Onlayn ictimai-siyasi qəzet
27 fevralda Milli Məclisin növbəti plenar iclası keçirildi. Spiker Sahibə Qafarova giriş çıxışında fevralın 18-dən 20-dək Bakıda Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyası və digər tədbirlərin keçirildiyini bildirdi.
Qeyd etdi ki, Asiya Parlament Assambleyası hazırda Milli Məclisin sədrlik etdiyi 5 beynəlxalq parlament təşkilatından biridir: “Digər təşkilatlar isə Türk Dövlətlərinin Parlament Assambleyası, İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasıdır. Parlament diplomatiyası üçün mühüm platforma olan Asiya Parlament Assambleyasının sessiyasında xarici ölkələrin və beynəlxalq təşkilatların 35 nümayəndə heyəti, ümumən 280 nəfərdən çox nümayəndə iştirak edirdi. ”Asiyada çoxtərəfli əməkdaşlığın gücləndirilməsində parlament diplomatiyasının rolu" mövzusu ətrafında müzakirələr aparıldı. Müzakirələrdə Asiya Parlament Assambleyasının üzvü olan ölkələrin parlament sədrləri, sədr müavinləri, üzvləri və Parlament Assambleyasının Baş katibi Mohammad Reza Majidi çıxış etdilər. Onlar regional problemlərin həllində və regional inteqrasiyanın sürətlənməsində Asiya Parlament Assambleyasının mühüm rolu barədə danışdılar. Asiya Parlament Assambleyasının sədri kimi mən öz çıxışımda ötən dövr ərzində təşkilatın institusional inkişafı istiqamətində Milli Məclis tərəfindən irəli sürülmüş təşəbbüslər haqda danışdım. Sevindirici haldır ki, məhz bizim sədrliyimiz dövründə görülmüş işlər nəticəsində Asiya Parlament Assambleyasının mövcud strukturlarının fəaliyyəti daha da gücləndirilmiş və qeyd edim ki, bu ərəfədə Oman Sultanlığının Şura Məclisi təşkilata yeni üzv, Belarus Respublikası Milli Assambleyasının Respublika Şurası isə müşahidəçi kimi qəbul olunmuşdur. Və öz çıxışımda mən Milli Məclisin sədri kimi, dünyanın qarşılaşdığı problemlərə və onların aradan qaldırılması yollarına Azərbaycanın baxışları barədə fikirlərimi bölüşdüm".
Spiker dedi ki, Milli Məclisin ev sahibliyi və sədrliyi ilə keçirilən Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyası həm forma, həm də məzmun baxımından yüksək səviyyəli bir tədbir olaraq qarşıya qoyulan bütün hədəflərə nail oldu: “Bununla əlaqədar mən tədbirin təşkilində əməyi olan Milli Məclisin hörmətli sədr müavinlərinə, hörmətli deputatlarına, Milli Məclis Aparatının və İşlər İdarəsinin əməkdaşlarına bir daha dərin minnətdarlığımı bildirirəm”.
Cari məsələlərə ayrılan vaxtda çıxış edən deputat Sahib Alıyev Avropa İttifaqı-Ermənistan Parlament Tərəfdaşlığı Komitəsinin 25 fevral 2025-ci il tarixli bəyanatını qətiyyətlə pislədiyini bildirdi. Əminliklə vurğuladı ki, Avropa parlamentindəkilərin də, ABŞ-də hay diasporuna muzdla xidmət edən konqresmenlərin də, Rusiya Dumasının üzvü Konstantin Zatulin kimi ünsürlərin də son günlər ölkəmiz əleyhinə səsləndirdikləri bəyanatlar və etdikləri çağırışlar heç gizlətmək istəmədikləri kimi həm də hərbi cinayətdə və terrorda suçlandırılan bir qrup “miatsumçu”nun Bakıda məhkəmə qarşısına çıxarılmalarıyla bağlıdır: “Məhkəmədə verdikləri ifadələrdə onlardan biri Qarabağda edilən vəhşiliklərin, Azərbaycan torpaqlarının işğalının arxasında SSRİ DTK-nın, digəri Ermənistanın durduğunu deyir. SSRİ DTK-dan sonra haradan tapşırıq alındığı, qərbdəki bəlli çevrələrlə, əmmaməlilərlə məkrli əlaqələrlə də bağlı hələ çox mətləblər açıqlanacaq. Gedən məhkəmə prosesini gözdən salmağa çalışanlar təbii ki, bunu istəmirlər. Burada onu da deməliyik ki, bəli, terror və hərbi cinayət törətməkdə ittiham olunanların məhkəmə qarşısına çıxarılmaları indiki halda məhz gücün hüququnun xidmətidir. Amma beynəlxalq praktikada çox az rast gəlinən haldır ki, burada gücün hüququ hüququn gücünün təmini üçün istifadə edilib. O da həqiqətdir ki, dünyadakı bütün ədalətsizliklərin arxasında güc və güclü durur. Azərbaycansa məhz güc tətbiqi ilə ədaləti bərpa edib”.
Deputat Razi Nurullayev tikintilərlə bağlı məsələlərə diqqət çəkdi. Bildirdi ki, ölkəmizdə, xüsusən də Bakı şəhərində ciddi sökünütülər aparılır və ya aparılacaq: “Hər bir sökünütüdən sonra onlarla narazı vətəndaş əmələ gəlir və bu narazılığın bir neçə səbəbləri var. Bəzilərinin yaşayış sahəsi kiçik oluğu üçün verilən kompensasiya ilə ev ala bilmir deyə narazılıq edir, bir qrup həmin ərazidə bazar qiymətləri ilə kompensasiya tələb edir, digər qrup isə iki-üç dəfə şişirdilmiş qiymətlərlə pul tələbi qoyur. Nəticə isə üç tərəfə - dövlət orqanlarına, vətəndaşlara və sahibkarlara - problem yaradır. Yüzlərlə narazılıq edən vətəndaşlar, sahibkarlar və qapısı döyülən dövlət orqanları var. Onların parlamentdən də gözləntiləri var”.
R.Nurullayev köçürmələrin yaratdığı ən böyük problemdən bəhs etdi: “Köçürülən insanlar aldıqları kompensasiya ilə şəhər kənarlarında bir və ya ailə üzvlərinin təlabatına görə bir neçə yerdə torpaq alıb ev tikir. Bu evlər də, əsasən zəbt edilmiş, sənədsiz və infrastrukturu olmayan ərazilərdə həyata keçirirlir. Hansı mənzərə ilə üzləşirik? Bakıda söküntü aparıb onu abadlaşdırır, gözəlləşdirir, rahat infrastruktur yaradırıq, 5-10 kim kənarda isə ciddi problemlər yaradır və sanki minalar basdırılır. Qaz, su, işıq, yol, yağış-qar yağanda su altında qalmış evlər və dövlətdən kömək tələb edən vətəndaşlar”.
Deputat qeyd etdi ki, məsələnin həll yolu var: “Təklif edirəm ki, qanunvericilik səviyyəsində problemin həllinə töhvə verək. Söküntü aparılan ərazilərdə heç bir kənar hüquqi müdaxilə və ya izaha yol açmayan birmənalı dəyişikliklərə gedək. Istər dövlət söksün, istər sahibkar, fərq etmədən söküntü aparılan ərazilərdə vətəndaşlara yalnız ev və kommersiya obyekti təklif edilsin. Əgər söküntü infrastruktur, park və digər dövlət məqsədəri üçün tikilirsə, elə həmin ərazidə vətəndaşlara ya ev tikilib təqdim olunsun, ya da onlara hazır evlər alınıb verilsin. Doğurdan da təqdim olunan kompensasiya ilə söküntü aparılan ərazilərdə və yaxın yerlərdə o qiymətlərə ev almaq mümkün olmur.
Bununla yanaşı, söküntü ərazilərində qanundankənar hərəkətlərə yol verən vətəndaşlar və sahibkarlarla bağlı icrası məcbur məhkəmə qərarları verilsin və bu sahədə məhkəmə çəkişmələrinin uzun müddətli olmasının qarşısını almaq üçün də lazımdırsa, qanunvericiliyə dəyişikliklər edək. Ümid edirəm ki, bu məsələ ilə bağlı ciddi müzakirələr apara və məsələnin ədalətli həll yolunun tapılmasına töhvə verə bilərik. Ümumiyyətlə, kompensasiyaların verilməsi ilə bağlı müvafiq qanunvericilik aktlarına ya ayrıca bəndlər, ya da fəsil əlavə edə bilərik".
İclasda “Konstitusiya Məhkəməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarıldı. Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev bildirdi ki, hakimlərə də yaş həddi şamil olunmamalıdır: “Əlbəttə, kimsə deyə bilər ki, hakimlər yaşlaşacaqlar, onların iş qabiliyyəti aşağı düşəcək və s. Bununla bağlı 1998-ci ildə Amerika Birləşmiş Ştatlarında onların məhkəmə-hüquq sistemi ilə tanış olarkən mən Apellyasiya Məhkəməsinin aparat rəhbərinə bu sualı verdim ki, sizdə yaşlı hakimlər işə gəlməsə, yaxud özləri istefa verməsə bu məsələ necə həll olunur? O mənə dedi ki, orada praktikada belə bir şey olmayıb. Ona görə ki, hakimlər xüsusi qaydada seçilən, cəmiyyətdə ədaləti qoruyan və ədaləti bərpa edən şəxslərdir. Onlar ədalətli, vicdanlı insanlardırlar və onlar səhhətləri fəaliyyətə imkan verməyəndə özləri könüllü istefa verirlər. Yenidən soruşdum ki, tutaq ki, biri belə vəziyyət yaransa da istefa vermədi, o zaman necə olacaq? Cavab verdi ki, həmin bir, yaxud iki nəfərə görə bütövlükdə sistemdən, bu yanaşmadan imtina etmək doğru olmaz. O halda da yəqin ki, həmkarları ona tövsiyə edərlər ki, artıq sizin istefa verməyinizə zərurət var”.
Q.Həsənquliyev daha sonra bunları bildirdi: “Mən bunu ona görə söyləyirəm ki, bu, hakimlərin müstəqilliyinə töhfə vermiş olar. Azərbaycanda birinici instansiya məhkəməsinin hakimləri və Apellyasiya Məhkəməsi hakimləri üçün 66 yaş kateqoriyası nəzərdə tutulub, Ali Məhkəmə üçün 68, Konstitusiya Məhkəməsi üçün 75 yaş. Əgər biz onları ömürlük təyin etmiriksə, heç olmasa onların hamısı üçün eyni yaş müəyyən olunmalıdır. Tutaq ki, 75 yaş. Bundan başqa biz məhkəmə hakimiyyətinin gücləndirilməsi, hakimlərin müstəqilliyinin təmin edilməsi istiqamətində son illər qanunvericilikdə müəyyən dəyişikliklər edirik, o cümlədən elə Məhkəmə-Hüquq Şurasının formalaşdırılması istiqamətində də ciddi addımlar atdıq, dəyişikliklər həyata keçirdik. Amma düşünürəm ki, hakimlərin vəzifədən kənarlaşdırılması ilə bağlı məsələyə yenidən baxmalıyıq. Hakimləri intizam məsuliyyətinə cəlb etməklə vəzifəsindən kənarlaşdırmaq olmaz. Hakimiyyətin bütün qanadlarına münasibət eyni olmalıdır”. Deputatın sözlərinə görə, müvafiq icra hakimiyyəti orqanları ilə bu istiqamətdə işimizi davam etdirmək, Azərbaycanda hakimlər ömürlük təyin olunmasına, yaxud heç olmasa bütün hakimlər üçün bu yaş həddinin eyni müəyyən olunmasına çalışmaq lazımdır.
“Tibbi sığorta haqqında” Qanuna təklif edilən dəyişikliklər də müzakirəyə çıxarılaraq qəbul edildi.
Dəyişikliklərə əsasən, müştərək maliyyələşmə məbləği tətbiq edilmədən müraciət prosesi sadələşdiriləcək.
“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin icbari tibbi sığorta təminatı ilə əhatə olunmayan və sığortaolunan tərəfindən ödənilən müştərək maliyyələşmə məbləği nəzərdə tutulub. Müvafiq maddələrə əsasən, sığortaolunan ilkin tibbi-sanitariya yardımına müraciət etmədən birbaşa ambulator-poliklinik, laborator, funksional-diaqnostik tibbi xidmətlərdən istifadə etdikdə və ya icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə etmək məqsədilə yönləndirildiyi tibbi ərazi bölməsindən kənar yerləşən dövlət tibb müəssisəsinə müraciət etdikdə müştərək maliyyələşmə məbləği ödəməlidir.
“Təhsil haqqında” və “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda müzakirəyə çıxarıldı. Qanun layihəsini Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov təqdim edərək layihənin mütərəqqi əhəmiyyətindən danışdı. Vitse-spiker Musa Qasımlı da öz növbəsində qanun layihəsi barədə fikirlərini bölüşdü.
Deputat Elçin Mirzəbəyli bildirdi ki, “Təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunlara dəyişiklik edilməsi barədə qanun layihəsi motivasiya xarakteri daşıdığı üçün mütərəqqi olduğunu düşünür və dəstəkləyir: “Eyni zamanda, qənaətimə görə, qanunvericilik bazasına motivasiya xarakterli, indiki halda isə peşə təhsilinin konkret regionda cazibədarlığının artırılmasına xidmət edən əlavə və dəyişikliklər, nə qədər priorotet olsa da, təkcə işğaldan azad etdiyimiz ərazilərimizi əhatə etməməli və daha geniş spektrdə, xüsusilə də əmək bazarı nəzərə alınmaqla, qeyri-enerji sektorunun inkişafına, yeni iş yerlərinin açılmasına xidmət etməlidir. Bu sıraya, qanunvericilik səviyyəsində olmasa da, digər hüquqi-normativ aktlar çərçivəsində peşə təhsili alan gənclərin, xüsusilə də fermer təsərrüfatları yaratmaları üçün kiçik biznes layihələrinin maliyyələşdirilməsinə, onlara təşkilati və hüquqi yardım göstərilməsi istiqamətində təşəbbüslər də daxil edilməlidir”.
E.Mirzəbəyli seçildiyi Ağsu rayonu ilə bağlı bir mühüm məqama diqqət çəkdi: “Ağsu rayonu onu əhatə edən inzibati ərazi subyektləri arasında yeganə rayondur ki, burada peşə təhsili verən təhsil müəssisəsi yoxdur. Məsələyə Dağlıq Şirvan iqtisadi rayonu kontektindən yanaşmayacağam. Çünki xəritə və ərazinin ümumi relyefi əhalinin gediş-gəlişi baxımından, nəzəri deyil, sahə üzrə yanaşmaların zəruri olduğunu ortaya çıxarır. Məsələn, Ağsudan Kürdəmirə getmək daha rahatdır, nəinki dolayları aşaraq, Şamaxıya və ya Qobustana. Ağsu rayonunun 81 min əhalisi var. Bəzi qonşu rayonlarla müqayisədə Ağsunun əhalisinin sayı heç də az deyil. Rayonda mövcud olan sənaye müəssisələri də qonşu rayonlarla müqayisədə kifayət qədərdir”.
Spiker Sahibə Qafarova Milli Məclisin növbəti iclasının martın 7-də keçiriləcəyini bildirdi.
Elşad PAŞASOY,
“Yeni Müsavat”
01 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ