Onlayn ictimai-siyasi qəzet
Fevralın 7-də Azərbaycan Dövlət Kukla Teatrının səhnəsində müstəqil “Oyun” İnklüziv Teatrının təqdimatında “Parkda” tamaşası yenidən nümayiş olundu. Xatırladaq ki, bu tamaşanın premyerası ötən ilin may ayında baş tutmuşdu.
Tamaşaya həm böyüklər, həm də uşaqlar tamaşaçı qismində qatılmışdı.
Təqdimatdan əvvəl teatrın mətbuat katibi Həmidə Rüstəmova çıxış edərək bildirdi ki, “Parkda” tamaşası cəmiyyətimizin mövcud sosial-mənəvi problemlərini və insan talelərini əks etdirir. O, həmçinin vurğuladı ki, tamaşanın pyes və quruluş müəllifi Saida Haqverdiyeva, quruluşçu rəssamı isə İqbal Əliyevdir.
Həmidə Rüstəmova xüsusi olaraq tamaşaçıları tamaşanı sonadək izləməyə çağırdı. O, bildirdi ki, finalda tamaşada həvəskar aktyor kimi iştirak edən Kamran Hüseynovun digər həvəskar iştirakçı Xədicə Talıblıya sürprizi olacaq.
Beləliklə, pərdə açılır və ilk dəqiqələrdə hər iki həvəskar iştirakçını parkda, əl-ələ tutaraq oturmuş halda görürük. İnklüziv tamaşanın əsas məqsədi əlilliyi olan şəxslərin tanınmış aktyorlarla birlikdə eyni səhnədə çıxış etməsinə şərait yaratmaq və bununla da onların cəmiyyətə inteqrasiyasına töhfə verməkdir.
Daha sonra səhnədə tanınmış peşəkar aktyorlar - Türkay Cəfərli (Murad), Zülfiyyə Qurbanova (Aynur), Zümrüd Qasımova-(Dilarə), Ülviyyə Əliyeva (Sərgül), Türkay Cəfərli (Murad), Gülçöhrə Abdullayeva (Bibixanım), Səbinə Məmmədova (Ofsiant) iştirak edirlər. Həmçinin Xaqani Əliyev, Kamilə Xəlilova, Babək İsmayılov, Selcan Xatun, Aylin Nəcəfli, İbrahim Laçın, Hökumə Ağayeva və İlkin Həsənli də tamaşada rol alıb.
Bir hissəli tragikomik tamaşada hadisələr gecə saatlarında parkda baş verir. Burada ailə daxili şiddət, xəyanət, erkən nikah və məişət zorakılığı kimi aktual mövzular əks olunub. Baş qəhrəmanlar – Aynur və Murad gənc yaşlarında bir-birilərinə dərin sevgi bəsləyərək evləniblər. Artıq iki övladları olsa da, Aynurun üzündəki sevinc yerini göz yaşlarına və narahatlığa verib. Son bir ildə o, daim fikirlidir, gözlərindəki sevgi isə yerini qəzəbə buraxıb.
Bunun səbəbi Muradın təkrar-təkrar ona xəyanət etməsidir. Xoşbəxt ailə həyatı xəyanət ucbatından sarsılıb, Aynur isə boşanmaq qərarına gəlib. Hətta gizlicə hüquqşünasla da məsləhətləşib. Lakin Murad bunu qəbul etmək istəmir. O, öz səhvlərinin fərqinə varmaq əvəzinə, Aynuru günahlandırır və parkda ona zorakılıq tətbiq edir.
Parkda tək qalan Murad müxtəlif taleli insanlarla rastlaşır. Onlardan biri Selenadır. Əsl adı Sərgül olan qadın 15 yaşında ikən erkən nikahın qurbanı olub. Atası özündən 5 yaş böyük, Rusiyada yaşayan imkanlı əmisioğlu ilə 15 yaşlı qızını evləndirib. Toy gecəsi günündən başlayaraq döyülən Sərgül bir gün vəhşicəsinə döyüldüyü üçün xəstəxanaya düşür. Bu zaman onun atasından 5 yaş böyük əri qorxusundan Rusiyaya qaçır, ata-anası isə onu evə qəbul etmir. Beləcə, 16-17 yaşından küçələrdə qalan Sərgül fahişəliyə məcbur edilir. Artıq onun 40-a yaxın yaşı var və o, hələ də uşaq kimi geyinib, uşaq kimi davranmağı sevir. Çünki özünün də dediyi kimi, "valideynləri onun uşaqlığını əlindən alıblar".
Parka itini gəzdirməyə çıxan Diana psixoloqdur. Söhbət əsnasında məlum olur ki, o, kişilərə yalnız maddi mənfəət mənbəyi kimi baxır. Bunun isə səbəbi var.
Diana vaxtilə böyük məhəbbətlə bir gənci sevib, ona qayğı və sevgi göstərib. Lakin bir gün sevdiyi insan qəfil yoxa çıxıb. Sən demə, o, Diananı yaşlı və varlı bir qadına dəyişib. Bu hadisə Diananı uzun müddət sarsıdıb və gələcək həyatına dərin iz buraxıb.
Parka gələnlər arasında əlilliyi olan bir kişi də var. O, əlil doğulduğu üçün atasının onları tərk etdiyini söyləyir. Anası isə onu təkbaşına böyüdüb, universitet təhsili almasına şərait yaradıb.
Əlilliyinə baxmayaraq, bu gün o, xoşbəxt ailə başçısıdır və özünə uğurlu bir iş qura bilib. Naməlum şəxs öz hekayəsi ilə vacib bir mesaj çatdırır: əlilliyi olan insanlar sağlam insanlardan fərqlənmir və cəmiyyətin bərabərhüquqlu üzvləridir.
Bir başqa gözlənilməz və duyğusal an isə səhnədə Ağasəlim Abdullayevin iştirakı ilə yaşandı. Ağasəlim Abdullayev, əlilliyi olan bir şəxs olaraq, itini axtaran bir rolu canlandırdı. Səhnədəki təsvirlər və onun rolu ilə bağlı tamaşaçılar dərindən təsirləndi. Abdullayevin səhnəyə gəlişi hər kəsin diqqətini çəkdi və ona duyulan hörmət bir daha vurğulandı. Onun hərəkətləri, oyun bacarığı və duyğu yüklü ifası tamaşaçıları təəccübləndirdi və alqışlarla qarşılandı.
Səhnədəki bu an, yalnız sadə bir it axtarmaq hadisəsi deyil, eyni zamanda insanın çətinlikləri və iradəsi qarşısında necə mübarizə apardığının simvolu idi. Ağasəlim Abdullayevin itini tapması, sadəcə bir müvəffəqiyyət hekayəsi deyil, həm də insanın qarşısına çıxan əngəllərə qarşı necə durduğunu göstərən bir an oldu. Tamaşaçılar həm rolunun həm də onun həyatdakı mübarizəsinin simvolunu böyük hörmət və təqdirlə qarşıladılar.
Tamaşanın işıqlı obrazlarından biri Bibixanımdır. Parkda süpürgəçi işləyən Bibixanım tez-tez çirklənən parkı təmizləyir və hər dəfə baş verən hadisələri yaxından izləyir, hadisələrin gedişində mühüm rol oynayır. Artıq orta yaşa çatmış Bibixanım heç vaxt ailə həyatı qurmayıb, ailə həsrətində olub. Buna baxmayaraq, ailələrin həmişə xoşbəxt olmasını arzulayır və Muradla Aynurun ailəsinin dağılmasına mane olmağa çalışır, onları barışdırır.
Tamaşanın cəmiyyətə verdiyi əsas mesaj budur: son illərdə boşanmaların sayı kəskin artıb. Bunun bir çox səbəbi var, lakin ən əsaslarından biri xəyanət, ailə məsuliyyətinin dərk edilməməsi və tərəflərin bir-birinə qarşı dözümsüzlük göstərməsidir. Müasir dövrdə ailə dəyərlərinin aşınması, qarşılıqlı anlaşma və səbrin azalması ailələrin dağılmasına səbəb olur.
Bundan əlavə, tamaşa cəmiyyətimizin ən ağrılı problemlərindən birinə – erkən nikaha da toxunur. Hələ də bəzi ailələr qızlarını uşaq yaşında məcburi evliliyə cəlb edir. Bu isə onların həyatını məhv edir, təhsildən və azad seçim hüququndan məhrum edir. Erkən nikah fiziki və psixoloji travmalara, məişət zorakılığına, hətta intiharlara səbəb ola bilir.
Bu baxımdan, belə tamaşaların səhnələşdirilməsi və ictimaiyyətə təqdim olunması böyük əhəmiyyət daşıyır. Onlar təkcə insanları düşündürmək üçün deyil, həm də cəmiyyətdə bu problemlərlə bağlı maarifləndirmə aparmaq, dəyişiklik yaratmaq məqsədi daşıyır. Teatr və incəsənət bu kimi həssas mövzulara toxunaraq insanları daha dərindən düşünməyə və problemlərin həlli üçün addımlar atmağa təşviq edir.
Tamaşa bitdikdən sonra isə Həmidə Rüstəmovanın söz verdiyi sürpriz an gəlib çatır. Tamaşada iştirak edən Daun sindromlu Kamran Hüseynov səhnədə əl-ələ tutduğu Xədicə Talıblıya evlilik təklifi edir. Onun bu romantik jesti zalda böyük coşqu və sevinc hissi ilə qarşılanır. Tamaşaçılar alqışlarla bu xüsusi anı qeyd edir, sevginin və səmimiyyətin heç bir sərhəd tanımadığını bir daha sübut edirlər.
Xalidə Gəray
Fotolar müəllifindir
Musavat.com
12 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ