İnsanlara hürriyət, millətlərə istiqlal!

"Ordu "5-ci kolon"dan təmizlənib" mesajı

Ekspert: "Dünyada "təmiz" ordu yoxdur, ola da bilməz, maraqlar varsa, mütləq şəkildə casusluq, hansısa ölkəyə işləmək anlayışı olacaq..."

Ermənistanın baş naziri Nikol Paşinyan ötən həftə canlı yayımda sualları cavablandırarkən bir sıra maraqlı məqamlara toxunub. Onlardan ən maraqlısı baş nazirin Ermənistan ordusunda “5-ci kolon”un təmizlənməsi ilə bağlı dedikləridir. 

Ermənistanın baş naziri əvvəl “5-ci kolon” dedikdə nəyi nəzərdə tutduğuna aydınlıq gətirib: “Bu, öz hərəkətlərində və ideyalarında dövlətinin siyasətindən daha çox başqa ölkələrin yeritdiyi siyasətə üstünlük verən insanlar dairəsidir. Bəli, inanıram ki, biz bu gün orduda "beşinci kolon"dan qurtulmuşuq".

Bu açıqlama erməni mediasında da ciddi müzakirələr doğurub. Bu yazılarda iddia olunur ki, Paşinyan Ermənistanda “5-ci kolon” haqqında ən yüksək səslə qışqırır, amma əslində özü Türkiyənin “5-ci kolon”u,  dövlətin qəbirqazanıdır. Bəs bu mesajın mənası nədir? Ermənistanda hərbi qiyam, çevriliş ola bilməz mesajı Rusiyayadır, yoxsa? Bu proses (orduda “5-ci kolon”) Azərbaycanda da vardımı?

Elçin Mirzəbəyli ermənilərin ən yaxşı bacardığı işlərdən DANIŞDI

 Elçin Mirzəbəyli

BAXCP sədrinin müavini, siyasi ekspert Elçin Mirzəbəyli bu iddianı doğru saymır: “Nikol Paşinyan ordudakı "5-ci kolon"dan dəfələrlə söz açıb və həm də hüquqi baxımdan paradoksal da olsa, Azərbaycan ərazilərinin işğaldan azad edilməsindən dərhal sonra bu barədə daha bərkdən çığırmağa başlayıb. Şübhəsiz ki, Paşinyan “5-ci kolon” haqqında danışanda Rusiyaya bağlı olan hərbçilərdən söz açır. Çünki Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olduğundan, həmçinin bu ölkənin ordusunun komplektləşməsində Rusiya hərbçiləri iştirak etdiyindən, yüksək rütbəli hərbçilərin demək olar ki, hamısının Rusiya hərbi məktəblərinin yetirməsi olduğundan burada hansısa digər ölkələrin “5-ci kolon”larından söhbət gedə bilməzdi. Amma “Ermənistan ordusu 5-ci  kolondan təmizlənib” iddiası inandırıcı deyil. Çünki Ermənistanın özü “5-ci  kolon”dur. İndi Ermənistanda siyasi qüvvələrin deyil, “5-ci  kolon”ların savaşı gedir. Paşinyanın bu mesajı, çox güman ki, həm Rusiyaya, həm də Ermənistandakı “Rusiya kursu”nun tərəfdarlarına ünvanlanıb. Amma qənaətimə görə, bu mesajların ömrü prosesin Paşinyan hakimiyyəti üçün ağır nəticələrə yol açacaq hadisələrin cərəyan edəcəyi zaman kəsiyinə qədərdir. Çünki Rusiyanın Ermənistandakı mövcudluğu, təkcə Paşinyanın “5-ci kolon” adlandırdığı qüvvələrlə bağlı deyil. Hətta Ermənistan sərhədlərini Rusiya hərbçilərinin qoruması, Gümrüdəki hərbi baza da Rusiyanın Ermənistandakı mövcudluğunu tam ifadə etmir. Bölgədə və ölkədə “Ermənistan” adının keçdiyi nə varsa, Rusiya ilə bağlıdır. Əgər Nikol Paşinyan başına topladığı bir qrup “sorosçu” ilə bu reallıqları dəyişə biləcəyini düşünürsə, böyük səhvə yol verir. Moskvanın Ermənistanla bağlı sərt tədbirlər həyata keçirməməsinin yeganə səbəbi “dövlət” deyil, toplum faktorudur. Həm də Moskva çox yaxşı bilir ki, bölgənin heç bir dövləti Ermənistanın regiondankənar qüvvələrin platsdarmına çevrilməsində maraqlı deyil və Paşinyanın manevrlərinin müvəqqəti siyasi şou effektindən başqa heç bir nəticəsi olmayacaq".

Əli Orucov: “Sıravi müxalifətçilər partiya rəhbərliyinə, liderlərinə  təzyiqləri artırmalıdır”

Əli Orucov

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov Paşinyanın bu fikirləri səsləndirərkən konkret ünvan göstərmədiyini qeyd etdi: “Erməni baş nazir Nikol Paşinyan özünün qərbpərəstliyini daha bariz nümayiş etdirmək üçün bununla Rusiyaya qarşı guya sərt siyasi xəttinin rəngini tündləşdirir. Ancaq hesab edirəm ki, Paşinyanın bu ikili oyunudur və bir-birinə zidd olan Rusiya və Qərbin hədəflərinə hesablanıb. Qərbə göstərməyə çalışır ki, onun hakimiyyətinə və yürütdüyü siyasi kursa qarşı ciddi daxili təhlükələr var, digər tərəfdən, Rusiyanın sanksiyalardan yan keçməsinə yardım edir. Əksəriyyətinin ağlına isə ilk növbədə həmin xarici dövlətin Rusiya olması gəlir. Bu da təsadüfi deyil. Çünki digər sahələrdə olduğu kimi, Ermənistan hərbi müdafiəsi və təhlükəsizliyi birbaşa Rusiyanın təsiri və nəzarəti altındadır. Hərbi kadrlar, silah-sursat təminatı və s. bütünlükdə şimal qonşumuz tərəfindən həyata keçirilirdi. Bugünlərdə Ermənistan Fransa ilə hərbi əməkdaşlıq sahəsində müqavilə imzalasa da, İtaliya və Hindistanla silah alışı ilə bağlı razılaşma əldə etsə də, hərbi arsenalın böyük hissəsi Rusiya istehsalına bağlıdır. Hərbi kadrlarını Rusiya hazırlayır. Əgər Moskvanın ciddi iradəsi olarsa, Paşinyanın dövlət idarəçiliyində və orduda "5-ci kolon" dediyi onun bir gecədə qəbrini qazar və basdırar. Demək, Paşinyanın ikili oyunu Moskvanın da maraqlarına uyğundur. Heç kəsə sirr deyil ki, Ermənistan adlı dövləti Azərbaycan ərazilərinin hesabına Rusiya yaradıb, ona himayədarlıq edir. Ermənistanı hətta haqlı olaraq Rusiyanın forpostu adlandırırlar. Belə olan halda dövlətin özü bütünlükdə xarici dövlətlərin “5-ci kolon”u olduğu halda dövlət idarəçiliyində orduda “kolon”lardan danışmaq qeyri-ciddi səslənir".

Jurnalist Səxavət Məmməd həbs edildi

Səxavət Məmməd

Hərbi ekspert Səxavət Məmməd bildirdi ki, ordunun “5-ci kolon”dan təmizlənməsi inandırıcı deyil: “Hesab edirəm ki, bu, Paşinyanın arzusudur. Faktiki olaraq Ermənistan dövlət kimi var olduğuna görə Rusiyaya borcludur. Ermənistan ordusunun formalaşmasında Rusiyanın birbaşa iştirakı olub. Yəni qısa zamanda Ermənistan ordusunun "5-ci kolon"dan təmizlənməsi inandırıcı deyil. Heç Paşinyan özü belə buna inanmır. Paşinyanın bu mesajı təkcə Ermənistan ictimaiyyətinə yox, həm də Qərbə yönəlikdir. O, bu mesajla Qərb dairələrinə çatdırmaq istəyir ki, Rusiyadan hər formada qopub. Ermənistan ordusunun zabit hazırlığı birbaşa Rusiya tərəfindən həyata keçirilib. Bundan əlavə, Ermənistan daxilində Rusiyanın hərbi bazası da mövcuddur. Belə olan təqdirdə hansı təmizlikdən söhbət gedə bilər? Bizim insanlarda belə fikir formalaşıb ki, Rusiyaya ancaq rus hərbi təhsili alanlar işləyə bilər. Bu belə deyil. Hətta elə olur ki, müəyyən şəxslər kursant vaxtından ələ alınır və onlar Rusiyada yox, başqa ölkələrdə hərbi təhsil alır. Beləcə iz azdırılmış olur. Hər kəsin gözündə Qərb təhsilli biri, Rusiyanın ən vacib adamı olmuş olur. Rusiya bunu təkcə Ermənistanda, Azərbaycanda yox, digər ölkələrdə həyata keçirib. Ona görə də rus təhsili almayan zabitin Rusiyanın adamı ola bilməz anlayışı yalnışdır. Casusluq, onu müəyyən edilməsi o qədər ağır və çətin prosesdir ki, qısa zamanda buna nail olmaq mümkün deyil. Paşinyan ordusunu heç Azərbaycana işləyənlərdən təmizləyə bilməyib, gəl ki, Rusiyaya işləyənlərdən təmizləsin".

Hərbi ekspert dünya dövlətlərinin hər bir ordusunda casusların olduğu barədə də danışdı: “Yeri gəlmişkən, Azərbaycan da buna qarşı mübarizə aparır. Azərbaycan Ordusunda Rusiyaya bağlı, Rusiyaya işləyənlər olub. Hətta bəziləri casusluq etdiyi üçün aşkarlanıb və hüquqi cəzasını alıb. 44 günlük müharibə zamanı Azərbaycan Ordusu Baş Qərargah rəisi Nəcməddin Sadıkovla vidalaşmalı oldu. "Mətbuatda Rusiyanın adamıdır", “Rusiyaya işləyir” sözü ən çox sabiq Baş Qərargah rəisi haqqında işlədilib. Müharibədən 3 il keçib. Azərbaycan heç kimə elan etmədən təmizləmə işləri görür.

Dünyada “təmiz” ordu yoxdur, ola da bilməz. Türkiyə ordusu ideoloji üzərində qurulub. Ancaq illər öncə Türkiyə ordusunda çoxlu sayda Yunanıstana casusluq edənlər saxlanılmışdı. Rusiya ordusunda Ukraynaya, Ukrayna ordusunda Rusiyaya işləyənlər saxlanılmışdı. Mossadda yüksək post tutan biri İran casusu çıxmışdı. ABŞ ordusunda Rusiyaya casusluq edənlər aşkarlandığı barədə də kifayət qədər informasiyalar yayılıb. Yəni ordu varsa, maraqlar varsa, mütləq şəkildə casusluq, hansısa ölkəyə işləmək anlayışı olacaq. Bu yalnız az və çox ola bilər. Ancaq ordu təmizlənib demək, sadəcə, özünü aldatmaqdır".

Cavanşir ABBASLI
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR