Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Ermənistanın Aİ-yə qoşulmaq niyyətini “Titanik”ə bilet almaqla müqayisə etməsi açıq hədədir ki, bizsiz batacaqsınız; analitik: “Moskva xəyanəti bağışlamayacaq”
Ermənistanın Avrointeqrasiya xətti götürməsi Rusiya ilə münasibətlərdə böhranı getdikcə dərinləşdirir. Avrasiya İqtisadi Birliyinin üzvü olan Ermənistanın Aİ-yə qoşulmaq niyyəti sözsüz ki, Moskvada birmənalı şəkildə hiddətlə qarşılanır. Gürcüstandan sonra Cənubi Qafqazda Ermənistanın da belə bir həvəsə düşməsi Rusiyanın regionda maraqlarına xidmət etmir.
Az əvvəl Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramının da bərpa edilməsi haqda istəyin ortaya qoyulması yenidən bölgədə daşları yerindən tərpətməyə başlayıb. Bunun ardınca Ermənistan hökumətinin başçısı Nikol Paşinyanın AB-yə üzvlük niyyətini bildirməsi Moskvadan dərhal reaksiyaya səbəb oldu. “Ermənistanın Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə əlaqələri bitdikdə, ölkədə enerji və ərzaq qiymətləri artacaq”. “Yeni Müsavat” xatırladır ki, bu sözləri ötən həftə Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib. Onun sözlərinə görə, Ermənistan mallarının ixracı isə 70-80 faiz azalacaq. “Beləliklə, sadə insanlar gəlirlərini, iş yerlərini itirəcək və vacib hesab olunan ehtiyacları üçün daha çox pul ödəməli olacaqlar. Bunun müqabilində onlar çox güman ki, "vizasız" siyasət əldə edəcəklər. Bu da Ermənistan əhalisinin azalmasına səbəb olacaq. Getdikcə aydın olur ki, Aİİ-yə üzvlük imtiyazdır və Avropa İttifaqının üzləşdiyi iqtisadi və sosial problemləri nəzərə alsaq, Aİ-yə daxil olmağı “Titanik”ə bilet almaqla müqayisə etmək olar", - Overçuk İrəvanın vəziyyətini belə şərh edib, hətta təhdid xarakterli mesaj yollayıb da demək olar. Overçuk Ermənistanın Avropa İttifaqına qoşulmasına dair qanun layihəsinin müzakirəsinə başlamasını onun Aİİ-dən çıxmasının başlanğıcı kimi qiymətləndirildiyini açıqlayıb. Amma “Titanik”ə bilet almaqla müqayisəsi İrəvana açıq hədədir ki, bizsiz batacaqsınız...
“Avrasiya İqtisadi İttifaqından çıxmaq hazırda Ermənistan hökumətinin gündəmində deyil”. Bunu isə yanvarın 13-də iqtisadiyyat naziri Gevork Papoyan deyib. Nazirin bu açıqlaması o demək deyil ki, Ermənistan Aİ-yə üzvlüklə bağlı qanun layihəsini təsdiqləməyəcək. Lakin İrəvanın Aİİ üzvü olması onun AB-yə qoşulmaq imkanlarını məhdudlaşdırır. İlk növbədə bu təşkilatı tərk etməlidir ki, sonra onu Aİ-yə qəbul etsinlər. Ermənistan iqtisadiyyatı isə həm Rusiya, həm Aİİ-dən böyük divident götürür, asılılığı var. Üstəlik, AB tezliklə Ermənistan üçün vizasız rejim tətbiq etməz. Gürcüstan, Moldova və Ukrayna uzun illər bunun uğrunda dəridən-qabıqdan çıxıblar, özü də hansı ağır itkilərin, qurbanların hesabına. Ermənistan isə Rusiya üçün kiçik loxmadır və onu daha rahat şəkildə cəzalandıra bilər. Hərgah, Fransa və ABŞ bu ölkədə möhkəmlənməkdədir.
Azad Məsiyev
Siyasi ekspert Azad Məsiyevin “Yeni Müsavat”a bildirdiyinə görə, Paşinyanı hakimiyyətə gətirən qüvvələr onun qarşısında qoyduqları öhdəliklərin icrasını tələb edirlər: “Bu tələblər Rusiyanın Ermənistan üzərində təsirlərini azaltmaqdır. Biz bunu Ermənistanın KTMT-ni boykot etməsində görməkdəyik. Halbuki rəsmi şəkildə blokdan çıxmayıb. Eləcə də Avrasiya İqtisadi Birliyinin üzvü olaraq qalmaqdadır. Lakin bu istiqamətdə də addımlarını atmaqdadır və qanun layihəsini müzakirəyə çıxarırlar. Rusiya isə Ermənistanın bütün bu xəyanətlərini bağışlamayacaq. Çünki Ermənistanı yaradan çar Rusiyasıdır, sonrakı dövrdə formalaşmasına da Rusiya dəstək olub”. Siyasi ekspert hesab edir ki, əvvəllər Moskva İrəvana xəbərdarlıq edirdisə, indi açıq şəkildə Ermənistana ismarışlar göndərilir: “Ermənistan iqtisadi və hərbi cəhətdən Rusiyadan asılıdır. Ona görə də belə asanlıqla Moskvadan uzaqlaşması mümkün olmayacaq. Ümumiyyətlə, Rusiya Ermənistanın xəyanətini bağışlayan deyil”.
Ramiyə Məmmədova
Siyasi təhlilçi Ramiyə Məmmədova Paşinyan hakimiyyətinin ikiüzlü siyasət yürütdüyünü düşünür: “Ermənistan Rusiyaya sanksiyalardan yayınmağa kömək edir və bu ölkə ilə ticarət dövriyyəsi 12 milyard dollara çatdırılır. Eyni zamanda Avrasiya İqtisadi Birliyinin yubiley toplantısında Ermənistana 100 milyon yardım ayrılmışdı. Bu dəstək İrəvanı tumarlamaq məqsədi güdürdü. Bütün hallarda, edilən yaxşılıqlara baxmayaraq, Paşinyan "Soros uşağı" olaraq Rusiyaya hər dəfə arxa çevirməkdədir. Yəni ondan asılı deyil ki, Moskva ilə yaxınlaşsın. Ancaq bu siyasət riyakardır və Ukrayna böhranından çıxan Rusiya Ermənistanla haqq-hesab çürüdəcək". Ekspertin fikrincə, Overçukun dili ilə növbəti dəfə Paşinyan administrasiyasına xəbərdarlıq olunub: “Ermənistan hakimiyyəti hesab edir ki, "Titanik" əslində Rusiyanın yanında olmaqdır. Ona görə Qərbdəki tərəfdaşları ona sürətlə batan gəmidən uzaqlaşmağı tövsiyə edirlər. Lakin Ermənistanın Avropa qapıları bir halda açıla bilər - Zəngəzur dəhlizinin işə düşməsi, Azərbaycanla yekun sülh sənədi və bundan irəli gələrək Türkiyə ilə quru sərhədlərin açılması. Bundan kənarda Ermənistanı nicat gözləyə bilməz. Demək istəyirəm ki, hazırkı vəziyyətdə Ermənistan iqtidarı özü bata bilər. Çünki getdikcə küncə sıxılacaq və təzyiqlər artacaq".
Avrasiya İqtisadi Birliyi 29 may, 2014-cü ildə Belarus, Qazaxıstan və Rusiya tərəfindən imzalanmış müqavilə ilə qurulan siyasi və iqtisadi təşkilatdır. Ermənistanı da Avrasiya İqtisadi Birliyinə daxil edən müqavilə 9 oktyabr 2014-cü ildə imzalanıb. Birliyin fəaliyyəti rəsmi olaraq 1 yanvar 2015-ci ildə başlayıb. Rəsmi sənədlərdə birliyin qısaldılmış adı Aİİ olaraq keçir. İlkin mərhələdə isə sadəcə Avrasiya ittifaqı adlanırdı. O zaman Rusiya tərəfi, yeni inteqrasiya institutu çərçivəsində siyasi əhəmiyyət daşıyacaq hansısa milli, Avrasiya təşkilatı yaratmaq haqqında tərəddüd edirdi. MDB azad ticarət zonası (Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Özbəkistan, Ukrayna) iştirakçı dövlətlər arasında, bir neçə istisnalar olmaqla, azad ticarət təklif edirdi. İnteqrasiyanın əvvəlki mərhələlərindən fərqli olaraq, Aİİ mümkün ən güclü iqtisadi inteqrasiya olan ümumi ticarət, pul və büdcə siyasəti yaratmaq məqsədi daşıyır.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
14 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ