İnsanlara hürriyət, millətlərə istiqlal!

Parlament Türkiyə ilə 100 milyonluq anlaşmanı təsdiqlədi

Siyavuş Novruzov bank faizləri və valyutadəyişmə məntəqələri ilə bağlı məsələ qaldırdı

Noyabrın 15-də Milli Məclisin plenar iclası spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirildi. Plenar iclasa Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və bir sıra hökumət üzvləri qatılmışdı.

İclasda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda müzakirəyə çıxarıldı.

Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov çıxışında bank faizlərinin yüksək olmasına diqqət çəkdi. Bildirdi ki, vətəndaşlarımızın kiçik və orta sahibkarlıqla məşğul olması üçün bank kreditlərinin faizi 14 faizdən başlayır: “Bizneslə məşğul olmaq istəyən şəxsin krediti qaytarması çətin məsələdir. Ona görə də ilk məsələ bankların faiz dərəcələrinin aşağı salınması olmalıdır. Bizdə kənd təsərrüfatına, digər sahələrə 3-7 faizlik güzəştli kreditlər var. Digər sahələrdə çalışan vətəndaşlara da güzəştlər edilməlidir ki, insanlar öz biznesini qursun, ölkənin ərzaq təhlükəsizliyinə töhfə versin, iş yerləri açsınlar”.  

S.Novruzov valyutadəyişmə məntəqələrinin sayının artırılması və şənbə-bazar, bayram günləri o məntəqələrin işləməsi məsələsini də qaldırdı. Bildirdi ki, artıq kənd yerlərində də qara bazar formalaşıb və buradan dövlətə hər hansı xeyir gəlmir: “Odur ki, məntəqələrin sayının artırılması çox yaxşı olardı. Bu, həm də vətəndaşlar üçün iş yeridir. Ümumiyyətlə, bank sistemi ölkənin qan-damar sistemidir, bu məsələlər tam şəkildə öz əksini tapmalıdır”.

Deputat Rüfət Quliyev öncə deputat həmkarı Siyavuş Novruzovun bank faizləri ilə bağlı təkliflərini dəstəklədi. “Bizim sahibkarlar 5 faiz miqdarında, aşağı faizlə kredit alırlar. Amma bu kreditlər ancaq istehsalata və kənd təsərrüfatına ayrılır. Bu gün ölkədə kənd təsərrüfatı və istehsalatla məşğul olmayan şirkətlər var ki, ölkənin inkişafında mühüm rol oynayırlar. Bunlar milli brendlər daşıyan brendlərdir. Onlar kənd təsərrüfatında məhsul alırlar, zavod-fabriklərə aparırlar, istehsal edirlər, xarici və daxili bazara ixrac edirlər”, - deputat bildirdi.

R.Quliyev qeyd etdi ki, digər tərəfdən, ölkədə onlarla emal müəssisələri açılıb, 35-45 faiz gücü ilə işləyirlər. Deputatın sözlərinə görə, bu müəssisələrin tam gücü ilə işləməsi üçün də brend şirkətlərə dəstək lazımdır: “Həmin şirkətlərə dəstək verilməlidir ki, irəli gedə bilsinlər. Onlar həm kənd təsərrüfatına kömək edə bilərlər, həm də istehsal olunan məhsulları xarici və daxili bazarlara çıxara bilərlər, öz brendlərini təklif edə bilərlər. Bu şirkətlərə isə güzəştli kreditlər ayrılmır. İmkan olsa, dövlət strukturları sahibkarlıq fonduna həmin şirkətlərə 5-6 faizlə kredit ayrılmasına şərait yaratsın”.

İclasda “Nağdsız hesablaşmalar haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi, “Sığorta fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi, “Banklar haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi, “Sosial sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi, “Gömrük tarifi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılaraq, ilk oxunuşda təsdiqləndi.

İclasda “Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il üçün xərclər smetası haqqında” Milli Məclisin qərar layihəsi müzakirə olundu. Layihəyə görə, Milli Məclis və onun aparatının gələn il üçün xərclər smetası 50 milyon 919 min 10 manat məbləğində təşkil edəcək. Belə ki, Milli Məclis və onun aparatının əməyin ödənişi xərcləri 38 milyon 248 min 130 manat təşkil edəcək. Ştatda olan işçilərin əməkhaqqına 28 milyon 390 min 119 manat, ştatdankənar işçilərin əməkhaqqına isə 26 min 880 manat xərclənəcək. Həmçinin Milli Məclisin ezamiyyət xərcləri 2 milyon 170 min manat təşkil edəcək. Sənədə əsasən, parlamentin və onun aparatının ölkədaxili ezamiyyət xərclərinə 70 min manat, xarici ezamiyyət xərclərinə isə 2 milyon 100 min manat ayrılacaq.

Parlamentin İşlər müdiri Firudin Hacıyev layihə barədə danışarkən bildirdi ki, xarici qonaqların Milli Məclisdə qarşılanması, Milli Məclisin deputatlarının xaricə səfərləri üçün ezamiyyə xərcləri artıb. F.Hacıyev onu da bildirib ki, 2023-cü ildə Milli Məclisin avtoparkının yenilənməsi üçün avtomobillər də alınıb.

Deputat Sabir Rüstəmxanlı söz alaraq dedi ki, Milli Məclisin İşlər İdarəsinin fəaliyyəti yüksək səviyyədədir və təqdir olunmalıdır. Ardınca onu narahat edən məsələdən danışdı. Bildirdi ki, əvvəllər millət vəkilləri diplomatik xarici ölkələrə gedəndə ailə üzvlərini yanlarında apara bilirdilər: “Sonra onların özləri olmadan da övladı və həyat yoldaşı VİP salondan istifadə edə bilirdi. Bu qanun hər yerdə belədir. Hətta əvvəl millət vəkili olub, sonra olmayanlar da VİP salondan istifadə edə bilirdi. İndi qayda belədir ki, özün gedirsənsə istifadə edə bilərsən, amma özün getmirsənsə, sənin ailə üzvlərin orada gedə bilməz. Bu məsələdə millət vəkillərinə fərqli münasibət var. O VİP salonlara ticarət adamları, vəzifəli şəxslərin qohumları rahat gəlib-gedirlər. Amma millət vəkilləri bundan istifadə edə bilmir. Niyə belə ögey münasibət olmalıdır? Mən istəyirəm bu məsələ bizim aidiyyəti orqanların qarşısında qaldırılsın”.

S.Rüstəmxanlı digər bir məsələyə də diqqət çəkdi: “Mən təxminən otuz ildir ki, bizim pansionatda qalıram. İki otaqlı mənzilim var. Mənim bütün yazı-pozu işlərim ora ilə bağlıdır. Sakit bir yerdir. Amma orada biznesmen kimi qalıram. Başa düşmürəm, mən biznesmenəm? Hətta hökumət işçiləri orada güzəştli şəkildə qalır, amma onlardan aşağı maaş alan millət vəkili, yəni mən belə qala bilmirəm. Mən məcburam orada qalam. Başqa imkan yoxdur. Amma mən orada biznesmen kimi qalıram. Məndən biznes uçotu ilə, biznes müqavilələri ilə illik pul alırlar. Bu, harada görülüb? Niyə görə belə olmalıdır? Nazirlər Kabinetinin işçiləri, başqa strukturların işçiləri normal qiymətlə qalırlar, bizdən isə iki-üç dəfə artıq pul tələb edirlər. Mən buna millət vəkilinin statusunun aşağı salınması kimi baxıram. Milli Məclisin statusu aşağı salına bilməz. Bu, Azərbaycanın dövlət müstəqilliyində xüsusi xidməti olan bir orqandır. Millət vəkilləri də ən ağır yükü daşıyır. Millətlə üz-üzə. Camaatın şikayətlərini qəbul edir. Gərgin, əsəbi. Bu 30 ildə nələr çəkmişik, hamı bilir”. Deputat diplomatik pasport məsələsini də növbəti dəfə qaldırdı. Bildirdi ki, millət vəkili diplomatik pasportdan ancaq xidmət etmək üçün istifadə edir, amma deputat olmayan kimi bu pasport qaytarılmalıdır.

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasının Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi Milli Məclisdə müzakirəyə çıxarıldı. Spiker Sahibə Qafarova bildirdi ki, müzakirəyə çıxarılan sənəd Azərbaycan və Türkiyənin dostluğunu və qardaşlığını bir daha sübut edir. Sədr qeyd etdi ki, qanun layihəsi bir oxunuşda baxılıb, qəbul ediləcək.

Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa qanun layihəsi barədə məlumat verdi. Qeyd etdi ki, bu qanun layihəsi ölkə prezidentinin Türkiyə səfəri zamanı qardaş ölkəyə yardım göstərilməsi barədə verilən qərar əsasında hazılanıb və burada 100 milyon vəsait hesabına tikiləcək şəhərdən söhbət gedir. “Məsələ komitədə də müzakirə olunub, birmənalı şəkildə bütün komitə üzvləri tərəfindən dəstəklənib”, - F.Mustafa əlavə etdi.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov da komitəsi adından qanun layihəsini yüksək qiymətləndirdi. Bildirdi ki, həmin qanun layihəsi 2 il müddət üçün qəbul edilib, ehtiyac olarsa, daha bir il uzadılacaq. S.Seyidov qeyd etdi ki, bu, sadəcə, zəlzələdən əziyyət çəkən qardaş ölkəyə kömək, yardım və Azərbaycanla Türkiyə arasında münasibətlərin yüksək səviyyədə olmasını sübut edən qanun layihəsi deyil: “Bu sənəd müstəvisində, hüquqi müstəvidə bir ölkənin digər ölkəyə yardım göstərməsidir. Bu sənəd bir daha sübut edir ki, Azərbaycan və Türkiyə arasında və ümumiyyətlə Türk dövlətləri arasında münasibətlər hansı səviyyədir”.

Deputatlar Musa Qasımlı və Hikmət Məmmədov da sözügedən sənədi yüksək qiymətləndirdilər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin zəlzələ nəticəsində böyük dağıntılara məruz qalan Kahramanmaraş vilayətində Azərbaycan hökumətinin yaşayış binaları və sosial infrastruktur obyektləri tikməsini nəzərdə tutan sazişi təsdiqləyib. Sazişə əsasən, Azərbaycan Kahramanmaraş vilayətində baş verən zəlzələdən zərərçəkmiş bölgələrin birində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzi tikəcək. Azərbaycan hökuməti layihənin reallaşması üçün 100 milyon ABŞ dolları ayıracaq.

 Sənəd 2 il müddətinə qüvvədə qalacaq. Əməkdaşlıq sazişi çərçivəsində Türkiyənin Ətraf, Şəhərsalma və İqlim dəyişikliyi Nazirliyinin Mənzil İnkişaf İdarəsi (TOKİ), Azərbaycandan isə Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) icraçı qurum qismində iştirak edəcək.

Elşad Paşasoy,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR