Onlayn ictimai-siyasi qəzet
Cənubi Qafqazda geopolitik savaşın həlledici mərhələyə keçməkdə olduğu artıq qətiyyən şübhə doğurmur. Regional hərbi-siyasi proseslərin tamamilə fərqli istiqamətlər almaqda olduğu da açıq-aşkar müşahidə edilir. Hər halda, cəmisi bir neçə həftə əvvəl Cənubi Qafqazda ön planda olan geopolitik narrativlərin aktuallığını itirməkdə olduğunu da iddia etmək mümkündür. Və belə vəziyyət yaxın vaxtlarda regional gərginliyin yeni narrativlər yarada biləcəyini sezdirir.
Onu da qeyd etmək lazımdır ki, mövcud situasiyadan ən çox rəsmi İrəvan narahatdır. Çünki son vaxtlara qədər Paşinyan hakimiyyəti Ermənistanın ABŞ, Avropa Birliyi və Fransa tərəfindən ciddi şəkildə dəstəkləndiyinə tamamilə əmin idi. Halbuki, Tramp adminstrasiyasının öz səlahiyyətlərinin icrasına başlamasından sonra bu əminlik yerini qeyri-müəyyənliyə buraxmağa başlayıb. Və rəsmi İrəvanın bu qeyri-müəyyənliyə aydınlıq gətirmək cəhdləri də hələlik boşa çıxmaqda davam edir.
Məsələ ondadır ki, baş nazir Nikol Paşinyan dəvətsiz getdiyi ABŞ səfərindən əliboş dönmək məcburiyyətində qalıb. Üstəlik, Tramp adminstrasiyasının erməni baş nazirə demək olar ki, əhəmiyyət verməməsi Ermənistan siyasi dairələrində narahatlığı ən yüksək həddə çatdırıb. Xüsusilə də, Rusiyadan uzaqlaşıb, Qərbə inteqrasiya siyasəti yürüdən rəsmi İrəvan Ermənistanın təhlükəsizliyinin ciddi təhdid altında buraxıldığını anlamağa başlayıb. Və bu səbəbdən də, Paşinyan hakimiyyəti böyük narahatlıq içində çıxış yolu axtarmağa çalışır.
Təbii ki, ABŞ-ın laqeydliyi şəraitində Avropa Birliyinin Ermənistana etibarlı "təhlükəsizlik çətiri" aça biləcəyinə indi yalnız sadəlövhlər inana bilər. Hazırda Avropa Birliyinin Ermənistana mümkün dəstəyinin "casus müşahidə missiyası"ndan və "növbətçi bəyanatlar"dan uzağa gedə biləcəyi qətiyyən real görünmür. Və bu baxımdan, Paşinyan hakimiyyətinin sülh prosesindən uzaqlaşmaqla, Ermənistanı "geopolitik labirintə" saldığı inkaredilməz reallıqdır.
Ona görə də, indi rəsmi İrəvan tez-tələsik son ümid yeri olan əsas beynəlxalq himayədarı Fransanı sınaqdan keçirmək niyyətinə düşüb. Belə ki, Paşinyan hakimiyyəti üçün Fransanın dəstək bəyanatlarının real təhlükə hallarında hansı səviyyədə əməli effektiv ola biləcəyini dəqiqləşdirmək olduqca vacibdir. Və bu səbəbdən də, baş nazir Nikol Paşinyan uğursuz ABŞ səfərinin ardınca, dərhal Parisə istiqamət almış oldu.
Məsələ ondadır ki, erməni baş nazir Nikol Paşinyan çox güvəndiyi prezident Emmanuel Makronu indiyə qədər dəfələrlə Ermənistana dəvət edib. Ancaq Fransa prezidenti rəsmi İrəvan üçün böyük önəm daşıyan Ermənistan səfəri üçün vaxt tapmayıb. Daha doğrusu, prezident Emmanuel Makron İrəvana səfər üçün vaxt itirməyə həvəs göstərməyib. Və bu önəmli məqam Paşinyan hakimiyyətini Fransanın real dəstək potensialına əminliyini ciddi şəkildə sarsıtmağa başlayıb.
Nə qədər qəribə də olsa, baş nazir Nikol Paşinyan Yelisey sarayında prezident Emmanuel Makron ilə Azərbaycan və Ermənistan arasındakı sülh prosesini müzakirə edib. Halbuki, Fransanın Cənubi Qafqaza heç bir aidiyyatının olmadığını, rəsmi Parisin vasitəçilik missiyasının bloklandığını nəzərə aldıqda, bu, birmənalı şəkildə məntiqsiz görünür. Çünki Fransa ilə ona aid olmayan məsələnin müzakirəsi rəsmi İrəvana heç nə qazandıra bilməz. Və bu, o deməkdir ki, Paşinyan hakimiyyəti Azərbaycanla sülh prosesini Fransa ilə deyil, məhz rəsmi Bakı ilə müzakirə etməlidir.
Eyni zamanda, Fransa Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası prosesində, eləcə də, Cənubi Qafqazda nəqliyyat-kommunikasiya xətlərinin açılması üzrə müzakirələrdə də hər hansı səviyyədə söz sahibi deyil və olmayacaq. Bu baxımdan, erməni baş nazirin Fransa prezidenti ilə belə məsələləri müzakirə etməsi də absurd xarakter daşıyır. Və böyük ehtimalla bu mövzular əslində, Yelisey sarayında müzakirə edilmiş əsas məsələlərin ört-basdır edilməsi məqsədi güdür.
Maraqlıdır ki, Yelisey sarayından sızan məlumatlara görə, baş nazir Nikol Paşinyan fransız həmkarı ilə Cənubi Qafqazda situasiyanın və geopolitik şərtlərin Ermənistanın xeyrinə dəyişdirilməsinə yol aça biləcək planları müzakirə etməyə çalışıb. Erməni baş nazir Cənubi Qafqazda qısamüddətli savaş sayəsində bəzi dəyişikliklərin mümkün ola biləcəyini iddia edib. Ancaq buna nail olmaq üçün yeni qısamüddətli savaşda Fransanın Ermənistanı birbaşa dəstəkləməsinin vacibliyini də vurğulayıb. Və eyham vurub ki, əgər, Fransa Ermənistanı açıq, birbaşa addımlarla dəstəkləsə, Ağ Ev də rəsmi İrəvanla imzaladığı strateji tərəfdaşlıq sazişini icra etmək məcburiyyətində qala bilər.
Göründüyü kimi, Paşinyan hakimiyyəti məkrli plan qurmağa çalışır. Cənubi Qafqazda tez-tələsik qısamüddətli savaşa nail olub, ABŞ və Qərbin dəstəyini yenidən Ermənistanın arxasına çəkə biləcəyinə ümid bəsləyir. Bu məkrli planın reallaşdırılması isə ilk növbədə Fransanın Ermənistana verəcəyi açıq dəstəkdən birbaşa asılıdır. Erməni baş nazirin Fransa prezidentini Cənubi Qafqazda geopolitik proseslərdə iştirak imkanlarının açılması və regional geoiqtisadi layihələrdən pay qazanma şansı ilə şirnikləndirməyə çalışıb. Və bəzi məlumatlara görə, prezident Emmanuel Makronun erməni baş nazirin məkrli planlarını dəstəkləmək ehtimalı kifayət qədər yüksəkdir.
Ona görə də, Cənubi Qafqazda yeni savaşın yaxın vaxtlarda başlaya biləcəyi ehtimal edilir. Çünki rəsmi İrəvanın artıq vaxtı tükənmək üzrədir. Ermənistanın əleyhinə çevrilməkdə olan situasiyanı dəyişmək üçün rəsmi İrəvanın qısamüddətli də olsa, müharibəyə ehtiyacı var. Fransa gələcək mənfəəti üçün bu savaşı dəstəkləməyə hazır olduğunu biruzə verir.
Əgər, ABŞ-ın da bu məkrli planın içinə çəkilməsi mümkün olarsa, Ermənistan həm geopolitik situasiyanı öz xeyrinə dəyişə biləcəyinə, həm də Qərbin uzunmüddətli dəstəyini təmin edəcəyinə ümidlidir. Erməni baş nazir İrəvana döndükdən sonra bu avantürist planı reallaşdırmağa risk edərsə, Cənubi Qafqazda növbəti savaş qaçılmaz ola bilər. Və bu halda, Ermənistan üçün hərbi-siyasi risklərin səviyyəsi ilk növbədə Tramp adminstrasiyasının verəcəyi reaksiya ilə ölçüləcək.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu
11 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ