Onlayn ictimai-siyasi qəzet
“Ermənistan Fransanın təhriki ilə Cermux (İstisu-red.) istiqamətində Azərbaycan hərbçilərinin mövqelərinə hücum edib yüksəkliklərə nəzarəti geri qaytarmaq istəyərsə, bunun Ermənistan üçün ağır nəticələri olacaq”.
Musavat.com-un məlumatına görə, politoloq Elxan Şahinoğlu bunu Ermənistanın İstisu istiqamətindən gözlənilən təxribatları barədə şərhində bildirib. Ekspert bu təxribatın rəsmi İrəvana baha başa gələcəyini vurğulayıb: “Birincisi, Azərbaycan ordusu həmin yüksəkliklərin qarşı tərəfin nəzarətinə keçməməsi üçün qarşı tərəfə dağıdıcı zərbələr endirəcək, pilotsuz uçuş aparatları yenidən işə düşəcək. İkincisi, 8 kəndimizlə bağlı danışıqları davam etdirməyə ehtiyac qalmayacaq, ordumuzun həmin kəndlərə daxil olmasına əngəl qalmayacaq. Üçüncüsü, Ermənistanın Qərbi Zəngəzuru itirmək təhlükəsi artacaq”.
E.Şahinoğlu düşmənin qabaqcadan informasiya təxribatına əl atacağına da şübhə etmir: “Aydındır ki, Ermənistanın təxribat planı varsa, bundan əvvəl İrəvan dostları ilə birgə Azərbaycana qarşı dezinformasiya mexanizmini işə salacaq. Yəni təxribat günü xəbər yayacaqlar ki, guya birinci atəş açan Azərbaycan hərbçiləri olub və erməni hərbçiləri bu səbəblə “ərazilərini” geri qaytarmağa çalışıblar. Bu dezinformasiya Ermənistana və onun havadarlarına ona görə lazım olacaq ki, beynəlxalq aləmdə Azərbaycana qarşı sanksiya tətbiqini həyata keçirə bilsinlər”. Politoloq qeyd edib ki, strateji yüksəkliklərin geri qaytarılması Ermənistan üçün həyati əhəmiyyət daşıyır: “Çünki Azərbaycan ordusu həmin yüksəkliklərdən Ermənistanın şəhərlərinə, hava limanlarına və yollarına nəzarət edir. Bu, Ermənistan hökumətini və generallarını ciddi narahat edir. Onlar bu haqda açıq danışmasalar da, bilirlər ki, Azərbaycan danışıqlar yolu ilə həmin yüksəklikləri geri qaytarmayacaq. Baş nazir Nikol Paşinyan buna görə sülh sazişinin imzalanmasını yubadır. Çünki sülh sazişi də həmin yüksəkliklərin Ermənistana təhvil verilməsini təmin etməyəcək. Ancaq Nikol Paşinyan onu da anlamalıdır ki, yüksəklikləri geri qaytarmaq avantyurası ona və ölkəsinə baha başa gələcək, Paris və Azərbaycana qarşı mümkün sanksiyalar onu xilas edə bilməyəcək”.
Musavat.com
28 Noyabr 2024
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ