İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan MDB Hökumət Başçıları Şurasının Moskva toplantısına getmədi

Sabiq nazir: “Ermənistanın Rusiyadan qopub Qərbə qovuşması nağılının əsas hədəfləri tam aydın görünür”

Moskvada MDB Hökumət Başçıları Şurasının iclası keçirilib. APA-nın Rusiya bürosu xəbər verir ki, iclasda dekabrın 16-dan Rusiya Federasiyasında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov da iştirak edib.

MDB Hökumət Başçıları Şurasının iclası Moskvanın xalq təsərrüfatları nailiyyətləri sərgi mərkəzində keçirilib. Birlik ölkələrinin baş nazirləri iclasdan öncə xalq təsərrüfatı nailiyyətləri sərgi mərkəzində açılan “Rusiya” beynəlxalq sərgi forumu ilə tanışı olublar.

Sərgi forumunda Rusiya regionlarının inkişaf yolu, ölkənin istehsal etdiyi yeni texnologiyaları nümayiş olunub.

Müstəqil Dövlətlər Birliyi Hökumət Başçıları Şurasının iclasında Azərbaycanın baş naziri Əli Əsədov da çıxış edib.

İclas çərçivəsində MDB daxilində əlaqələrin inkişafı, humanitar məsələlər, ötən ilin yekunu və gələcək planlar müzakirə edilib.

Qeyd edək ki, 2023-cü ildə MDB-yə sədrliyi Qırğızıstan Respublikası edib. 2024-cü ildən isə birliyə sədrlik Rusiya Federasiyasına keçir.

Ermənistanın baş naziri Nikol Paşinyan bu dəfə də MDB tədbirinə qatılmayıb. Ermənistanı iclasda baş nazirin müavini Mqer Qriqoryan təmsil edib.

Fikrət Yusifov: Dövlətdən öz zərərlərini bağlamaq üçün dəstək alan hər bir  sahibkar daha dürüst olmağa borcludur - "İki sahil"

Fikrət Yusifov 

Sabiq maliyyə naziri, professor Fikrət Yusifov “Yeni Müsavat”a bildirdi ki, Nikol Paşinyanın Müstəqil Dövlətlər Birliyinin, Avroasiya İqtisadi İttifaqının və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının son tədbirlərinə qatılmaması Ermənistan hökumətinin Moskvaya sərgilədiyi üzdə olan münasibətdir. İlk baxışda belə təsəvvür yaranır ki, Ermənistan bu addımlarla sərhədlərini qoruyan, iqtisadiyyatının 80%-ə qədərinə nəzarət edən, ərazisində bir neçə hərbi baza yerləşdirmiş Rusiyanın caynağından yaxa qurtarmağa çalışır. Əslində Ermənistan hakimiyyətinin bu davranışlarının arxasında başqa mətləblər dayanır: “Ermənilər çox yaxşı başa düşürlər ki, Rusiya Ermənistanı Paşinyan hakimiyyətinin "arzuladığı" kimi asanlıqla tərk etməyəcək. 

Ermənistan Qərbə güvəndiyinin görüntülərini yaradır. İndiki dönəmdə Qərbə güvənmək Ermənistanın bir dövlət kimi varlığının qorunub saxlanması üçün nə qədər etibarlı ola bilər? Bu gün Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə, HƏMAS-İsrail qarşıdurması kimi dünyanın düzənini dəyişməyə qadir olan hadisələrin nə ilə bitəcəyini   öncədən söyləmək mümkün deyil. Nüvə silahına sahib ölkələrin qarşıdurmasına apara biləcək bu hadisələr nə vaxt və necə yekunlaşacaq? Gələn il ABŞ-da prezident seçkiləri keçiriləcək. Bu seçkilərdə davranışları öncədən proqnozlaşdırıla bilməyən Donald Tramtın qalib gəlmək şansları olduqca yüksəkdir. Tramp qalib gələrsə, nələr baş verəcək? Tramp artıq indidən bəyanatlar verir ki, o, prezident seçilərsə, ABŞ Ukraynaya hərbi yardımı dayandıracaq. Belə olacağı təqdirdə qoca qitə Rusiya ilə üz-üzə qalmalı olacaq. Bəlkə elə ABŞ-ın istəyi də budur. Birləşmiş Ştatlara dünyanın ikinci güclü valyutasına sahiblənmiş (avro), getdikcə güclənən və bu məqsədlə daha ciddi təşkilatlanmağa can atan bir Avropa Birliyi nə qədər lazımdır? Ümumiyyətlə, baş verən bu hadisələr fonunda Avropa Birliyinin sonrakı taleyi necə olacaq? İngilislər nədən Avropa Birliyindən çıxdılar? ABŞ-ın dəstəyi olmadan Avropa Birliyi Rusiyanın öhdəsindən gələ biləcəkmi? Suallar çoxdur... 

Unutmayaq ki, Rusiya özünü keçmiş Sovetlər İttifaqının varisi elan etmiş və onun bütün beynəlxalq öhdəliklərini öz üzərinə qəbul etmiş bir ölkədir. Və bütün dünya Rusiyanı Sovetlər İttifaqının rəsmi varisi kimi  tanıyır. Deməli, bu varis Sovetlər İttifaqının vaxtılə qəbul etdiyi yanlış qərarlarda da düzəlişlər etmək haqqına sahibdir. Bu sırada Ermənistanla, onun əraziləri ilə bağlı çoxsaylı yanlış qərarların olduğu isə ortadadır. Bu gün Ermənistan hakimiyyətinin başında dayananlar bu söylənilənləri çox yaxşı bilirlər". 

Sabiq nazir dedi ki, bütün bu səbəblərdən də Ermənistanın indiki çılğınlığının arxasında Azərbaycanla bağlanacaq sülh müqaviləsində bəzi dividentlər əldə etməkdən başqa heç nə dayanmır: “Ermənistan müstəqil dövlət olduğunu sübut etmək istəyir və bu məqsədlə Zəngəzur dəhlizində sərhəd-keçid məntəqəsini qoyub, bu dəhlizə nəzarəti öz üzərinə götürmək kimi maraqlar sərgiləyir. Hesab etmirəm ki, Ermənistanın bundan artığını iddia etməyə cəsarəti çatsın. Rusiyaya qarşı üzdə "aqressiv münasibət" sərgiləyən Ermənistan bu gün səhnə arxasında Rusiyaya hamıdan çox yardım edən bir ölkədir". 

 

Fikrət Yusifov vurğuladı ki, Ermənistan bu gün bir tərəfdən Qərbə doğru yol tutduğunu bəyan edir, digər tərəfdən də Qərbin sanksiyalarını çeynəyərək, Rusiyaya idxalına Ukrayna ilə müharibə səbəbindən qadağa qoyulmuş məhsulları, öz ölkəsinə idxal edib, sonradan onları digər məhsul adları ilə Rusiyaya ixrac edir: “Son iki ildə Ermənistandan Rusiyaya ixracın həcmi 2021-ci illə müqayisədə 2 milyard 606,2 milyon dollar və ya 4,1 dəfə artıb ki, bu da Ermənistanın 2023-cü ildə gözlənilən cəmi ixracının 49,6 faizi, yəni təqribən yarısı deməkdir. Halbuki 2021-ci ildə Ermənistandan Rusiyaya ixrac olunan məhsulların həcmi cəmi 840,7 milyon dollar təşkil edib ki, bu da ümumi ixracın 28 faizinə bərabər olub. 

Bütün bunlar ortada olduğu halda Ermənistanın Rusiyadan qopub Qərbə qovuşması nağılının əsas hədəfləri tam aydın görünür".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR