Onlayn ictimai-siyasi qəzet
Özbəkistan hökuməti dünyanın ən böyük kriptovalyuta birjası olan Binance platformasının ölkədə fəaliyyətinə icazə verib.
Musavat.com platformanın açıqlamasına istinadən xəbər verir ki, Binance-in Özbəkistandakı tərəfdaşı olan coinpay.uz fəaliyyətə başlayıb.
Bildirilir ki, bütün inteqrasiya mərhələləri başa çatıb və Özbəkistandakı istifadəçilər artıq Binance kriptovalyuta birjası tərəfindən yaradılan həlli birgə platforma vasitəsilə rəsmi olaraq istifadə edə bilərlər.
Xidmətin işə salınması Perspektivli Layihələr üzrə Milli Agentliyin (NAPP) yardımı və Özbəkistan qanunvericiliyinə uyğun olaraq Coinpay və Binance arasında əməkdaşlıq sayəsində mümkün olub: “İndi istifadəçilər bank kartları və milli ödəniş sistemləri vasitəsilə kriptovalyutalarla təhlükəsiz əməliyyatlar apara, milli valyutada vəsaitləri depozit qoya və ya çıxara biləcəklər”.
Bir il əvvəl, 2024-cü ilin yanvarında NAPP Respublikada lisenziyasız fəaliyyət göstərdiyinə görə Binance-i təxminən 8000 dollar cərimələmişdi.
2022-ci ilin avqustunda Özbəkistanda Binance, Kraken, FTX və Huobi Global-dan başqa ən populyarları da daxil olmaqla səkkiz kriptovalyutanın veb-saytlarına giriş bloklanıb. 2023-cü il yanvarın 1-dən isə Özbəkistanda vətəndaşlar və hüquqi şəxslər yalnız milli xidmət provayderləri vasitəsilə kriptovalyutaları ala, sata və mübadilə edə bilərlər.
Qeyd edək ki, Binance Azərbaycanda da fəaliyyətini rəsmiləşdirmək niyyətindədir. Ötən il birjanın nümayəndə heyəti Bakıda olaraq, hökumət rəsmiləri ilə görüşlər keçiriblər.
Musavat.com
30 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ