Onlayn ictimai-siyasi qəzet
“Nikol Paşinyanı Bakıya dəvət etmək olar”. Bunu parlamentin komitə sədri Zahid Oruc Milli Məclisin bugünkü iclasında çıxışı zamanı deyib.
Söhbət yəqin ki, noyabrda Bakıda baş tutacaq “COP-29” qlobal miqyaslı tədbirdən gedir. Ehtimal etmək olar ki, bu, yalnızca deputatın təklifi deyil, həm də hakimiyyətin yuxarı eşelonunda mövcud olan istəkdir.
Niyə də olmasın. Təxminən bir il qabaq Türkiyədə Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak edən Ermənistan baş naziri rəsmi dəvət olarsa, yəqin ki, Bakıya da gələr. İki xalqın düşmənçiliyi əbədi sürən deyil ki? Bir gün sonlanmalıdır, ya yox? Üstəlik, aradakı kin-küdurət xeyli dərəcədə erməniləri qızışdıran və aranı qarışdıran xarici havadarlarla bağlıdırsa...
“Ermənistan Türkiyə və Azərbaycanla düşmənçiliyin sona çatmasına nail olmalıdır”.
Bunu da bu gün İrəvanda Paşinyan söyləyib.
“Regiondakı vəziyyətlə bağlı bizim mövqeyimiz belədir: İran və Gürcüstanla əlaqələrin dərinləşməsi, Türkiyə və Azərbaycanla düşmənçiliyi idarə etmək, onu səngitmək və bitirmək”, - baş nazir mətbuat konfransında bildirib.
Məntiqli və normal. Qalır, nəhayət, sözdən əmələ keçmək və revanşist-radikallara, təxribatçı keşiş-meşişlərə sarı boylanmadan, onlara məhəl qoymadan daha inamlı, daha cəsarətli və ardıcıl addımlar atmaq...
Bir dəfə yazmışdıq, nə bilmək olar, bəlkə nə vaxtsa Avropa İttifaqındakı kimi, üç Güney Qafqaz ölkəsi arasında da sərhədlər simvolik hala gələcək, ortaq valyuta tətbiq ediləcək? Bundan ötrü isə ən əvvəl Azərbaycan və Ermənistan rəhbərlərinin xoş məramı və siyasi iradəsi gərəkdir.
Biz tərəfdən problem yox. Əks halda, 44 günlük müharibə bitən kimi Bakı İrəvana barışıq ırəli uzatmaz, 5 prinsip əsasında sülh sənədi imzalamağı təklif eləməzdi.
Təbii ki, sülh müqaviləsi üçün liderlərin öz ölkəsində legitimliyi, yəni xalqın əksəriyyətinin dəstəyinə malik olması da mühümdür. Nə yaxşı ki, bu sarıdan da İlham Əliyevin və Nikol Paşinyanın hansısa problemi yox. Demək, sıra siyasi iradənindir. Bu da ən çox Paşinyan hökumətinə aiddir...
Sözsüz ki, böyük sülh yönündə İrəvanın istənilən addımını Bakı müsbət mənada cavabsız qoymayacaq. Onu da unutmayaq “COP-29” tədbirinin Bakıda kelçirilməsinə Ermənistan da razılıq verib. O zaman niyə ardı gəlməsin? İllah da bu, ikitərəfli formatda, vasitəçilərsiz danışıqları bir az da geridönməz edəcəksə.
Əlbəttə, könül istərdi ki, Paşinyan Bakıya səfər edənədək Azərbaycan və Ermənistan yeni müharibəni həmişəlik istisna edəcək hansısa çərçivə sənədi imzalayaydı. Yeri gəlmişkən, Azərbaycan Prezidenti COP29-dək bunu tamamilə mümkün sayır. Hərgah, sülh müqaviləsinin az sonra reallaşması da mümkündür. Əsas odur o, uzunömürlü olsun və imzalanması ləngisə belə, tərəflər arasında etimad mühiti bütün hallarda güclənməyə davam eləsin.
Bu isə əfsuslar olsun ki, təkcə Ermənistandan yox, onu gərginlikdə saxlayan bəzi xarici dövlətlərdən də asılıdır. Hərçənd “nə qədər mamaça olsa da güc doğana düşər” deyiblər...
Qısası, əsas söz sahibi Nikol və onun komandası olaraq qalır. Qoy o, iki xalqın gözlədiyi addımı çəkinmədən atsın, sülh sənədini imzalasın. Dünya da görsün ki, kim(lər) bölgədə həqiqi barışıq və əməkdaşlığın tərəfdarıdır, kim(lər) isə riyakarlıq və siyasi boşboğazlıqla məşğul olub “sülh qatarı”nın yoluna şpallar düzməkdədir.
Yəni dost-düşmənlərin sərfini dəqiqləşdirəcək test məsələsi...
Z.SƏFƏROĞLU
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ