Onlayn ictimai-siyasi qəzet
İqtisadçı Natiq Cəfərli sosial media hesabında “Azparking” MMC-dən narazılığını ifadə edib.
Musavat.com xəbər verir ki, ekspert parklama ərazisində çalışan əməkdaşların avtomobillərin fotosunu icazəsiz çəkməsini tənqid edib.
Natiq Cəfərli bunları qeyd edib:
“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən “Azparking” MMC, mobil tədbiq yaradıldı, ödənişlər asanlaşdı – bura qədər hər şey normaldır, amma bu işi də “azərbaycansayağı” etdilər. Əvvəla, hər yerə adam qoyublar, yaxşı, bu, tətbiq üzərindəndirsə, bu adamları niyə şəhərə düzüblər?! Kim o şəxslərə səlahiyyət verib ki, maşınların cərimələnməsində iştirak etsinlər, avtomobillərin fotosunu çəksinlər?!
İkincisi, bu MMC-nin topladığı pullar hara gedir, nəyə xərclənir?! Mən dünyanın bir neçə ölkəsində maşın sürmüşəm, parklanmadan istifadə etmişəm, amma bilirdim ki, bu, bələdiyyələrə gedir, onları insanlar seçir, yığdıqları vəsaiti də bələdiyyə ərazisində, elə həmin pulu ödəyən vətəndaşlar üçün xərcləyirlər. Yaxşı, bu MMC nəyə, hara pul xərcləyir?! Şəxsən mən təkcə dekabr ayında “Azparking” MMC-yə 38 manat ödəmişəm, o pulu nəyə xərcləyiblər?!
Üçüncüsü, dünyanın əksər ölkələrində, şəhərlərində istirahət və bayram günləri, axşam saat 20:00-dan sonra parklanma pulsuz olur. Bizdə bir tək bazar günü pulsuz ediblər, bayram günləri pulludur.
Bizim qalstuklu müəllimlər bir çox sahənin fəlsəfəsini anlaya bilmirlər, məsələn, verginin seçkiyə bağlı olduğunu anlamırlar, parklanma pulunun niyə yığılmalı olduğunu da başa düşmürlər, elə bilirlər ki, əsas pul yığmaqdır, məqsəd budur, dərk etmirlər ki, pul yığmaq məqsəd deyil, vasitədir – məqsəd insana xidmətdir...”
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov Musavat.com-un sorğusuna cavabda bildirib ki, nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən olunmuş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən sürücünün parklanma yerini tərk etməsinə, eləcə də nəqliyyat vasitəsinin 24 saatdan artıq parklanma yerində saxlanılmasına görə İnzibati Xətalar Məcəlləsinin 346-1-ci maddəsində cərimə nəzərdə tutulur.
Qurumun sözçüsü qeyd edib ki, bu cərimələri yazmaq səlahiyyəti Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) aiddir:
“Həmçinin nəqliyyat vasitəsinin qanunla müəyyən edilmiş parklanma üsulunu pozmaqla parklanmasına, əlillərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digər nəqliyyat vasitələrinin parklanmasına, eləcə də parklanma yerlərində icazə verilmiş maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərinin parklanmasına, habelə parklanma yerlərinin rezervasiya edilməsi və ya digər üsullarla nəqliyyat vasitələrinin sərbəst parklanmasına maneələr yaradılmasına görə sürücülər həm DYP, həm də AYNA tərəfindən cərimələnə bilər”.
T.Orucov əlavə edib ki, Prezident İlham Əliyevin 2023-cü il 29 iyul tarixli Fərmanı ilə “Nəqliyyat vasitələrinin ödənişli parklanmasından daxil olan vəsaitdən istifadə qaydası” təsdiq edilib:
“Fərmana əsasən, Bakı şəhərinin inzibati ərazisində dövlət avtomobil yollarında təşkil edilmiş parklanma yerlərindən daxil olan vəsaitdən aşağıdakı istiqamətlər üzrə istifadə olunur:
- parklanma yerlərinin idarə olunması və saxlanılması (kommunal, mühafizə, təsərrüfat və rabitə xərcləri);
- parklanma ilə əlaqədar yol infrastrukturu xərclərinin ödənilməsi, maddi və qeyri-maddi aktivlərin, o cümlədən parkomatların, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin alınması və onların yararlı vəziyyətdə saxlanılması;
- parklanma ilə əlaqədar tətbiqlərin yaradılması və onların saxlanılması;
- parklanma ilə bağlı maarifləndirmə və təbliğat işləri;
- nəqliyyat vasitələrinin saxlanılması üçün balanslarında olan qaraj və duracaqların idarə olunması və saxlanılması;
- yol hərəkətinin təşkilinin texniki vasitələrinin tətbiq edilməsi;
- parklanma qaydalarını pozmuş şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi üzrə tədbirlər görülməsi üçün zəruri texniki vasitələrin alınması, parklanma qaydalarını pozmuş şəxslərə inzibati xəta haqqında iş üzrə materialların göndərilməsi ilə bağlı poçt xərclərinin ödənilməsi;
- vəsaitin isə 30 faizədək hissəsi işçilərin sosial müdafiəsinin gücləndirilməsi.
- Agentlik həmin vəsaitdən ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələri ilə müntəzəm sərnişindaşıma və ona aid infrastrukturun inkişaf etdirilməsi istiqaməti üzrə də istifadə edir”.
Nigar HƏSƏNLİ,
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ