İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan erməniləri müharibə ilə qorxudur – Ermənistan ətrafında çənbər daralır

ABŞ-Rusiya münasibətlərinin xarakterindən asılı olmayaraq, 2025-ci ilin Ermənistan üçün taleyüklü olacağı şübhəsizdir. Çünki məhz bu il belə bir suala böyük ölçüdə aydınlıq gəlməlidir: Ermənistan, onun xalqı, nəhayət, daşı ətəyindən töküb qonşu Azərbaycan və Türkiyə ilə barışmaq, dinc-yanaşı yaşamaq istəyirmi?

Əgər cavab müsbət olacaqsa, onda baş nazir Nikol Paşinyanın “real Ermənistan”ının reallaşması yönündə ciddi addımların şahidi olacağıq. Öncəliklə isə rəsmi Bakının tələb elədiyi konstitusiya dəyişikliyi üçün referenduma gediləcək, nəticə də pozitiv olacaq.

Dəfələrlə yazdığımız kimi, Azərbaycan Paşinyanla yox, Ermənistanla sülh müqaviləsi imzalamağı hədəfləyib. Yəni uzaq zamanlar üçün. Bunun kənarında sülhlə bağlı hər hansı danışıq və ya müzakirə səmərəli ola bilməz. Ona görə ki, tələb-şərtlərin başında Ermənistanın “Əsas Qanunu”nu beynəlxalq hüquqa uyğunlaşdırmaq gəlir. Odur ki, erməni rəsmilər üçün “konstruktivlik” ritorikasından əmələ keçmək vaxtı çatıb...

Yeri gəlmişkən, dünən Hindistanda rəsmi səfərdə olan Ermənistan XİN başçısı Ararat Mirzəyan yenə də Azərbaycandan gileylənib. Guya Bakı sülh müqaviləsini imzalamaqdan yayınır, hətta “Ermənistanın suverenliyinə təhdid yaradır”. Mirzəyan eyni zamanda, beynəlxalq hüquq normalarından dəm vurub.

Hələ də qonşu dövlətin torpaqlara rəsmən göz dikən bir ölkənin öz sərhədlərinə, suverenliyinə başqasından hörmət tələb eləməsi əlbəttə ki, absurd olmaqla yanaşı, siyasi riyakarlıqdır. Ondansa İrəvan təcili “atı arabanın arxasından açıb qabağına qoşmaq” barədə düşünsün. Vaxt gedir...

Bu xüsusda erməni mediasında bəzi diqqətçəkən xəbərlər gedib. Məsələn, “Hraparak” qəzeti özünün hakim fraksiyadakı mənbələrə istinadən belə bir iddia irəli sürüb: “Martın 7-də Nikol Paşinyan “Mülki Müqavilə” partiyasının üzvləri ilə qapalı görüş keçirib və onlara Bakının tələbləri yerinə yetirilməyəcəyi təqdirdə ictimaiyyəti yeni müharibənin qaçılmazlığına fəal şəkildə inandırmağı tapşırıb”.

Nəşrin yazdığına görə, görüşdə Paşinyan bildirib ki, sülh proses onların istədikləri istiqamətdə inkişaf etmir: “Azərbaycan Prezidenti İlham Əliyev nə iddialardan, nə də dəhliz tələbindən əl çəkir və Ermənistan bundan imtina edəcəyi təqdirdə müharibə qaçılmaz olacaq”.

Qəzet ardınca qeyd edib ki, son həftələr “Mülki Müqavilə”nin üzvləri bu məqsədlə Sünik (Qərbi Zəngəzur – red.) bölgəsinə fəal səfərlər edirlər. “O sırada iqtisadiyyat naziri Gevorq Papoyan ötən həftə iki dəfə bölgədə olub və partiya yoldaşlarına Sünik sakinlərini müharibə təhlükəsi ilə qorxutmağı tapşırıb”, - qəzet vurğulayıb.

“Mülki müqavilə”nin deputatlarından biri isə nəşrə bildirib ki, baş nazirlə bu mövzuda gözlənilməz müzakirəyə səbəb Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsi Yeqişe Kirakosyanın istefası olub. Qəzet yazır ki, Paşinyan öz komandası daxilində mümkün narazılığın qarşısını almağa çalışıb, çünki Kirakosyanın gedişi əsasən onun Ermənistanın beynəlxalq məhkəmələrdən Bakıya qarşı iddialarını geri götürməsi ilə razılaşmaması ilə bağlı olub...

Məlumdur ki, baş nazir Kirakosyanı Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsi vəzifəsindən martın 6-da azad edib. Kirakosyanın özü getməsinin səbəbini açıqlamayıb və gedişini daha çox akademik fəaliyyətə diqqət yönəltmək istəyi ilə izah edib.

Bu qəbil gəlişmələr nəyin xəbərçisidir? İrəvan həqiqətənmi Bakının haqlı tələb-şərtlərini yerinə yetirməyə başlayıb?

Cavabı yəqin ki, yaxın həftələrdə biləcəyik. Gerçək belədir ki, kapitulyant ölkənin ətrafında çənbər getdikcə daralır. Ondan qurtulmaq isə müstəsna olaraq, Ermənistanın rəhbərliyinin və xalqının problemidir. O ki qaldı Paşinyan komandasının öz xalqını müharibə ilə qorxutmasına, böyük sülh naminə belə psixoloji vasitələr də məqbul sayıla bilər...

Analitik xidmət,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Mart 2025

12 Mart 2025

BÜTÜN XƏBƏRLƏR