Onlayn ictimai-siyasi qəzet
Cənubi Qafqazda “erməni problemi” artıq böyük ölçüdə həll olunmuş kimi görünür. Çünki dünya nəhəngləri üçün “erməni faktoru” hazırda bu regiona nüfuz etmə cəhdlərində elə bir ciddi fayda qazandırmır. Ermənistanın Azərbaycan ərazisindəki “terror qurumu” artıq mövcud deyil. Ona görə də, ABŞ, Avropa Birliyi, Fransa və Rusiya Cənubi Qafqazın şəriksiz geopolitik iradə sahibi olan Azərbaycana qarşı əsas təzyiq mexanizmini itiriblər. Və rəsmi Bakının geopoltik iradəsi indi bu regionda gedən prosesləri birbaşa idarə etdiyindən kənar güclərin maraqları da hazırda olduqca ciddi problemlərlə üzləşməkdədir.
Ona görə də, dünya nəhəngləri Cənubi Qafqazdakı strateji maraqlarını reallaşdırmaq üçün süni yaradılmış “erməni faktoru”nu bir kənara buraxıb, məhz Azərbaycanla anlaşmağın yollarını axtarmaq məcburiyyətində qalıblar. Rəsmi Bakıya hər hansı istiqamətdən təzyiq cəhdlərinin heç bir nəticə vermədiyi də artıq sübuta yetirilmiş reallıqdır. Halbuki, ABŞ və Qərb hələ də “erməni faktoru”na olan ümidlərini itirməyiblər. Və ona görə də, israrla Ermənistana dəstək manipulyasiyasını davam etdirməyə həvəsli görünürlər.
Ancaq buna baxmayaraq, Ermənistanın siyasi elitasında “erməni faktoru”na ümidlər tükənmək üzrədir. Belə ki, Paşinyan hakimiyyəti və onun ətrafında olan siyasi dairələrdə Cənubi Qafqazda daha “erməni problemi”nin aradan qaldırılmaq üzrə olduğunu artıq tədricən anlamağa başlayıblar. Bu baxımdan, Paşinyan hakimiyyəti erməni toplumuna bundan sonra Ermənistanın Cənubi Qafqaz probleminin olacağını anlatmağa cəhd göstərirlər. Və ona görə də, Paşinyan hakimiyyətinin gündəmə gətirdiyi son siyasi tezislər onilliklər boyu ön planda saxlanılmış erməni ideoloji narrativlərinə tamamilə ziddir.
Məsələ ondadır ki, baş nazir Nikol Paşinyan açıq mətnlə qondarma “erməni soyqırımı” mövzusuna artıq fərqli məzmunda yanaşmağın vaxtının çatdığını vurğulayır. Onun fikrincə, qondarma “erməni soyqırımı” ilə bağlı iddialar və müzakirələr hazırda Ermənistanın mövcudluğunu belə, təhdid edən əsas problemlərdən birinə çevrilməyə başlayıb. Və erməni baş nazir bu qondarma məsələyə indi daha məntiqlə yanaşmaq olduqca vacibdir.
Maraqlıdır ki, baş nazir Nikol Paşinyan 1939-cu ilə qədər qondarma “erməni soyqırımı” ilə bağlı hər hansı mövzunun olmadığını açıq şəkildə etiraf edir. Ardıncasa, bu mövzunun necə və kimlərin tərəfindən beynəlxalq gündəmə gətirildiyinə diqqət etməyin vacibliyini vurğulayır. Onun qondarma “erməni soyqırımı” ilə bağlı iddiaların ötən əsrin 50-ci illərindən sonra daha intensiv şəkildə gündəmə gətirildiyini dilə gətirməsi də böyük maraq doğurur.
Belə anlaşılır ki, erməni baş nazir bunu söyləməklə, ilk növbədə keçmiş SSRİ-nin timsalında Rusiyanı hədəfə almış olur. Çünki həmin dövrdə məhz sovet kəşfiyyatı yeni yaradılmış NATO-nun sıralarında olan SSRİ-yə qonşu Türkiyənin beynəlxalq məkanda hədəfə çıxarılmasında birbaşa maraqlıydı. Sovet kəşfiyyatı bu qondarma məsələsinə bəzi Qərb ölkələri, o cümlədən də, Türkiyə düşməni olan Yunanıstan və Fransa üzərindən beynəlxalq müzakirəyə çıxartmağa nail olmuşdu. Bu baxımdan, erməni baş nazirin bu uydurma mövzunun necə və kimlər tərəfindən gündəmə gətirildiyinə eyham vurduğunu, ilk növbədə Rusiyanın manipulyasiya etdiyini demək istədiyi anlaşılır.
Baş nazir Nikol Paşinyanın erməni toplumuna təqdim etdiyi digər önəmli tezis isə “real Ermənistan” məsələsidir. Belə ki, erməni baş nazir real Ermənistanın yalnız və yalnız keçmiş SSRİ dönəmində müəyyən olunmuş sərhədlər daxilində mövcudluğunun mümkünlüyünü qabardır. Eyni zamanda, həmin sərhədlərdən kənarda hər hansı qonşu ölkənin ərazilərinə iddia olunmasının Ermənistanın mövcudluğunu təhdid edə biləcəyini vurğulayır. Və bununla baş nazir Nikol Paşinyan “böyük Ermənistan” ideyasının olduqca təhlükəli iddialar olduğunu erməni toplumuna anlatmağa çalışır.
Təbii ki, erməni baş nazirin bu iki mövzuya yönəlik fərqli yanaşma tərzinin kifayət qədər ciddi səbəblər mövcuddur. Belə ki, Ermənistan hazırda blokada şəraitində olan uydurma dövlətdir. Ermənistanın mövcudluğu üçün qonşu Azərbaycan və Türkiyə ilə münasibətlərin qurulması taleyüklü məsələyə çevrilməkdədir. Hər halda, Azərbaycan və Türkiyə ilə iqtisadi-ticari münasibətlər qurulmadan, nəqliyyat-kommunikasiya xətləri açılmadan Ermənistanın uzun müddət mövcud blokada şəraitinə duruş gətirməsi, xüsusilə də, inkişaf şansı qazanması real deyil. Və bu səbəbdən də, Paşinyan hakimiyyəti Ermənistanın iki ən önəmli qonşusu ilə əsas problemlərin həllinə cəhd göstərir.
Rəsmi İrəvanın buna nail olması üçün isə Azərbaycanla yekun sülh sazişini imzalaması, eyni zamanda, qondarma “erməni soyqırımı” ilə bağlı iddialardan imtina etməsi vacibdir. Üstəlik, rəsmi İrəvan Ermənistanın qonşu ölkələrə, xüsusilə də, Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının olmadığını da hüquqi müstəvidə birmənalı şəkilkdə təsdiqləmək məcburiyyətindədir. Əks halda, nə Azərbaycan, nə Türkiyə konstitusiyasında ərazi iddiaları yer alan, qondarma “erməni soyqırımı” ilə bağlı uydurmaları gündəmdə saxlayan Ermənistanı gücləndirəcək addımların atılmasına qətiyyən imkan verməz.
Ancaq Paşinyan hakimiyyətinin erməni toplumunu “xəyallar aləmi”ndən uzaqlaşdırıb, Ermənistanı daha təhlükəsiz inkişaf mərhələsinə keçirmək cəhdləri ciddi daxili müqavimətlə üzləşməkdədir. Belə ki, erməni müxalifəti Paşinyan hakimiyyətinin münasibətləri normallaşdırmağa cəhd etdiyi Azərbaycan və Türkiyəni Ermənistanın mövcudluğu üçün ən real təhlükə hesab edir. Və Paşinyan hakimiyyətinin qonşu ölkələrlə normal münasibətlər planını Ermənistanın intiharı kimi dəyərləndirir.
Göründüyü kimi, erməni toplumu hazırda onilliklər boyu süni şəkildə yaratdığı problemlərlə üz-üzə qalmağa başlayıb. Ermənilərin ənənəvi siyasi-ideoloji hədəfləri indi bumeranq effekti verərək, Cənubi Qafqazda mövcudluğu qəlizləşməkdə olan Ermənistanın əleyhinə çevrilməkdədir. Ona görə də, hazırda erməni toplumu mövcudluq və ya yox olma variantları arasında seçim üzərində kəskin ziddiyyətlər və qarşıdurma yaşayır. Və bu səbəbdən də, indi regionda “erməni problemi”ndən daha çox Ermənistanın Cənubi Qafqaz problemi barədə danışmaq məntiqli görünür.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu
30 Yanvar 2025
29 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ