Onlayn ictimai-siyasi qəzet
Cənubi Qafqazda geopolitik proseslər qəlizləşməkdə davam edir. Hazırda Ermənistan əsas regional gərginlik mərkəzinə çevrilmiş vəziyyətdədir. Çünki dünya nəhənglərinin maraqları məhz məhz bu balaca ölkə üzərində çarpazlaşıb. Rəsmi İrəvanın xarici siyasət vektorlarını dəyişmək cəhdləri isə Ermənistanı dünya nəhənglərinin çarpaz qarşıdurmasında əsas poliqona çevirib. Və bu, həm də Ermənistanın güclü kənar təzyiqlərin hədəfi vəziyyətində olmasının önəmli səbəblərindən biridir.
Onu da qeyd etmək lazımdır ki, Paşinyan hakimiyyətinin yeni prioritetlər müəyyən etmək planları da artıq iflasa uğramaq üzrədir. Xüsusilə də, erməni toplumunun gələcəyə ümid mənbəyi kimi qəbul etdiyi Brüssel ortaq konfransı da Ermənistan üçün geopolitik zərbə effekti verməyə başlayıb. Hər halda, rəsmi İrəvan nə qədər gizlətməyə çalışsa da, baş nazir Nikol Paşinyanın Brüsseldən demək olar ki, əliboş qayıtması Ermənistan cəmiyyətində ciddi məyusluq doğurub. Və bu baxımdan, Paşinyan hakimiyyəti növbəti dəfə prinsipial seçim qarşısında qalmış kimi görünür.
Məsələ ondadır ki, Paşinyan hakimiyyəti qaçaraq, Rusiyadan uzaqlaşmağa çalışsa da, əslində, Ermənistan Qərbə yaxın da buraxılmayıb. Rəsmi İrəvandan Rusiya ilə daha açıq qarşıdurma tələb olunur. Rusiyadan bütün sahələr üzrə asılı olan Ermənistan isə Kremlin əks həmlələri qarşısında tab gətirəcək resurslardan çox-çox uzaqdır. Ona görə də, Brüssel ortaq konfransından sonra Paşinyan hakimiyyətinin Rusiyaya yönəlik “barışıq mesajları” rəsmi İrəvanın xarici siyasət vektorunun korlanmış “kompas sistemi” üzrə hərəkət etməyə başladığını da biruzə verir.
Digər tərəfdən, rəsmi İrəvanın Fransa və Hindistana olan ümidləri də tədricən məyusluqla əvəzlənməyə doğru yönəlməkdədir. Belə ki, Fransanın Ermənistana verdiyi hərbi texnikanın “konserv qutuları”ndan başqa bir şey olmadığı erməni toplumuna da aydın olmağa başlayıb. Vaxtilə həmin həmin texnikanı Ukrayna Fransadan ödənişsiz belə, qəbul etməmişdi. İndisə, rəsmi Paris bu “metal tullantıları”nı Ermənistana satmağa nail olub. Eyni zamanda, Hindistandan alınmış silah-sursatın da yararsız olduğu artıq Ermənistan cəmiyyətinə bəllidir. Və bu, o deməkdir ki, Ermənistan bütün dünyadan hərbi texnika adı altında “metallalom” satın almaqdadır.
Üstəlik, erməni toplumu, nə qədər inanmaq istəməsə də, Fransanın Ermənistanı müdafiə etmək imkanlarından çox-çox uzaq olması ilə bağlı reallıqla da üz-üzə qalıb. Belə ki, hətta Qərb ekspertləri də Fransanın Ermənistan üçün uğurlu tərəfdaş olmadığını vurğulayırlar. Çünki rəsmi Paris hazırda bütün dünyada nüfuzunu böyük sürətlə itirməyə başlayıb. Makron hakimiyyəti Fransa daxili situasiyaya isə çox çətinliklə nəzarət edir. Və belə vəziyyətdə olan Fransanın Ermənistanı taleyüklü məqamlarda necə müdafiə edə biləcəyi əslində, heç rəsmi Parisin özünə də məlum deyil.
Belə şəraitdə rəsmi İrəvan daha fərqli xarici siyasət kombinasiyaları qurmaq məcburiyyətindədir. Bu baxımdan, Ermənistanın Qazaxıstanla yaxınlaşmaq, qarşılıqlı münasibətləri yeni inkişaf müsatəvisinə çıxartmaq cəhdləri tamamilə başadüşüləndir. Çünki Qazaxıstan Ermənistana bir neçə istiqamət üzrə “nəfəslik” açmaq potensialına malik olan dövlətdir. Və bu, indiki situasiyada Ermənsitan üçün ən cəlbedici tərəfdaşlıq variantı kimi görünür.
Birincisi, Qazaxıstan Ermənistanın KTMT üzrə hərbi müttəfiqidir. Ancaq bu, indiki situasiyada daha çox formal xarakter daşıyır. Çünki rəsmi İrəvan Rusiyadan uzaqlaşmaq siyasəti çərçivəsində KTMT daxilində də öz fəaliyyətini dondurub. Halbuki, hüquqi baxımdan, KTMT üzrə müttəfiqlik hələlik bəzi hallarda aktual manevr predmeti olaraq, qalmaqdadır.
İkincisi, Qazaxıstan da Ermənistan kimi, Rusiya ilə münasibətləri yenidən baxmağa xüsusi həvəs göstərir. Rəsmi Astana da Rusiya asılılığını zəiflətmək üçün müxtəlif, ancaq Ermənistandan fəqrli olaraq, daha ehtiyatlı manevrlər edir. Üstəlik, Qazaxıstan Ermənistanın indiki beynəlxalq himayədarı Fransa ilə müəyyən yaxınlaşma mərhələsindədir. Hər halda, rəsmi Paris Afrikadan qovulmaqda olan Fransanın iqtisadiyyatından həlledici faktor rolunu oynayan uran ehtiyaclarını məhz Qazaxıstandan idxal hesabına ödəmək niyyətindədir.
Təbii ki, Qazaxıstan-Fransa iqtisadi-ticari münasibətləri Ermənistanın rəsmi Astana ilə dil tapa bilməsində önəmli rol oynayır. Eyni zamanda, rəsmi İrəvan Qazaxıstan vasitəsilə Çinlə də münasibətləri inkişaf etdirə biləcəyinə ümid bəsləyir. Çünki Qazaxıstan Çinin Orta Asiyada ən yaxın tərəfdaşları sırasına daxildir. Bu baxımdan, Qazaxıstanla yaxınlaşma Ermənistana “Çin səddi”ni aşmaqda yardımçı ola bilər. Qazaxıstanın Ermənistanla Avrasiya İqtisadi İttifaqında da tərəfdaş olduğunu nəzərə aldıqda, rəsmi Astana Paşinyan hakimiyyətinin hədəflərində böyük önəm daşıyan siyasi-iqtisadi mərkəzə çevrilmək poltensialına malikdir.
Nəhayət, Qazaxıstan Türk Dövlətləri Təşkilatının (TDT) da aparıcı üzvlərindən biridir. Rəsmi Astana Ermənistanın Türk dünyası ilə münasibətlərinin normallaşdırılmasında da önəmli vasitəçi rolunu oynamaq imkanlarına malikdir. Belə ki, Ermənistanın həm Türkiyə, həm də Azərbaycanla olduqca qəliz problemləri mövcuddur. Bu problemlər həll edilmədikcə Azərbaycan və Türkiyə Ermənistana TDT-nın iqtisadi-ticari potensialından faydalanmaq şansı tanımaz. Və bu baxımdan, rəsmi İrəvanın Fransa ilə yaxın münasibətləri olan Qazaxıstan üzərindən hərəkət etməyə çalışması da gələcəyə yönəlik məqsədyönlü manevr təsiri bağışlayır.
Məsələ ondadır ki, rəsmi Astana Azərbaycan və Türkiyə ilə yaxın münasibətlərini bu iki Türk dövlətinin Ermənistanla problemlərinin nizamlanmasına yönəldə bilər. Ona görə də, Paşinyan hakimiyyəti Qazaxıstanın Ermənistan üçün strateji əhəmiyyətini maksimum səviyyədə dəyərləndirməyə çalışır. Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin Ermənistana səfəri çərçivəsində imzalanmış sazişlərin məzmunu da bunu düşünməyə əsas verir. Və bu baxımdan, rəsmi İrəvanın üç önəmli geopolitik vektor üzrə hərəkət etməyə çalışdığını da iddia etmək olar.
Belə anlaşılır ki, ABŞ və Qərbin mövqeyindən məyus olan rəsmi İrəvan Fransanın dostu Qazaxıstanla da yaxınlaşmağa çalışır. Belə bir yaxınlaşma Kremlə “barışıq mesajları”nın verildiyi bir şəraitdə Ermənistanın Rusiyanın orbitinə qayıtmaq üçün yeni məkan açmağa çalışdığı ilə bağlı ehtimallara da inandırıcı görüntülər verir.
Hər halda, rəsmi Astana Rusiya və Ermənistan arasındakı qarşıdurmanı yumşaltmaq üçün vasitəçilik edəcək nüfuza sahibdir. Nəhayət, Qazaxıstan Ermənistanüçün TDT ilə ümidverici əlaqələrin önünü aça biləcək körpü rolunu da oynaya bilər. Və bu məsələdə Ermənistanın Azərbaycan-Türkiyə İttifaqı ilə mövcud olan problemlərini hansı səviyyədə həll edə biləcəyi də böyük önəm daşıyır.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ