Onlayn ictimai-siyasi qəzet
Oliqarx Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadənin aliment borcuna görə axtarışa verilməsi Azərbaycanda hər gün yaşanan aliment müsibətini yenidən gündəmə gətirib.
Ataların övladlarına sahib çıxmaq istəməmələrinin müxtəlif səbəbləri var. Bəziləri imkansızlıqdan, bəziləri övladının anası ilə kəskin münasibətinə söykənib övladının saxlanması xərclərini çəkməkdən yayınır. Belə olan halda qanunlar işə keçir.
“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsaəsən, uşağın Azərbaycan qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanışıq xərclərindən az olmayan maddi təminat almaq hüququ var.
Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər.
Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Bununla əlaqədar olaraq 18 iyun 2010-cu il tarixli “Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları haqqında”, “Məhkəmə qərarlarının icrası haqqında” qanunlara - Cinayət, İnzibati Xətalar, Cəzaların İcrası Məcəllələrinə dəyişikliklər və əlavələr edilməsi barədə Qanun qəbul edilib.
“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov Musavat.com-a aliment barədə qərarın icra olunmasının qanunun tələbi olduğunu deyib:
“Məhkəmə aliment tutulması haqqında qərar qəbul etdikdən sonra onu dərhal icraya yönəldir. Cavabdehin qeydiyyat yeri və yaxud iş yeri üzrə həmin qərarı almış icra məmuru icraata başlayır. İcra məmuru qəbul etdiyi qərarla alimenti ödəməli olan şəxsə bildiriş göndərir.
Əgər məhkəmə qərarına əsasən aliment şəxsin gəlirlərinin müəyyən hissəsinə, misal üçün, gəlirin üçdə bir hissəsinə yönəldilibsə, icra məuru aliment pulunun tutulması üçün cavabdehin iş yerinə müvafiq göstəriş verir. Həmin göstərişə əsasən, cavadehin iş yeri üzrə mühasib hər ay aliment məbləğini cavabdehin gəlirlərindən tutaraq aliment alanın bank hesabına köçürür. Aliment alanın bank hesabı yoxdursa, bu halda icra şöbəsinin hesabına göndərilir.
Cavabdehin iş yeri və rəsmi gəliri olmadıqda məhkəmə alimentin sabit pul məbləğində tutulması haqqında qərar qəbul edir. Daha sonra, aliment ödəməli olan şəxs hər ay qətnamədə müəyyən edilmiş alimenti tələbkara ödəməli və ödəməni təsdiq edən sənədi - bank qəbzi, poçt qəbzi və yaxud əllə yazılmış qəbzi icra məmuruna təqdim etməlidir”.
N. Ələsgərov bildirib ki, bu gün Azərbaycanda aliment ödəməkdən yayınanlar çoxluqdadır:
“Şəxs alimenti ödəməkdən yayınırsa, icra məmuru “İcra Haqqında” Qanunun 43-cü maddəsinə istinad etməklə onun əmlakına tələb yönəldilir. Yəni şəxsin adına hər hansı bir daşınar və ya daşınmaz əmlak varsa, onun üzərinə həbs qoyulur. Həmin əmlak borc məbləğinə uyğun olaraq alimentin əvəzinə tələbkara təqdim olunur.
Tələbkar əmlakı qəbul etməkdən imtina etdiyi təqdirdə isə həmin əmlak hərracda satılır. Satışdan əldə olunmuş vəsait alimentin əvəzinə tələbkara verilir”.
Natiq Ələsgərov deyib ki, şəxsin aliment pulunun yönəldilə biləcəyi əmlakı yoxdursa, bu halda icra məmuru onun barəsində inzibati xəta haqqında protokol tərtib etməlidir:
“İcra məmuru aliment ödəməkdən yayınan şəxsin barəsində məhkəməyə müraciət edir. Xahiş edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılsın. Əgər məhkəmə şəxsi bu maddəyə əsasən təqsirli bilərsə, onda şəxs 500 manatdan 1000 manatadək cərimə və yaxud 10 gündən 30 günədək inzibati həbs oluna bilər”.
N. Ələsgərov bildirib ki, şəxs bundan sonra da icra məmurunun qanuni tələbinə əməl etmirsə, onun çağırışlarına gəlmirsə və yaxud icra məmurundan əmlakını bilə-bilə gizlədirsə, bu halda da cəzasız qalmır:
“Aliment ödəməyən şəxsin borcu 1000 manatdan yuxarıdırsa, icra məmuru onun ölkədən getmək hüququnun məhdudlaşdırılması haqqında məhkəməyə müraciət edə bilər və nəticədə məhkəmə borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması haqqında qərar qəbul edə bilər.
Əgər bütün məcburi icra tədbirləri fayda verməzsə, aliment ödəməli olan şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat verilir.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1 maddəsi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməyə görə şəxs aşağıda göstərilmiş formalarda cinayət məsuliyyəinə cəlb edilə və cəzalandırıla bilər:
2 min manatdan 4 min manatadək miqdarda cərimə, 320 saatdan dörd 480 saatadək ictimai işlər, 2 ilədək müddətə islah işləri, 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum oluna bilər”.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
08 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ