Onlayn ictimai-siyasi qəzet
İki dost "pub"da yeyib içdikdən sonra parkda oturan ər-arvadı döyüblər. Heç bir səbəb olmadan onlara yaxınlaşaraq gecə vaxtı parkda oturmaqlarına irad bildiriblər. Əvvəlcə özlərini polis kimi təqdim ediblər.
Musavat.com xəbər verir ki, təqsirləndirilən 36 yaşlı Orxan və 30 yaşlı Rafiqdir.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər heç bir səbəb olmadan parkda əyləşən ər-arvad olan Günay və Röyala yaxınlaşaraq gecə saatlarında orada olmalarına irad bildiriblər. Mübahisə zamanı qadını və ərini yumruq və təpiklə vuraraq bədən xəsarətləri yetiriblər. Onlara qarşı xuliqanlıq maddəsi ilə cinayət işi açılıb və həbs ediliblər.
Onlar “Memar Əcəmi” metrostansiyasının yaxınlığındakı “Bermud Pub”da yeyib-içdikdən sonra səki ilə gedən zaman ər-arvadı görüblər.
Təqsirləndirilən Orxan ifadəsində deyib ki, həmin zaman Röyalın Günayı döydüyünü görüblər. Buna görə də onlara müdaxilə ediblər.
“Dedim ki, küçədə bu hərəkəti etmək doğru deyil. Oğlan dedi ki, öz arvadıdır, özü bilər. Mən də dedim ki, arvadındırsa, evdə döy. Amma arvadı dedi ki, onu evdə də döydüyü üçün qaçıb. Onların ər-arvad olduqlarına inanmadıq. Röyal üstümüzə gəlib mübahisə eləməyə, əl-qol atmağa başladı. Sonra qadın qışqırmağa başladı. Mən qadını vurub qışqırmamasını istədim. Röyal da Rafiqin üstünə hücum elədi. Rafiq də onu vurdu. Səs-küyə qonşular çıxdı. Biz oradan qaçdıq. Sonra bildik ki, polisə şikayət ediblər”- deyə Orxan ifadəsinə əlavə edib.
Məhkəmədə dindirilən zaman Rafiq də Orxan kimi eyni məzmunlu ifadə verib.
Hər iki şəxs bildirib ki, əməllərindən peşmandırlar və zərərçəkmiş ər-arvadla barışıblar. Məhkəmədən onlara yüngül cəza verilməsini xahiş ediblər.
Zərərçəkmişlərin ifadələrindən isə hadisənin başqa təfərrüatları ortaya çıxıb.
Röyal deyib ki, arvadı ilə parkda oturan zaman iki nəfər onlara yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim ediblər:
“Bizdən nikah şəhadətnaməsi istədilər. Günay gətirmək üçün evə getmək istədi. Amma Orxan buna imkan vermədi. Günayın sifətindən vurdu. Mən Günaya yaxınlaşmaq istəyəndə Rafiq də məni vurdu. Səs-küyə camaat gəldi. Bir qadın hadisəni telefonla çəkdiyini qışqıraraq dedi. Bunu eşidəndə onlar qaçdılar”- deyə zərərçəkmiş ifadəsində qeyd edib.
Məhkəmədə zərərçəkmiş ər-arvad təqsirləndirilən şəxsləri bağışladılarını deyiblər.
Məhkəmə hər iki şəxsin ilk dəfə cinayət əməli törətmələrini, zərərçəkmiş şəxslərlə barışdıqlarını nəzərə alaraq onlara yüngül cəza verib. Həbsdə olan hər iki şəxs barəsində azadlığın məhdudlaşdırılması cəzası təyin edilib və məhkəmə zalından azadlığa buraxılıblar.
İ.Muradov
Musavat.com
31 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ