İnsanlara hürriyət, millətlərə istiqlal!

Özlərinin çəkdikləri işğal videoları erməniləri ifşa edir -Bakıda tarixi məhkəmə

 

Bakı Məhkəmə Kompleksinin inzibati binasında Ermənistan silahlı qüvvələri və qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfərin məhkəmə istintaqı davam edir. Haqlı olaraq "Nürnberq prosesi" adlandırılan məhkəmə prosesində müttəhimlər kürsüsünü Arkadi Qukasyan başda olmaqla digər 14 nəfər bölüşürlər.

Musavat.com xəbər verir ki, geniş ictimaiyyətin diqqət mərkəzində olan cinayət işinə Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin sədrliyi, hakimlər Anar Rzayev və Camal Ramazanovun iştirakı ilə baxılır. Həmçinin ehtiyat hakim qismində Günel Səmədova iştirak edir.

Qeyd edək ki, məhkəmədə dövlət ittihamçısı qismində 6 nəfər prokurorluq əməkdaşı çıxış edir.

Məlumata görə, Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin müvafiq Sərəncamı ilə qeyd olunan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsini həyata keçirəcək prokurorluq əməkdaşlarından ibarət qrup yaradılıb.

Mayın 8-də keçirilən məhkəmə prosesində əzəli Azərbaycan torpaqlarının işğalını əks etdirən videomateriallar nümayiş olunub, zərərçəkənlərin ifadələri dinlənilib.

Kəlbəcər rayonunun işğal olunmasını əks etdirən videomaterial Ermənistan silahlı qüvvələrinin mövqelənmələri barədə danışması ilə başlayır.

Kadrlarda Monte Melkonyan erməni hərbçilərdən bir neçə dəfə təkrar soruşur ki, “bu gün nə etmişik?”, “bu gün indi haradayıq?”, “dünən haradaydıq, nə etdik?”

Hərbçi cavab olaraq hazırda Kəlbəcərdən 20 kilometr məsafədə olduqlarını bildirir.

Videogörüntülərdə danışan Monte Melkonyan deyir ki, onlar Ağdərənin qərb hissəsindən, Ağdaban istiqamətindən hərəkətə başladılar, indi Kəlbəcərə çatıblar. “Kəlbəcəri Ermənistana birləşdirməklə bütün Qarabağ Ermənistana birləşəcək, Ermənistana çox yollar açılacaq. Ümid edirəm azərilər başa düşəcək və qəbul edəcək ki, hər şey bitdi”, - deyə videomaterialda “Avo” ləqəbli Monte Melkonyan bildirir.

Kadrlarda həmçinin Monte Melkonyan azərbaycanlıların güclü müqavimət göstərib-göstərmədiyi barədə suala cavabında bildirir ki, bəli, möhkəm xətt idi:

 “Biz Laçın yolunu kəsib bura gəldik. Hər bir erməni başa düşsün ki, bu işdə onun iştirakı çox vacibdir. Bu ərazilər 1988-ci ildə qəbul edildiyi kimi Ermənistana birləşəcək”.

Videomaterialda danışan Monte Melkonyan döyüş zamanı təxminən 70 nəfər azərbaycanlının öldürüldüyünü deyir.

Kadrlarda qətlə yetirilmiş azərbaycanlıların meyitləri göstərilir.

Videogörüntülərdə Ermənistan qoşunlarının Kəlbəcərə və ətraf kəndlərə girdiyi də nümayiş etdirilir.

Xatırladaq ki, ötən prosesdə Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması ilə bağlı videomaterial nümayiş etdirilib.

1992-ci il mayın 18-də ermənilər tərəfindən lentə alınmış videomaterialda Laçın rayonunda yanan evlər, erməni hərbçilər əksini tapır. Videoda bir erməni hərbçi digərinə, “Aşot, gör necə yanır” deyərək yanan evlərdən birini göstərir.

Bundan sonra məhkəmədə zərərçəkmiş şəxslər dindirilib. Zərərçəkmiş şəxs Camal Məmmədov Laçın rayonunun Cicimli kənd sakini olduğunu, 1992-ci ilin may ayında kəndin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyini bildirib.

O, atası Mehti Məmmədovun 1989-cu il avqustun 12-də erməni hərbçiləri tərəfindən öldürüldüyünü diqqətə çatdırıb:

“Rus əsgərlərin dediyinə görə, atamı Kamo adlı erməni vurub. O zaman 18 yaşım vardı”.

Zərərçəkmiş şəxs Ağəli İbrahimov 1961-ci ildə Laçın rayonunun Cağazur kəndində doğulduğunu və həmin kənddə yaşadığını bildirib. O da yaşadığı kəndin 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən silahlı hücum edilməklə işğal olunduğunu bildirib.

Zərərçəkmiş şəxs kəndin Ermənistanla sərhəddə yerləşdiyini, işğala qədər mütəmadi olaraq Ermənistanın Gorus rayonu, o cümlədən həmin rayonun Dığ kəndi istiqamətindən atəşə tutulduğunu da deyib:

“1992-ci ilin mayın 8-dək ermənilərin hücumunda bir pərakəndəlik hiss olunurdu. Amma mayın 8-dən hücumlar vahid komandanlıq tərəfindən həyata keçirilirdi. Xüsusilə “Qrad”, “Alazan” raketlərindən, uzaqvuran toplardan istifadə edirdilər”.

A.İbrahimov bildirib ki, Cağazur kəndində altı otaqdan ibarət ikimərtəbəli evi, evinin həyətyanı sahəsində olan yardımçı tikililəri, meyvə ağacları, iribuynuzlu və xırdabuynuzlu heyvanları, ev quşları, evində olan əşya və əmlakları qalıb. Yəni ona böyük zərər dəyib.

Prosesin davamında Xocavənd rayonunun işğal edilməsi ilə bağlı daha bir videomaterial tədqiq olunub.

1993-cü ilin aprel ayında ermənilər tərəfindən çəkilmiş videogörüntülərdə Azərbaycanın həmin vaxt Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Xocavənd rayonunda bir qrup silahlı hərbçi, o cümlədən Serj Sarkisyan (2008-2018-ci illərdə Ermənistan prezidenti) və hazırda məhkəmədə mühakimə olunan David İşxanyan görünür. Erməni dilində olan videomaterialın tərcüməsi vasitəsilə tədqiqi zamanı məlum olub ki, Serj Sarkisyan hərbi bölmələri yoxlamağa gəlib. Videogörüntülərdə Monte Melkonyan Serj Sarkisyana məruzə edir. Serj Sarkisyan ona “Söhbət bu dəqiqə atəşi dayandırmaqdan getmir. Söhbət bu dəqiqə hücum əməliyyatlarından və daha çox ərazi tutmaqdan gedir”, - deyir.

Videomaterialda daha sonra əraziyə baxış keçirilir, Serj Sarkisyan David İşxanyanla söhbət edir. İşxanyan ona Ağdam rayonu və rayonun Abdal Gülablı istiqamətindəki döyüş əməliyyatı, əməliyyat şəraiti barədə məlumat verir.

Videogörüntülərdə daha sonra qoşunların təminatı barədə danışılır. Vidematerialda daha sonra Serj Sarkisyan əsgərlərlə bir qədər söhbət edir. Məhkəmədə nümayiş etdirilmiş vidematerialla bağlı dövlət ittihamçıları təqsirləndirilən şəxs David İşxanyana suallar ünvanlayıb. David İşxanyan dövlət ittihamını müdafiə edən prokurorların suallarını cavablandırarkən bu videomaterialın çəkilməsini və Serj Sarkisyanın əraziyə səfərinin məqsədini xatırladığını deyib.

“Gəlmişdilər mənim taboruma. Taborun mövqələrindəki vəziyyətlə tanış olurdular”, - deyə müttəhim bildirib.

O, videodakı şəxslərin bir qisminin adlarını da sadalayıb:

“Serj Sarkisyan, Monte Melkonyan, Movses Akopyan. O, həmin vaxt Monte Melkonyanın müavini idi. Videodakı digər şəxs mənim qərargah rəisim Aramayız Karapetyandır”.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 May 2025

BÜTÜN XƏBƏRLƏR