Onlayn ictimai-siyasi qəzet
Ermənistandakı ən son hadisələrlə bağlı öncə onu demək lazımdır ki, əvvəlcə şimaldan- Rusiyadan açıq-aşkar işarələr gəlmirdi.
Amma bu, çox da çəkmədi. Əvvəlcə dedilər ki, onlar Ermənistanın istənilən hakimiyyətilə işləməyə hazırdılar. Daha sonra bildirdilər ki, Paşinyanın hakimiyyətdə qaldığı hər gün Rusiya üçün təhqirdir!
Düzdür, bu cür bəyanatlar ən müxtəlif adamların dilindən səsləndi və ona görə də birmənalı şəkildə demək çətindir ki, onların hansı Rusiyanın rəsmi mövqeyini daha dolğun və dürüst əks etdirir? Amma bu son günlərdə deyilən bütün bəyanatları və münasibətləri bir yerə cəmləsək bu fikrə gəlmək olardı ki, Moskvanın hətta keşiş Baqratın başlatdığı “etiraz”lardan çox böyük gözləntiləri vardı. Amma biz “etiraz” sözünü dırnaqda yazdıq, ona görə ki, bizə elə gəlir, keşiş Baqratı da, Kremli də ən azı yaxın vaxtlarda çox böyük məyusluq gözləyir, çünki bir az irəli qaçmaq olsa da, siyasi təhlilçilərin böyük əksəriyyəti bu fikirdədir ki, keşişin “hərəkatı” alınmadı və o, əhalini Paşinyana qarşı ayağa qaldıra bilmədi. Ona görə də Baqrat gündən-günə radikallaşır, amma hamı bu fikirdədir ki, bütün bunlar bir isterikadır, keşiş özü də başa düşür ki, artıq uduzub.
Paşinyan Baqratın oyunlarına və “tələblər”inə etinasız yanaşmaqla bu isterikanı bir az da artırır. Bu günlərdə Nikol ölkədə siyasi gərginlik var deyən jurnalistlərə politologiya kitablarını vərəqləməyi məsləhət gördü...
Amma onun Baqrata və keşişin başlatdığı “etiraz”lara qarşı ən böyük etninasızlığı hətta özünün xarici səfərlərini ləğv etməməsində yox, tamam başqa bir şeydə göstərdi: erməni baş naziri bu günlərdə bildirdi ki, Bakı ilə sülh sazişinin demək olar ki, bütün müddəaları razılaşdırılıb və qalıb onun konkret sənədə köçürülməsi. Bəli, Paşinyan Baqratdan və onun başlatdığı etirazlardan ehtiyat etsəydi, belə deməzdi, bu məsələ ilə bağlı açıqlamaları daha əlverişli vaxta saxlayardı. Amma o, belə etmədi və heç nə olmayıb kimi, dedi ki, sülh sazişi yaxın vaxtlarda imzalana bilər.
İndi qalıb hadisələrin inkişafını gözləmək. Proseslər onu deməyə əsas verir ki, Nikol hətta Baqratın “etiraz”larının tamam sönməsini gözləmək fikrində deyil. Siyasi təhlilçilərin böyük əksəriyyəti bu fikirdədir ki, artıq “təhlükə” tamam arxada qalıb və bu günlərdə keşiş yenidən geriyə-özünün “yeparxiya”sına dönməli olacaq. O ki qaldı proseslərin inkişafı üçün zəruri beynəlxalq fona, doğrusu, biz əvvəlcə gözləyirdik ki, ABŞ-da prezident seçkiləri başa çatana qədər ciddi bir şey baş verməyəcəkdir.
Gəl ki, belə olmadı. Bakı və İrəvan öz aralarında, ikilikdə, hər hansı vasitəçi olmadan ilk dörd kəndin məsələsini razılaşdıra bildilər. İndi isə Nikol tamam ciddi şəkildə sülh sazişinin imzalana bilməsindən danışır. Bunun da səbəbləri vardır.
ABŞ da, elə əksər Avropa ölkələri də Bakı ilə İrəvan arasında demarkasiya və delimitasiya işlərinin ilk uğurunu alqışladı və bu, o deməkdir ki, Bayden administrasiyası Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasında maraqlıdır və hətta Paşinyanı buna məcbur etmək üçün çox çalışır.
O ki qaldı qarşıdakı prezident seçkilərinin nəyisə dəyişə bilməsinə, hətta D.Tramp hakimiyyətə gəlsə belə, heç nə dəyişməyəcək, çünki hələ onun da vaxtında Nikola birmənalı şəkildə deyilmişdi ki, ölkəsinin vəziyyətini dəyişmək istəyirsə, qoy, onun regional siyasətini dəyişsin.
Amma o vaxt Nikol hələ də bunun fərqində deyildi, tamam başqa xəyallarda idi. Bu səbəbdən də o vaxt Qərb ona qarşı hələ isti münasibət göstərmədi.
Amma indi vəziyyət dəyişib, Qərb bütün gücü ilə Paşinyanı dəstəkləyir və görünür ki, elə həm də buna görə, Kremlin N.Paşinyanla bağlı bütün cəhdləri hələki boşa çıxır...
05 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ