Onlayn ictimai-siyasi qəzet
Yeni Amnistiya Aktı da daxil, vacib təkliflər irəli sürüldü
Fevralın 3-də Milli Məclisin yaz sessiyasının ilk plenar iclası spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirildi. Dövlət Himninin oxunmasından sonra parlament sədri giriş nitqi ilə çıxış etdi. Spiker payız sessiyasının yekunları, İtaliyaya səfəri, deputatların yanvar ayındakı beynəlxalq fəaliyyəti, həmçinin yaz sessiyasında müzakirə ediləcək mühüm məsələlər barədə danışdı.
Komitə sədri Siyavuş Novruzov yanvarın 29-da baş tutan bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının qələbə qazandığını və bunun YAP-ın növbəti uğuru olduğunu bildirdi. Dedi ki, Azərbaycanda azad, ədalətli, demokratik seçkilər keçirilməklə yeni bələdiyyələr formalaşdı: “Onlar bundan sonra da öz fəaliyyətlərini davam etdirəcəklər. Bələdiyyələr azad seçki nəticəsində formalaşıb”.
Deputat Vüqar Bayramov bildirdi ki, artıq Azərbaycanda yeni sosial paketin icrasına start verilib. Onun sözlərinə görə, Prezident tərəfindən imzalanan sənədlər ölkəmizdə əhalinin sosial təminatının daha da gücləndirilməsinin prioritetliyini və dövlət başçısının siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipinin dayandığını bir daha təsdiq edir. V.Bayramov qeyd etdi ki, 3 milyon vətəndaşımızı əhatə edəcək yeni sosial paket 1 milyon 100 min vətəndaşımızın pensiyalarında, minimum əməkhaqqı məbləğinin yüksəldilməsi nəticəsində 700 mindən çox vətəndaşımızın maaşlarında, eləcə də sosial müavinət və təqaüdlərdə artımları reallaşdıracaq. Deputatın sözlərinə görə, fevral ayından etibarən minimum pensiya məbləği 14.3 faiz artırılaraq 320 manata çatdırılıb: “Bu, orta və median pensiya məbləğlərində artımlara xüsusi töhfə verəcək. Sosial paket yalnız maaş və pensiya deyil, eləcə də sosial müavinət və təqaüdlərdə də artımı özündə ehtiva edəcək. Növbəti mərhələdə sosial müavinət və artımlarla bağlı da qərarlar veriləcək”.
Deputat əlavə edib ki, ölkə Prezidenti tərəfindən sosial müavinətlər və təqaüdlərin artırılması ilə bağlı Nazirlər Kabinetinə tapşırıq verilib.
Deputat Elman Nəsirov dedi ki, Ermənistan sülhdən danışsa da, ən azı 2027-ci il fevralın 19-na qədər sülh müqaviləsinin imzalanmasını yubatmaq istəyir. O xatırlatdı ki, Brüsseldə Avropa İttifaqı ölkələrinin səfirlərinin toplantısında 2027-ci ilin fevral ayının 19-na qədər Aİ-nin Ermənistandakı mülki missiyasının müddəti uzadılıb: “Heç kimə sirr deyil ki, bu, mülki missiya deyil, casus şəbəkəsidir və oradakılar diplomat deyil, kəşfiyyatçıdır. Niyə onlar Aİ-nin mülki missiyası adlanmalıdır?” E.Nəsirov vurğuladı ki, missiyaya Kanada nümayəndələri də daxildir və belə olan halda bu qrupu Aİ-nin missiyası adlandırmaq olmaz: “Kanada NATO ölkəsidir. Onda gərək biz də deyək ki, Aİ-də NATO missiyasından söhbət gedir. Yəqin ki, perspektivdə mülki-hərbi, sonra isə hərbi missiyaya çevrilməsi istisna deyil”.
Deputat Ceyhun Məmmədov bildirdi ki, bu gün bütün dünyada olduğu kimi Azərbaycan gənci xarici qüvvələrin əsas hədəfidir: “Ulu öndərin gənclər siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyev gənclərə xüsusi diqqət və qayğı göstərir. Bu gün qətiyyətlə deyə bilərik ki, ölkə gəncləri Prezident İlham Əliyevin uğurla apardığı daxili və xarici kursu dəstəkləyir, bu siyasətin icrasında daim onun yanındadır. Vətən müharibəsi zamanı ön cəbhədə döyüşən qəhrəmanların əksəriyyəti gənclər idi. Bu onu göstərir ki, gənclərimiz öz xalqına, öz vətəninə daim bağlıdır”.
C.Məmmədov qeyd etdi ki, gənclərimiz heç nədən qorxmadan ağır döyüşlərdə iştirak etdilər və bu sınaqdan üzüağ çıxaraq Prezidentin “Dəmir yumruğ”u ətrafında sıx birləşdilər: “Heç şübhəsiz ki, hər bir ölkənin gələcəyi onun gənclərinin inkişafından çox asılıdır. Bütün dövrlərdə gəncliyin mənəvi və fiziki sağlamlığı cəmiyyət üçün önəmli olub”.
Deputat Hikmət Babaoğlu çox vacib bir mövzudan bəhs etdi. Bildirdi ki, Ermənistan XİN rəhbəri qərbi azərbaycanlılara guya kompensasiya ödənildiyini iddia edir, amma bunların heç bir əsası yoxdur: “Ermənistan xarici işlər nazirinin bu açıqlaması həm həqiqətin, həm də rəqəmlərin təhrifidir. Birincisi, Ararat Mirzoyanın dediyi kimi, 170 min deyil, 300 min azərbaycanlı etnik təmizləmə siyasətinə məruz qalıb. İkincisi, verilən kompensasiya azərbaycanlıların evləri üçün verilən kompensasiya deyil. Çünki 1988-ci il dekabr ayının 7-də Spitak şəhərində zəlzələ baş verdi. 1988-ci ildə müstəqil Ermənistan Respublikası yox idi. Həmin vaxt zəlzələ baş verən ərazidə yaşayan azərbaycanlılara evlərinin təmir edilməsi üçün SSRİ büdcəsindən müəyyən kompensasiyalar verildi. Amma o ödənilən kompensasiya xərcləndikdən, evlər təmir edildikdən sonra həmin evlər ermənilər tərəfindən mənimsənildi və azərbaycanlıların mülkiyyət hüququ tapdandı”.
H.Babaoğlu qərbi azərbaycanlılara vurulan zərərin ödənilməsini zəruri hesab edir və Ermənistanın bu məsələ ilə bağlı da addımlar atmasını zəruri sayır.
Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov amnistiya təklifi ilə çıxış edərək dedi ki, bu gün ölkəmizdə Amnistiya Aktına ehtiyac var: “Ümummilli liderdən başlayaraq, Azərbaycanda 13 amnistiya aktı və 70-dən artıq əfv sərəncamı qəbul olunub. Ən böyük Amnistiya Aktı Birinci Vitse-prezidentimiz hələ deputat olarkən onun təşəbbüsü ilə qəbul edilmişdi və 5 min insan azadlığa qovuşmuşdu. Parlament yenə təşəbbüs göstərib, Müstəqillik Günümüzə qədər belə bir Amnistiya Aktını işləyib hazırlaya bilər”.
S.Novruzov qeyd etdi ki, əfv sərəncamları olur, amma Amnistiya Aktının əhatə dairəsi daha genişdir: “Xüsusilə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşən, sonradan səhvə yol verən insanlar var ki, indi həbsdədir. Amnistiya Aktının qəbulu həmin şəxsləri də sevindirər”.
Komitə sədri Musa Quliyev "Reklam haqqında" qanuna dəyişiklik edilməsi təklifini irəli sürdü. Bildirdi ki, tibbi xidmətdə nələri reklam etmək olar, nəyi yox, bu, müəyyənləşməlidir. Deputat bildirdi ki, bütün dünyada həkimi şəxs olaraq reklam etmək qadağandır: “Bizdə də qadağan olunmalıdır”.
Deputat Azay Quliyev yaz sessiyasının qanunvericilik fəaliyyət planına təkliflərini səsləndirərkən diqqəti süni intellekt haqqında qanunun qəbulu zərurətinə yönəltdi.
“Ölkədə vətəndaşların yaşadıqları evlərin, torpaqların sənədləşmə ilə bağlı ciddi problemlər var və bu hər zaman gündəmdədir. Ölkə prezidenti tərəfindən də məsələnin həlli ilə bağlı sərəncam da imzalanıb. Doğurdan da məsələnin həll olunmamasının ciddi obyektiv səbəblər var. Amma bu məsələdə daha sürətli, məsləhətli və məşvərətli işin aparılması mümkündür”. Bunu isə deputat Razi Nurullayev söylədi.
İclasda “Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarıldı. Layihə barədə Hüquq siyasət və dövlət quruculuğu komitəsinin sədr müavini Elşən Musayev məlumat verdi. Bildirdi ki, Azərbaycan mediası, mətbuatı hər zaman, ələlxüsus da ən həssas məqamlarda dövlətin və dövlətçiliyin yanında qərarlaşıb. Eyni zamanda Azərbaycan jurnalistikası, Azərbaycan jurnalistləri əksəriyyət etibarilə peşəkarlardan ibarətdir və öz işlərini ləyaqətlə görürlər".
Ardınca deputat bunları qeyd edib: “Amma bir də başqa qütbdə qərarlaşan cinayətkar qruplaşmalar var ki, onlar da medianın, mətbuatın adını mənimsəməyə, daha dəqiq desəm, öz çıxarları üçün həmin addan istifadə etməyə çalışırlar. Adlarını da çəkə bilərəm: "AzadlıqRadiosu", “Azadlıq” qəzeti, “Meydan TV”, “Toplum TV”, “Azad söz” və sair bu kimi platformalar. Bax, belələrinin Azərbaycan mətbuatına qətiyyən aidiyyəti yoxdur və bir daha təkrar edirəm: onlar cinayətkar ünsürlərdən ibarət yığma komandadır, media adı ilə ortalığa buraxılsalar da elə ilk öncə media adının özünü gözdən, nüfuzdan salmağa yönəlik projelərdir, xaricdən maliyyələşən və tezisləşən qurumlardır və nəhayət, erməni əlinə oynayan, Fransa dəyirmanına su tökən naxələflərdir".
E.Musayevin sözlərinə görə, İmişli hadisələri də həmin media orqanlarının gerçək simasını ortaya çıxartdı: “Həmin hadisələr zamanı da bu ünsürlərin sərgilədiyi destruktiv fəaliyyət, mövzunun siyasiləşdirilmə və kontekstdən çıxarılma cəhdi bir daha göstərdi və sübut etdi ki, onlar heç vaxt düzəlməyəcəklər, onlar heç zaman adam olmayacaqlar, onlar xarici dairələrdən idarə olunurlar, eyni şəbəkəyə aiddirlər və həmin şəbəkənin adı da, soyadı da, eni də, uzunu da, boyu da, qət etdikləri yolun trayektoriyası da, radiusu da hər birimizə gün kimi aydındır”.
Müzakirələrdən sonra qanun layihəsi təsdiqləndi.
Milli Məclis Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasının müddətinin 2026-cı il yanvarın 1-dək uzadılmasına dair qanun layihəsini də qəbul etdi. Bununla bağlı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanuna təklif edilən dəyişikliklər müzakirəyə çıxarıldı. Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti əvvəlcə 2025-ci il yanvarın 1-dək nəzərdə tutulmuşdu.
Elşad PAŞASOY,
“Yeni Müsavat”
04 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ