın Qarabağ zəfəri və torpaqları işğaldan azad etməsi ilə bu trafikin zədə alması iddiaları ortalıqdadır. Hətta Paşinyan səfərdə olarkən Azərbaycan mediası bu narkotranzitlə bağlı ciddi araşdırmaları yayınladı. Həmin araşdırmalara görə İranla Ermənistanı birləşdirən həm də böyük narkotik ticarətidir.

İran-Ermənistan münasibətlərinin bunca isti olmasında narkotik vasitələrin milyardlıq dövriyyəsinin nə dərəcədə təsiri var? Məsələ yalnız siyasi amillərləmi tövsif olunur, yoxsa bu cür “gizli’’ amillər də rol oynayırmı?

İran Prezidenti Rəisinin mətbuat konfransındakı açıqlamaları da maraq doğurur. O  deyib ki, Ermənistan baş nazirinin İran İslam Respublikasına səfəri iki ölkənin inkişafında dönüş nöqtəsi olacaq.

Rəisinin sözlərinə görə, qonşuluq siyasəti hökumətin vurğuladığı siyasətlərdən biridir və bu müddət ərzində o, Paşinyanla bir neçə görüş keçirib: “Bu görüşlərdə, xüsusən də bu səfərdə danışıqların əsas mövzusu iki ölkə arasında ticarət-iqtisadi və təhlükəsizlik əlaqələrinin inkişafıdır”. Rəisi İranın Qafqaz regionuna həssas yanaşdığını vurğulayıb. İran Prezidenti Qafqaz regionunda təhlükəsizlik və sülhün ölkəsi üçün çox önəmli olduğunu qeyd edib. Bölgədə sülhü pozan, Qafqazı qana çalxayan Ermənistandır, bunu Rəisi də bilməmiş deyil. Lakin İranın son 30 ildəki rəhbərliyi bir dəfə də İrəvanı suçlayan hərəkət və açıqlama verməyib. Elə İranın özü də Ermənistandan heç bir kriteriya üzrə geri qalmır.

Rəsmi İrəvan guya qərbyönümlü siyasət yürüdür, guya ABŞ və Fransa onun əsas hamisidir, lakin əməldə ABŞ-Qərb düşməni İranla qucaqlaşır, maraqlarını uzlaşdırır. Ermənistanın bu hərəkətlərinə, İran və Rusiya ilə bu qədər mehriban olmasına Qərb, o cümlədən də Vaşinqton niyə dözür? ABŞ-ın, Kollektiv Qərbin sanksiyaları altında olan iki neqativ güclə bu qədər yaxın əməkdaşlıq rəsmi İrəvanı niyə təhdid altına salmır, tam əksinə, Qərb ona daha da yaxın münasibət sərgiləyir?

Oqtay Qasımov: “Bu, bölgədə yenidən gərginliyin yaranmasına gətirib  çıxaracaq”

Oqtay Qasımov

Politoloq Oqtay Qasımov “Yeni Müsavat”a bildirdi ki, İran, ümumiyyətlə, Azərbaycanın qüdrətlənməsindən məmnun deyil və bu dövlətin mövcudluğunu özünün təhlükəsizliyi üçün təhdid hesab edir: “O baxımdan da 30 ildən artıq bir müddətdə Azərbaycana qarşı işğalçı siyasət aparan və Azərbaycan ərazilərini işğal altında saxlayan, işğal altındakı əraziləri Ermənistanla bir yerdə xarabalığa çevirib. Azərbaycanın işğaldakı rayonlarının, kəndlərinin darmadağın edilməsində iştirak edib. İran daim çalışıb ki, Azərbaycan zəif durumda olsun və ondan asılı vəziyyətə düşsün. Odur ki, Tehranın İrana qucaq açması təəccüblü görünməməlidir. Nikol Paşinyanın Soçi görüşündən dərhal sonar Tehrana səfəri gözlənilən səfər idi. 44 günlük müharibədən sonra Ermənistan düşdüyü ağır vəziyyətdən çıxmaq üçün çox müxtəlif variantlara əl atır. İrəvanın həm şimal qonşumuzla, həm cənub qonşumuzla, həm də Qərblə sıx əlaqələrə can atmasının əsas səbəbi bu prosesə daha çox oyunçuları cəlb etmək, Azərbaycana qarşı böyük diplomatik, informasiya savaşı aparmağı qarşısına məqsəd qoymasıdır. Bununla Ermənistan hesab edir ki, daha çox Azərbaycana təzyiq göstərməklə danışıqlar masasında əlverişli imkanlar qazana bilər. Amma son Soçi görüşü də onu göstərdi ki, Ermənistanın bu səyləri gözlədiyi nəticələri vermir. O ki qaldı İranda səsləndirilən gizli məqamlara, əlbəttə, burada İranın Azərbaycana qarşı qəzəbi və hikkəsinin arxasında siyasi və geopolitik maraqlarla bərabər, digər gizli məqamlar da var. Gizli məqamların başında iki əsas məsələ durur. Bunlardan birincisi, 30 il Azərbaycan sərhədlərinin bir hissəsi Ermənistanın nəzarəti altında olanda İran oradan sanksiyalardan kənar keçməklə müxtəlif malların daşınması üçün istifadə edib. Həmin malların sırasında isə birinci narkotik olub. Bu ərazilərdən həm tranzit kimi istifadə olunub, həm də ərazidə narkotik bitkilər əkib becərilib. İndi bu imkanlardan İran və Ermənistan məhrum olub. İkincisi, işğal olunmuş ərazilərdən nüvə tullantılarının daşınması da həyata keçirilib. Əgər 44 günlük savaşdan sonra Azərbaycan Dövlət Sərhəd Xidmətinin yaydığı məlumatların xronolgiyasına diqqət etsək görərik ki, Azərbaycan öz sərhədlərini nəzarət altına alandan sonra İrandan Azərbaycan sərhədləri üzərindən narkotik vasitələrin daşınması cəhdləri hansı həcmdə artıb. Azərbaycan sərhədçiləri İrandan keçirilməsinə cəhd edilən tonlarla narkotik vasitələri müsadirə edib. İran siyasi məsələlərdən başqa həm də bu məsələlərə görə qəzəblidir. Narkotik ticarətindən milyardlarla dollar gəlir əldə edən İranın əlindən bu imkanlar müəyyən qədər çıxdığı üçün İran həm də buna görə qəzəblidir”.

Nikol Paşinyan və İbrahim Rəisi görüşüb - Busaat.az

O.Qasımov hesab edir ki, İranın Zəngəzur dəhlizinin açılmasına qarşı çıxmasının siyasi səbəblərindən əlavə həm də bu məsələnin də rol oynadığı diqqətdən qaçmamalıdır: “Əgər Zəngəzur dəhlizi açılarsa, beynəlxalq nəzarət güclənərsə, o zaman İranın bu ərazidən də narkotik daşınmalarına da nəzarət artacaq. İran həm də bu məsələyə görə Zəngəzur dəhlizinin açılmasına qarşı çıxır. Paşinyanla Rəisinin danışıqlarında bəhs olunan gizli məqamlar həm də bu məsələni özündə ehtiva edir”.

Politoloq qeyd etdi ki, bir-birinə düşmən mövqedə dayanan dövlətlər də erməni məsələsində ortaq bir nöqtədə birləşirlər: “Biz bunu 30 ildən artıqdır görməkdəyik. Bir-birinə düşmən olan ABŞ və İran 1990-cı illərdə də müharibə zamanı Ermənistana dəstək veriblər. İndi də dəstək verirlər. O cümlədən Rusiya ilə ABŞ bir-biri ilə rəqib və düşmən münasibətlərində olsa da erməni məsələsində mövqelərini sanki uzlaşdırırlar. Bunun da səbəblərindən biri bu dövlətlərin Ermənistanı ayaq üstə saxlamaqla Türkiyəyə və Azərbaycana daim problemlər yaratmaq niyyətidir. Bu güclərin hər biri Ermənistandan öz məqsədləri üçün istifadə edirlər. Ermənistan, sadəcə, istifadə olunan alətdir. Qərb buna görə Ermənistanın İranla bu qədər sıx əlaqələrinə göz yumur”. 

Ekspertin fikrincə, Paşinyanın İran hakimiyyəti ilə silah məsələsini də müzakirə etdiyi və Tehrandan bu məsələdə ümidlə ayrıldığı ehtimalı yüksəkdir.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR