Onlayn ictimai-siyasi qəzet
COVİD-19-dan sağalanlar infeksiyadan 2-3 il sonra belə depressiya, narahatlıq, yorğunluq və yaddaş problemlərindən əziyyət çəkirlər. “Yeni Müsavat” xəbər verir ki, bu barədə Britaniya alimləri bildiriblər.
Tədqiqat diqqət və yaddaş testlərində zəif nəticələr də daxil olmaqla, davamlı və əhəmiyyətli simptomlar aşkar edib. Bir çox iştirakçı depressiya, narahatlıq və yorğunluğun artdığını, habelə illər sonra yeni simptomların ortaya çıxdığını bildirib. Respondentlərin dörddə birindən çoxu isə səhhətin pisləşməsi və qeyri-qənaətbəxş iş nəticələrinə görə işlərini dəyişmək məcburiyyətində qalıb.
Ümumiyyətlə, koronavirusun yayıldığı ilk zamanlardan bəri peyvəndlərə qarşı münasibət birmənalı deyil. Son vaxtlar qəfil vəfat edən gənc və ortayaşlı insanların sayı xeyli artıb ki, bunun da səbəbini əksəriyyət koronavirus əleyhinə vurulan peyvəndlərdə görür.
Lakin bunun əksini söyləyənlər də var. Məsələn, Britaniya Ürək Fondunun (BHF) Elmi Məlumatlar Mərkəzinin dəstəyi ilə Kembric, Bristol və Edinburq universitetlərinin alimləri COVİD-19-a qarşı peyvəndin gözlənilməz təsirini aşkar ediblər. Belə ki, "Nature Communication" jurnalında dərc olunan araşdırmaya görə, peyvəndlər infarkt və insult hallarını azaldır. Peyvəndin ilk dozasından sonra 13-24 həftə ərzində infarkt və insult hallarının nisbətinin 10 faiz azaldığı aşkar edilib. İkinci dozadan sonra belə hallar “AstraZeneca” peyvəndindən sonra 27 faiz, "Pfizer"/"Biotech" peyvəndindən sonra isə 20 faiz azalıb. Venoz trombotik hallara dair də analoji azalma müşahidə edilib.
Həmçinin COVİD-19 vaksinləri ilə əlaqəli, məsələn, mRNA vaksinlərindən sonra miokardit və perikardit, adenovirus peyvəndlərindən sonra isə trombotik trombositopeniya kimi nadir ürək-damar ağırlaşmaları aşkar edilib. Lakin peyvəndlə bağlı yeni ciddi ürək-damar ağırlaşmaları müəyyən edilməyib.
Müəlliflərin fikrincə, tədqiqatın nəticələri ürək-damar sistemi üçün COVİD-19 peyvəndinin təhlükəsizliyini təsdiqləyir. Peyvəndin faydaları risklərdən qat-qat üstündür və peyvənd COVİD-19-un ağır hallarının qarşısının alınması üçün mühüm vasitə olaraq qalır.
Bəs COVİD-19-un bu kimi uzaq ağır fəsadları xəstəliyi orta ağır və yüngül keçirənlərdə və peyvənd olunanlarda da özünü göstərə bilərmi, göstərirmi? Nə etməli? Qidalanmada nələrə diqqət etməli?
Adil Qeybulla
Tibb elmləri doktoru, professor Adil Qeybulla mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Hazırda pandemiya Ümumdünya Səhiyyə Təşkilatının raportu ilə bitdiyi elan olunub. Lakin hələlik xırda epidemik ocaqlar davam edir, çünki Omikron ştammının mutasiya variantları davam edir.
Ümumiyyətlə, COVİD-19 virusu keçirənlərin çox ciddi travmatik fəsadlar yaşadığının, sinir sistemində dəyişikliklər olduğunun, xərçəng, autizm xəstəliklərinin artmasının şahidi oluruq. Lakin məsələ burasındadır ki, dünyanın böyük elmi mərkəzləri, o cümlədən Oxsford, Kembric, Harvard və sairə tibb məktəblərinin çox ciddi araşdırmaları var və onların nəticələri yavaş-yavaş elan olunmaqdadır. Yəqin ki, yaxın vaxtlarda bütöv nəticələr bildiriləcək. Elan etdikləri nəticələr onu göstərir ki, COVİD-19 keçirən insanlarda dəyişikliklər çox ciddi şəkildə qalır, nəinki vaksinasiya olunanlar. Amma hesab edirəm ki, həmin mərkəzlərin məlumatlarından sonra necə davranmaq lazım olduğu haqda da tövsiyələr olacaq və biz o istiqamətdə davranmalı olacağıq".
Zülfüqar Yusifov
“Ankara” klinikasının baş həkimi Zülfüqar Yusifov qeyd edib ki, kifayət qədər pasiyent COVİD-19-dan sonra əhvallarının pisləşməsindən, uzunmüddətli narahatlıqlardan bəhs edir, hətta peyvənd olunan yerin narahatlıq yaratdığını bildirir: “Əlbəttə ki, hər bir xəstəlik özündən sonra orqanizmdə müəyyən bir iz qoyur, hansısa orqan və sistemləri daha əlverişsiz vəziyyətə gətirib çıxarır. Məlum olduğu kimi, COVİD-19 həm də sistem xəstəliyidir, orqanizmi ciddi zədələyir. Bundan başqa, müalicəsində də orqanizmə zərər vura bilən çox sayda dərmanlardan istifadə olundu ki, bu da fəsadlar yarada bilir. Bütün bunların üzərinə həmin dövrdə insanların yaşadığı dəhşətli sistemi də əlavə edəndə, sinir sisteminin nə qədər çox yükləndiyini görürük. Yəni COVİD-19 bütövlükdə həm ayrı-ayrı orqanlara, həm də ürək-damar, sinir sisteminə ağrı zərbə vuran xəstəlikdir, bu baxımdan xəstəlikdən sonra insanlarda müəyyən narahatlıqların qalması anlaşılandır.
Bəs nə etməli? İlk növbədə ailədə, evdə, işdə psixologiyanın yaxşılaşması üçün müəyyən şərait yaratmaq lazımdır. Bundan başqa, bəzi gündəlik normal həyatdan uzaqlaşıb, istirahət etmək lazımdır. Orqanizmdə qida, energetik balansı düzgün tənzimləmək, təmiz havada çox olmaq, stressdən uzaqlaşmaq lazımdır.
Ən əsası, mütəmadi olaraq həkim müayinəsinə getmək lazımdır. Əgər sistem və orqanizmdə hansısa dəstəyə ehtiyac varsa, bunları da həkimin köməkliyi ilə onun təyinatına uyğun şəkildə həyata keçirmək lazımdır".
Xalidə GƏRAY,
“Yeni Müsavat”
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ