Onlayn ictimai-siyasi qəzet
O, heç vaxt hərbçi olmaq arzusuna düşməyib, nə uşaqlıq illərində, nə də yeniyetməlik dövründə. Sonralar İona Yakir öz gündəliyində də bu haqda qeydlər aparıb:
“Mən hərb adamı deyildim, bunu yaxşı anlayırdım. Təhsil alıb atam kimi əczaçı olacaqdım. Amma hərbi sahədə qarşımda elə şanslar yarandı ki, mən bunlardan imtina edə bilmədim və yetərincə də uğurlar qazandım...”
İona Yakir həqiqətən də qısa müddət ərzində SSRİ-nin nüfuzlu hərbçilərindən biri kimi tanınıb. Amma bu uğurun sonu onun həyat faciəsi ilə bitib.
1986-cı ildə Kişinyovda anadan olan Yakirin atası bir neçə aptekin sahibi olduğundan ailə zəngin yaşayıb. Yakir birinci ali təhsilini İsveçrədə alıb. Həmin dövrdə İsveçrənin Bazel universitetində təhsil almaq hər adam üçün əlcatan olmayıb. Xarkov Texnologiya İnstutunda isə o, ikinci ali təhsilə yiyələnib.
1917-ci il inqilabından sonra İona Yakir bolşeviklər partiyasına üzv yazılıb. Bu üzvlükdən sonra onu hərbi fəaliyyətə cəlb ediblər. Artıq 1920-ci ildə Yakir divizya komissarı vəzifəsində xidmət edib.
Məhz həmin ərəfələrdə, 1918-1920-ci illərdə Yakir bir neçə dəfə Leninlə görüşüb. Lenin Yakirin xidmətlərini yüksək qiymətləndirib. Elə Stalinlə tanışlığı da həmin illərdən başlanıb.
Savadsızlığın hökm sürdüyü 1930-cu illərdə Yakirin aldığı ali təhsil onun hərbi karyerasında mühüm rol oynayıb. Yakir vəzifə pillələrini sürətlə qalxıb. Bununla yanaşı o, Kremldə Stalinin ən yaxın silahdaşlarından biri olan Lazar Kaqanoviçin himayədarlığından da yararlanıb.
1935-ci ildə Yakir Kiyev Hərbi dairəsinə, 1937-ci ildə isə şəxsi heyətin sayına görə ən böyük hərbi dairələrdən biri olan Leninqrad Hərbi dairəsinə komandan təyin edilib.
Yakir 1930-cu illərdən başlayan Stalinin “təmizlik” işlərində və repressiyaların həyata keçirilməsində böyük fəallıq göstərib. Bəzi hallarda o, birbaşa Stalindən aldığı tapşırıqları yerinə yetirib. Araşdırmaçıların qənaətinə görə Stalin yalnız özünə yaxın adamlara şəxsi tapşırıqlarını həvalə edib və bu baxımdan da Yakir də birincinin ən etibarlı adamlarından biri sayılıb.
1-ci ranq komandarm (sonralar təsis olunan rütbələrə görə ordu generalı) rütbəsini daşıyan Yakirin qısa müddət ərzində SSRİ Müdafiə Komissatlığında (nazirliyində) ən yüksək vəzifələrdən birinə gətiriləcəyi gözlənilib. Amma 1937-ci ilin may ayında Yakir marşal Tuxaçevski ilə gizli sövdələşmələrdə, hərbi çevriliş etmək cəhdində, vətənə xəyanətdə ittiham olunaraq həbs edilib.
Yakir onu nə gözlədiyini yaxşı anlayıb. Buna baxmayaraq, o, Stalinə və müdafiə komissarı Kliment Voroşilova məktub ünvanlayıb. Məktubda bu sətirlər öz əksini tapıb:
“Mən partiyaya, dövlətə, xalqıma həmişə sədaqətli olmuşam. Mən hər bir sözümdə və ifadəmdə düzgünlüyə və haqqa söykənmişəm. Bu gün də, məni hansı aqibət gözlədiyi bu dəqiqələrdə də sizə, yoldaş Stalin, dövlətimizə, partiyamıza, xalqımıza məhəbbət hisslərimi ifadə edirəm. Mən kommunizmin tam qələbəsinə inanıram, mən Kommunist Partiyasının böyük gələcəyinə inanıram...”
Məktub Kremlin kargüzarlığında qeydiyyata salındıqdan sonra Stalinə verilib. O, məktubu oxuduqdan sonra dərkənar qoyub: “Bizim sıralarımızda əclaflara yer yoxdur...”
Stalin təklif edib ki, Lazar Kaqanoviç də məktuba münasibət bildirsin. O, yaxşı bilib ki, Yakirlə Kaqanoviçin arasında yaxın münasibətlər olub. Kaqanoviçi birincinin kabinetinə dəvət ediblər. O, heç nə demədən məktuba dərkənar qoyub: “Əclaflar...”
Stalin onun qeydini oxuduqdan sonra soruşub:
Yoldaş Kaqanoviç, bir şəxsə niyə cəm şəkilçisi ilə müraciət edirsiniz? Belə çıxır ki, aramızda belələri hələ çoxdur?
Bəli, yoldaş Stalin.
Yaxşı ki, gec də olsa anlamısınız bunu. Bu haqda gərək 5-10 il əvvəl düşünəydiniz, Yakiri pillə-pillə yuxarı qaldıranda...
Beləliklə, bu məktub Hərbi Kollegiyanın hökmü üçün əsas sayılıb və Yakir 11 iyun 1937-ci ildə, 40 yaşında güllələnib.
İona Yakir yalnız 20 ildən sonra, 1957-ci ildə (ölümündən sonra) bəraət alıb.
İlham Cəmiloğlu, Musavat.com
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ