İnsanlara hürriyət, millətlərə istiqlal!

Özü qayğılar içərisində yaşayan xanım Türkiyəyə cehizlərini yolladı - fotolar

Qardaş Türkiyənin bu, acı günlərində Azərbaycandan yardıma tələsənlərin ardı-arası kəsilmir. Bu barədə sosial şəbəkələrdə də həm qürurlandıran, həm də duyğulandıran paylaşımlar olur. Bir neçə gün öncə Yardımlı rayonunun Separadi kənd sakini Asudə Hüseynovanın qarlı havada Türkiyə üçün yardım göndərmək üçün tələsməsini əks etdirən foto müzakirələrə səbəb olmuş, sosial mediada böyük maraq doğurmuşdu. Hətta foto yayılandan sonra qardaş Türkiyənin aparıcı media orqanlarından birinin əməkdaşı Asudə bacının axtarışına çıxmışdı. Türkiyəli media mənsubları qardaş ölkədə yaşayan həmkarımız Yaqut Misirxanlının vasitəsilə bu sətirlərin müəllifini arayaraq Asudə Hüseynova ilə əlaqə yaratmağımızı xahiş etmişdi.

WhatsApp Image 2023-02-14 at 13.31.50.jpeg (55 KB)

Fotonun müəllifi, Vətən müharibəsi şəhidi Müdrət Ağayev adına Separadi kənd ibtidai sinif müəllimi Mərahim Hüseynovun vasitəsilə fədakar xanımla əlaqə qurmaq mümkün oldu. Sözarası fotonun necə ərsəyə gəldiyini soruşduqda, Mərahim müəllim dedi ki, qardaş ölkədəki zəlzələnin görüntülərinə baxdıqdan və yardım toplandığı barədə xəbərləri eşitdikdən sonra Separadi camaatı da qardaş ölkə üçün əlindən gələn yardımı yollamağa başlayıb. “Mən də qardaşımla birgə yardım toplama işini təşkil etmişdik. Qarlı hava olduğundan maşınla Asudə xanımgilin evinə yaxnlaşmaq mümkün olmadı. Arada da 300-400 metrlik məsafə var idi. Elə kömək üçün piyada getmək istəyəndə gördüm ki, bu, zəhmətkeş xanım göndərmək istədiyi əşyaları başına qoyub gətirir. Həmin mənzərə o qədər təsirləndirdi ki, elə qeyri-ixtiyari şəklini şəkib paylaşdım”.

WhatsApp Image 2023-02-14 at 13.31.50 (1).jpeg (43 KB)

Asudə Hüseynova isə Musavat.com-a bunları söylədi: “Mən Türkiyədəki zəlzələdə ölən bacı-qardaşlarımızı, ata-analarımızı, balalarımızı gördüm, çox ağır hisslər keçirdim. Əvvəlcə qardaş-bacılarımızın faciəli vəfatı ilə bağlı başsağlığı verirəm, Allahtala qardaş ölkəyə səbr versin! Elə zəlzələ baş verən gündən mənim ürəyim ağrıdı. Ürəyimdən keçdi evsiz-eşiksiz qalmış insanlara yardım eləyim. Qaynanam mənim xalamdır, dedim xala, nəyə gücüm çatsaydı, göndərərdim. Xalam dedi cavan adamsan, maraqlan, gör nəyə ehtiyac var. Mən də soruşdum, sonra da evə gəldim, gəlinlik yorğan-döşəyimi, yastığımı, ədyalımı, nəyə gücüm çatdısa, yığdım, aparıb yardım toplanan yerə təhvil verdim”.

Asudə bacı deyir ki, qarlı gündə bu qədər yükü başında aparması onun üçün çətin olmayıb: “Bacı-qardaşlarımız qışın günündə, o soyuqda çöldə qalıblar, mən nə ağırlıq fikirləşdim, nə çətinlik”.

Yardımsevər xanım deyir ki, həyat yoldaşı Abosət bəy də onun yardım etmək fikrinə hörmətlə yanaşıb və təqdir edib: “Dedi sən nə desən, onu göndərək. İnşallah bundan sonra da kömək edəcəyik”.

WhatsApp Image 2023-02-14 at 13.31.51.jpeg (121 KB)

Məktəbdə xadimə işləyən Asudə xanımın həyat yoldaşı işsizdir, sadəcə, fəhləliklə dolanır: “Mən məktəbə işə gedirəm, yoldaşım uşaqların yanında qalır, onların çay-çörəyini verir, təsərrüfata baxır”. 18 illik evliliklərindən 3 övladları – 1 qız, 2 oğul - var bu, ürəyigeniş ailənin. Sözarası öyrənirik ki, ailənin qız övladı sağlamlığında problemlər var. “Qizim bu il 6-cı sinifdə oxuyacaqdı, amma qüsurlu olduğuna görə məktəbə qoymadım. Ona görə də mən işdə olanda atası ona baxır”. Oğul övladları isə 7-ci və 9-cu sinifdə təhsil alırlar.

Sözarası nə qədər maaş aldığını soruşuram. Məlum olur ki, yanvar ayındakı artımdan sonra Asudə xanım 325 manat maaş alır. Amma həyatından gileyli deyil, deyir 5-6 baş heyvan-qaraları da var. Öz problemlərindən danışmağa tərəddüd edən Asudə xanım Separadi kəndinin su sarıdan ilboyu əziyyət çəkdiyini, elektrik və yol problemlərinin olduğunu xüsusi vurğulayır. Amma deyir ki, tezliklə bütün bu problemlərin də həllini tapacağına inanır: “Bu günlərdə fikrimiz-zikrimiz Türkiyədədir. Allahın köməyi ilə qardaş ölkədə həyat öz axarına düşər. Yenə də yardım əlimizi uzatmağa hazırıq”. Asudə ana deyir ki, hətta Türkiyədə valideynlərini itirmiş uşaqlardan azı birini götürüb, öz övladı kimi böyütməyi arzulayır.

Separadi kənd əhalisi, həmçinin məktəb kollektivi, xadimə işləyən şəxslər də Türkiyəyə yardım kampaniyasına qatılıblar: “Onlar bizim doğma insanlarımızdır. 44 günlük Vətən müharibəsində türk qardaşlarımız bizimlə birgəydilər. Onlar hər zaman, hər yerdə Azərbaycana dəstək olublar. Biz də hər zaman Türkiyənin yanında olmağa hazırıq, əlimizdən gələn qədər, kimin imkanı nəyə çatırsa...”

WhatsApp Image 2023-02-14 at 13.31.51 (2).jpeg (166 KB)

Soruşuram ki, bu qədər səlis şəkildə fikirlərini ifadə edən, hətta tarixdən məlumatlı olan Asudə xanım hansı səbəbdən ali təhsil almaq istəməyib. Cavabı mütəəssir edir: “O vaxt kasıbçılıq olub. Atam, anam kasıbçılıq şəraitində yaşayıblar. Onda normal dəftər-qələm almaq imkanı da yox idi”.

Söhbətimizin sonunda yenə də dualarını əsirgəmir. “Bu dəfə yardım aparanda çox həyəcanlı idim. Gələn dəfə yardım göndərəndə inşallah ürək sözlərimi də yazıb yollayacağam”.

Qeyd edir ki, şəklinin sosial şəbəkədə yayılması onunçün sürpriz olub: “Bir də gördüm televizorda, internetdə qoyulub şəklim. Mənim telefonum sadə telefondur, internetə qoşula bilmirəm. Mərahim müəllim telefonunu gətirdi, dedi bax, sənin haqqında yazırlar. Düzü kövrəldim, ağladım. Mərahim müəllim soruşdu ki, niyə ağladın? Dedim nə bilim, kövrəldim də...Allah hamıya kömək olsun. Nə biləydik belə bəla ilə üzləşəcəyik. Allah türk qardaşlarımıza yardım eləsin!”

Bax, belə fədakar, ürəyigeniş, əliaçıq, səxavətli analarımız, bacılarımız var...

Elşad Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Noyabr 2024

05 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR