Onlayn ictimai-siyasi qəzet
Bu gün Özbəkistan parlamentinin qanunvericilik palatasının plenar iclasında ölkədə elektron siqaretlərə tam qadağa qoyulmasını nəzərdə tutan qanun layihəsinə baxılıb və birinci oxunuşda qəbul edilib.
Musavat.com yerli Qazeta.uz-a istinadla xəbər verir ki, qanun layihəsində elektron nikotin daşıyıcı sistemlərin, o cümlədən elektron siqaretlərin və onlar üçün mayelərin dövriyyəsinə qadağa qoyulması təklif edilir. Sənəd tütün məmulatlarının və nikotin istehlakı üçün cihazların, o cümlədən elektron siqaretlərin dövriyyəyə qanunsuz daxil edilməsi ilə bağlı hüquqpozmalara görə də məsuliyyət müəyyən edir.
İclasda bildirilib ki, elektron siqaretlərin tərkibində nikotinlə yanaşı, insan sağlamlığına və ətraf mühitə ciddi ziyan vuran 80 müxtəlif kanserogen və zəhərli kimyəvi birləşmələr və ağır metallar var. Bədəndə nikotin asılılığının artması ilə bu, patoloji beyin strukturlarının formalaşmasına, uşaq və yeniyetmələrdə intellektin, bilik və bacarıqların azalmasına səbəb ola bilər.
Özbəkistan Səhiyyə Nazirliyi 2024-cü ilin aprelində bir sıra tütün və nikotin məmulatlarının, elektron siqaretlərin və tütün qızdırıcı sistemlərinin dövriyyəsini qadağan edən qanun layihəsini müzakirə üçün dərc edib.
Səhiyyə Nazirliyi daha sonra qeyd edib ki, son illər ölkəyə nikotin və tütün məmulatlarının “müasir” və ya “innovativ” növləri daxil olub. ona görə də əhali və gənclər, xüsusən də uşaqlar arasında onların istifadəsi artıb”.
2021-2023-cü illərdə Özbəkistana 28,5 milyon dollar dəyərində 5,4 milyon elektron siqaret idxal edilib ki, bu da əvvəlki illərlə müqayisədə 80 dəfə çoxdur (2018-ci ildə - 349 min dollar dəyərində 182 min elektron siqaret). Bu müddət ərzində hüquq-mühafizə orqanları tərəfindən 11,8 milyard manat dəyərində 105,3 min ədəd belə məhsulun qaçaqmalçılıq yolu ilə keçirilməsinin qarşısı alınıb.
Səhiyyə Nazirliyinin təhlilinə görə, yeniyetmələr və gənclər böyüklərə nisbətən elektron siqaretdən 3 dəfə çox istifadə edirlər. 18-29 yaşlı əhali arasında qızdırılan tütün sistemlərindən istifadə əmsalı 30-69 yaşlı insanlarla müqayisədə 2,5 dəfədən çox yüksəkdir.
120-yə yaxın ölkədə elektron siqaretlərin dövriyyəsi tənzimlənir, 40-a yaxın ölkədə isə onların dövriyyəsi qadağandır.
Musavat.com
08 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ