İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan 13 sentyabr təxribatının anonsunu Vladivostokda vermişdi - sülhə yenə böyük təhlükə

Ermənistanın xain planının arxasındakı məkrli niyyət - düşmən ölkə bu dəfə də imzasının arxasından qaçdı; polkovnik: “Baş verənlərə görə Ermənistandan daha çox, ona havadarlıq edənlər məsuliyyət daşıyır”

Terrorçu Ermənistanın rəhbərliyi nə sözünə, nə imzasına sadiq olmadığını növbəti dəfə bütün dünyaya nümayiş etdirmiş oldu. Azərbaycan ərazilərini 30 il işğal altında saxlayan, hər dəfə danışıqların və kövrək anlaşmaların alt-üst olmasına gətirib çıxaran rəsmi İrəvan sərhəd boyunca təxribatlar törətməklə gözlənilən sülh anlaşmasına maraqlı olmadığını rəsmən təsdiqlədi.

Brüsseldə sülh prosesini irəli aparmaq üçün iki ölkə xarici işlər nazirlərinin görüşməsinə razılıq verən Ermənistan sentyabrın 13-nə keçən gecə sərhəddə növbəti təxribatlara hazırlaşdıqları barədə hələ ötən həftə Vladivostokda erməni icmasının nümayəndələri ilə görüşdə anons vermişdi. Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyadakı erməni diaspor təşkilatlarının nümayəndələri ilə görüşdə də bir sıra yeni bəyanatlar vermişdi ki, bu da sülh prosesinə daban-dabana zidd idi. “Onlar deyirlər ki, Dağlıq Qarabağ problemi həll olunub və müzakirə etməyə bir şey qalmayıb. Bizim və beynəlxalq ictimaiyyətin aşkar mövqeyi isə Bakının mövqeyi ilə üst-üstə düşmür. Xüsusilə Rusiya Azərbaycanın mövqeyini bölüşmür”. Paşinyan Zəngəzur dəhlizinin açılması mövzusunda iddia etmişdi ki, demarkasiya və delimitasiya prosesi ilə bağlı təhdidlər var. “Azərbaycan beynəlxalq meydanlarda Ermənistana qarşı hər hansı ərazi iddiasının olmadığını deyir. Ancaq onlar "Şərqi Zəngəzur" terminindən istifadə edirlər, bu isə “Qərbi Zəngəzur”un mövcudluğu deməkdir. Bütün bunlarda gizli məna var. Azərbaycanda belə bəyanatlar səsləndirilir ki, hansısa ildəki xəritə təsdiqləyir ki, Zəngəzur Ermənistana qanunsuz olaraq verilib və yaxud hansısa yaşayış məntəqəsi qanunsuz olaraq Ermənistana verilib. Bu, destruktiv yanaşmadır, amma bu özü də Azərbaycanın ambisiyasını və daxili təhdidini göstərir" - erməni baş nazir daha sonra iddia etmişdi.

İlham Əliyevlə Nikol Paşinyan razılaşdı: Zəngəzur dəhlizi boyunca dəmir  yolu xətti çəkiləcək - Oxu.az

Beləliklə, Paşinyan Brüsseldə razılaşdırılan Zəngəzur dəhlizi ilə bağlı vədinə növbəti dəfə xilaf çıxmışdı. O, birmənalı deyib ki, Ermənistan hakimiyyəti heç kimə ölkə ərazisindən dəhliz verməyəcək: “Kommunikasiyaların açılması Ermənistan və Zəngəzur bölgəsi üçün heç bir təhlükə yaratmır, əksinə, təhlükəsizlik və sabitliyə əlavə təminatlar gətirəcək. Azərbaycan tərəfinin nitqində  bəzən müəyyən təhlükələrdən xəbər verən ifadələr  yer alır. Məsələn, dəhlizdən danışırlar. Mən açıq şəkildə bildirmək istəyirəm ki, biz heç kimə Ermənistan ərazisindən dəhliz verməyəcəyik”. Elə sentyabrın 13-də keçirilən parlament iclasındakı çıxışında da N.Paşinyan bənzər təxribatçı mövqedən çıxış edib. “Azərbaycan Qarabağın Azərbaycan Respublikasının daxili işi olduğunu əsas gətirərək, Ermənistanla Qarabağ məsələsini müzakirə etməkdən imtina edir” - Paşinyan deyib. Bildirib ki, rəsmi Bakı Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımağı tələb edir. Elementar dünyagörüşə və biliyə malik olmaq kifayət edər ki, Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu anlayasan. Üstəlik, kapitulyasiyaya imza atmış sınıq-salxaq bir ölkənin, onun miskin rəhbərliyinin indiki bərbad durumda da Qarabağa dil uzatması anormallıqdır, amma Paşinyan bu anormallığa gedir. Ermənistan rəhbərliyi hətta indiki şərtlər daxilində Qarabağı Azərbaycanın daxili işi, ayrılmaz hissəsi kimi tanımaq istəməməklə faktiki olaraq sülhdən imtina etdiyini ortaya qoyur. Xatırladaq ki, bir neçə gün əvvəl Paşinyan ilin sonunadək sülh anlaşmasının imzalana biləcəyini anons etmişdi. Son təxribatçı mövqelər isə Paşinyanın əsl sifətini göstərdi. Təkcə bu da deyil. Paşinyan iddia edib ki, danışıqlarda Azərbaycan Nüvədidən İrəvanadək əraziləri tələb edir. Əslində Azərbaycanın tarixi torpaqlarını Ermənistandan tələb etmək hüququ var və bu, faktlara əsaslanır. 1918-ci ilin mayında İrəvanın, 1929-cu ildə isə Nüvədi kəndinin Ermənistana verildiyi tarixi faktdır. Azərbaycan dövlətinin başçısı Qarabağa iddia irəli sürən ermənilərə və onların havadarlarına daim xatırladır ki, Göyçə, Zəngəzur, İrəvan Azərbaycana məxsusdur. Bu torpaqların sahiblərinin öz yurdlarına qayıdacağını bəyan edən dövlət başçımız hər dəfə Ermənistanı Azərbaycana qarşı iddialarına son qoymağa çağırıb, əks təqdirdə, cavabın sərt olacağını xatırladıb. Amma Ermənistanın 13 sentyabr gecəsi əl atdığı genişmiqyaslı təxribatlar bu ölkənin, onun rəhbərliyinin hələ də ötənlərdən dərs çıxarmadığını sübuta yetirdi. Əslində bu təxribat gözlənilirdi, çünki Brüssel görüşündən sonra elə bir gün olmadı ki, Ermənistan ordusu Laçın, Kəlbəcər, Gədəbəy və digər rayonlarımızı atəşə tutmasın. Ermənistanın sərhəddə hər gün atəşkəsi pozmasına görə  sentyabrın 10-da Mərkəzi Komanda Məntəqəsində müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə də İrəvanda təşviş  doğurmuşdu. Müşavirədə Azərbaycan-Ermənistan dövlət sərhədində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazidə əməliyyat şəraiti və mövcud vəziyyət geniş təhlil edilmişdi.  

Ermənistan silahlı qüvvələrinin son dövrdə Kəlbəcər və Laçın rayonları istiqamətlərində ordumuzun mövqelərini intensiv atəşə tutması nəticəsində yarana biləcək gərginliyi xüsusi vurğulayan müdafiə naziri istənilən təxribatın qarşısının dərhal və qətiyyətlə alınmasına daim hazır olmağı əmr etmişdi.

Müdafiə nazirinin “Dərhal vurulsun!” kimi anlaşılan əmri Ermənistanda ciddi panika yaratmışdı. “Yeni gözlənilməz dəyişikliklər mümkündür”- bunu parlamentin “Şərəfim var” fraksiyasının deputatı Tiqran Abramyan yazmışdı. Deputat Andranik Tevanyan isə “Ukraynadakı hərbi əməliyyatlar birbaşa Ermənistan və Qarabağa təsir edəcək. Azərbaycan və Türkiyə Ukrayna hadisələrini diqqətlə izləyir və hazırlaşır. Hücuma hazırlaşırlar. Hansı istiqamətdə deməyə ehtiyac var..? Bəs Ermənistanda nə edirlər? Ermənistanda daha çox faciəvi qeyri-ciddilik, cinayətkar hərəkətsizlik və qeyri-adekvatlıq hökm sürür” - deyə, deputat bildirmişdi.

Ceyhun Məmmədov - YouTube

 Ceyhun Məmmədov 

Deputat Ceyhun Məmmədov “Yeni Müsavat”a bildirdi ki,  Paşinyanın Rusiyada verdiyi açıqlamalar Ermənistanın sülh müqaviləsini imzalamaqda maraqlı olmadığını, əsas hədəfin münaqişəni uzatmaq, Azərbaycan Ermənistan sərhədində gərginliyi davam etdirmək olduğunu göstərir: “Azərbaycan həm Rusiyanın, həm də Avropa İttifaqının vasitəçiliyi ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir. Bəs Ermənistan nə edir? Brüsseldə üzərinə müəyyən öhdəliklər götürür, bir sıra məsələlərin həlli ilə bağı tərəflərin görüşünün keçirilməsinə razılaşır, Ermənistana qayıtdıqdan sonra orduya sərhəddə təxribatlar törətmək barədə göstəriş verir. Ermənistan bu təxribatlara son qoymalıdır! Digər vacib məqam Azərbaycanın mövqeyinin dəqiqliyi və konkretliyidir. Ermənistan isə bir-birinə zidd açıqlamalar verir, addımlar atır”.

N.Paşinyanın Azərbaycanın ərazi tələbi ilə bağlı səsləndirdiyi iddialara gəldikdə, C.Məmmədov qeyd etdi ki, tarixdən hamıya məlum olduğu kimi, bu ərazilər Azərbaycana aiddir: “Hazırda Azərbaycan ərazi iddiası ilə çıxış etmir, yalnız dəhliz istəyir. Paşinyan nə istəyir? İstəyir ki, ermənilər Azərbaycanın çəkdiyi alternativ yolla əllərini-qollarını sallayıb, Qarabağa getsinlər, azərbaycanlılar isə Naxçıvana rahat gedib-gələ bilməsinlər? Bu, qeyri-mümkündür. Ermənistan tərəfi onu da bilməlidir ki, bu açıqlamalar və təxribatlar keçmiş münaqişənin tənzimlənməsinə töhfə vermir. Əksinə, bu, ölkəni daha da ağır duruma salır. Reallıq budur ki, Ermənistan itirə-itirə gedir”. Deputat qeyd etdi ki, sentyabrın 12-də törədilən təxribata Azərbaycanın sərt reaksiyası Ermənistana növbəti mesaj və xəbərdarlıq xarakteri daşıyır: “Ermənistan bu xəbərdarlıqlardan ciddi nəticə çıxarmalıdır! Azərbaycanı haqqı yolundan heç bir təxribat, hansısa təzyiq cəhdi çəkindirə bilməz, Ermənistan bunu anlamalıdır! Həm 44 günlük müharibə, həm də son hadisələrin xronikası da bu fikri bir daha təsdiq edir”.

Üzeyir Cəfərov hərbi xidmətə qayıtdı - "İki sahil"

Üzeyir Cəfərov 

Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov bildirdi ki, Ermənistan növbəti dəfə sülhə necə “hazır olduğunu” bütün dünyaya nümayiş etdirdi: “Ermənistanın hələ də bir sıra dövlətlərin əlində biabırcasına maşa rolunu oynadığını hamı gördü və görür. Baş verənlərin cavabı isə çox sadədir. Bu, qondarma ölkənin siyasi-hərbi rəhbərliyi heç bir halda sözünə və əməlinə sadiq olmayıb və olmayacaq. Ermənistanı idarə edənlər çox rahatlıqla həm imzalarına, həm də sözlərinə xilaf çıxmağı bacarırlar. Bu, artıq neçənci dəfədir baş verir. Guya regionda sülh və əmin-amanlığın olmasında sözdə hazır olduğunu bəyan edən erməni siyasətçiləri, başda Paşinyan olmaqla, bilərəkdən və məqsədyönlü şəkildə aranı qarışdırıb, günahsız mülki və hərbçi insanların həyatını cəhənnəmə çevirir”. Hərbçi ekspert hesab edir ki, 44 günlük zəfər savaşımızın növbəti ildönümü yaxınlaşdıqca, onlar daha da azğınlaşacaqlar, təxribatlarının sayını artıracaqlar: “Ona görə bu "yara"nı birdəfəlik sağaltmaqdan ötrü biz Azərbaycan olaraq sərt və qəti addımlar atmalıyıq. Ermənistanın hansısa xülyalarına həm imkan verməməliyik, həm də məsələnin uzanmasına şərait yaratmamalıyıq. Vaxt keçdikcə, Ermənistan rəhbərliyi sözsüz ki, havadarlarının təhriki ilə yeni cəfəngiyyatları ortalığa atır və onların qeyri-real olduğunu bilsə də, yenə təxribatlarla, bəzi siyasi hoqqabazlıqlarla öz fəaliyyətlərini davam etdirirlər. Bu isə qətiyyən dözülməz və yolverilməzdir!" Ü.Cəfərov hesab edir ki, baş verənlərə görə, Ermənistandan daha çox, ona havadarlıq edənlər məsuliyyət daşıyır: “Gecə saatlarında Paşinyanın zəng edib, guya şikayətləndiyi şəxslərdir baş verənlərin arxasında duran qüvvələr. Ona görə də bu məsələ uzanmamalıdır. Nə qədər tez bu məsələ öz həllini tapacaq, bir o qədər insan itkisinin və infrasturkturun məhv olmasının qarşısı alınacaq”.

Budur, növbəti dəfə Azərbaycana qarşı təzyiq rıçaqları işə salınıb, özü də bir-birinə qənim kəsilən bütün qüvvələr az qala eyni mövqedən çıxış edirlər. Məsələn, Qərbin düşməni İran Ermənistanın sərhədlərini “qırmızı xətt” elan edib, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı keçirdiyi iclasında Azərbaycan-Ermənistan sərhədində gərginliklə bağlı bəyanat yayıb. Ürəyində həmsədrlik “yanğısı” qalmış Fransa isə tez-tələsik BMT Təhlükəsizlik Şurasının iclasını çağırıb. Ermənistanı özünə “bacı” sayan Makronun ölkəsi 30 il ərzində icra olunmayan BMT TŞ-nin 4 qətnaməsinə görə bir dəfə də olsun analoji təşəbbüslə çıxış etməmişdi... N.Paşinyanın yenidən Azərbaycana dil uzatmasının səbəbkarı məhz bunlardır. Amma Azərbaycan da tək deyil, Şuşa Bəyannaməsini imzaladığı, təhlükəsizliyinə təminat aldığı qardaş Türkiyə var. Artıq Türkiyə rəhbərliyi “Azərbaycanın yanındayıq” xəbərdarlığını edib...

Elşad PAŞASOY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR