Onlayn ictimai-siyasi qəzet
Hindistan hökuməti aprelin 27-dən etibarən Pakistan vətəndaşlarına vizaların verilməsini dərhal dayandırmaq və daha əvvəl verilmiş vizaları ləğv etmək qərarına gəlib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, məlumatı Hindistan Xarici İşlər Nazirliyi yayıb.
Məlumatda qeyd olunur ki, Pahalqam terror hücumundan sonra Təhlükəsizlik üzrə Nazirlər Kabinetinin qəbul etdiyi qərarların davamı olaraq, Hindistan hökuməti Pakistan vətəndaşlarına vizaların verilməsini dərhal dayandırmaq qərarına gəlib: "Hindistanın Pakistan vətəndaşlarına verdiyi bütün etibarlı vizalar 27 aprel 2025-ci il tarixindən etibarən ləğv ediləcək. Pakistan vətəndaşlarına verilən tibbi vizalar yalnız 29 aprel 2025-ci ilə qədər etibarlı olacaq. Hazırda Hindistanda olan bütün Pakistan vətəndaşları, indi edilən düzəlişlərə əsasən, vizalarının müddəti bitmədən Hindistanı tərk etməlidirlər".
Bu qərarların ardından təcili toplanan Pakistanın Təhlükəsizlik Şurası Hindistanın Kəşmirdəki terror aktı ilə bağlı addımlarını ədalətsiz və siyasi motivli adlandırıb. Şuranın bəyanatına əsasən Pakistan Hindistanın Hind çayının axınını dəyişdirmək cəhdini müharibə aktı kimi qəbul edəcək.
Eyni zamanda Pakistan Hindistanla bütün ikitərəfli sazişləri dayandırıb və hava məkanını Hindistan üçün bağlayıb.
Xatırladaq ki, aprelin 22-də silahlı şəxslər məşhur turistik Pahalqam şəhərində (Cammu və Kəşmir ərazisi) turistlərə atəş açıblar. 25 Hindistan vətəndaşı və bir Nepal vətəndaşı həlak olub, çoxlu sayda yaralı var. Hücum edənlər qaça biliblər.
Hindistanın "The Times of India" qəzetinin Hindistan kəşfiyyatındakı mənbələrə istinadən verdiyi məlumata görə, Pahalqamda dinc sakinlərə hücumu Pakistanda yerləşən "Laşkar-e-Taiba" radikal qruplaşmasının təxribat qanadı olan Müqavimət Cəbhəsinin silahlıları həyata keçirib.
Bunun ardınca Hindistan hakimiyyəti İslamabaddakı səfirliyinin tərkibini demək olar ki, iki dəfə azaldıb, Pakistanın Hindistandakı diplomatik missiyasının hərbi məsləhətçilərini persona-non qrata elan edib və Pakistanla sərhəddəki əsas Attari keçid məntəqəsini bağlayıb. Bundan əlavə, Yeni Dehli su ehtiyatlarının bölüşdürülməsinə dair İslamabadla razılaşmanı dayandırıb.
Musavat.com
24 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ