İnsanlara hürriyət, millətlərə istiqlal!

"Onların tenderə qoşulması mənasızdır"

"Bəzi dövlət qurumlarının uzun illərdir ki, öz şirkətləri, hətta şirkətlərinin "şirkətləri" də formalaşıb. Layihələrin dəyəri bir neçə dəfə şişirdilir".

Musavat.com xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz bildirib.

O, İT sahəsində tenderlərin necə keçirilməsinə diqqət yönəldib, deyib ki, bir müddət öncə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli cari ilin 9 ayı ərzində 1031 tenderin nəticəsinin ləğv olunduğunu bildirib:

"Səbəb olaraq satınalmalarla bağlı qanunvericiliyin tələblərinin pozulması hallarının müəyyən edildiyi göstərilib. Bu, həmin dövrdə imzalanan müqavilələrin 14.2 faizini təşkil edir. Əlbəttə, bunlar ciddi rəqəmlərdir, diqqət cəlb edəndir, güman ki, onların ləğvi Antiinhisara da asan başa gəlməyib. Amma düşünürəm ki, reallıqda bu rəqəm daha çoxdur. Güman etmək olar ki, Antiinhisar Dövlət Xidməti bu nəticələri yalnız daxil olan müraciətlər əsasında ləğv edib. Müşahidələrimizə əsasən qeyd edə bilərik ki, son dövrlərdə vəziyyət elədir ki, bir çox tender iştirakçıları öncədən separat sövdələşmə apararaq tenderləri qazanırlar. Yəni ciddi rəqiblərə bildirilir ki, artıq "danışılıb" və onların tenderə qoşulması mənasızdır".

Ekspertin sözlərinə görə, layihələrin dəyəri bir neçə dəfə şişirdilir: 

"Müşahidələr göstərir ki, İKT sektorunda, İT sahəsində satınalmalarla bağlı problemlər daha da çoxalıb, vəziyyət pisliyə doğru dəyişib. Effektivlik və səmərəlilik hədsiz çox azalıb. Ən biabırçı hallar isə texniki şərtlərlə bağlı olur. Texniki şərtlər bilərəkdən elə tərtib olunur ki, öncədən kimin qalib gələcəyini müəyyən etmək olur. Ümid edirəm, satınalmalarla bağlı yeni qanunun qəbulundan sonra Antiinhisar Dövlət Xidməti dövlət nəzarətini gücləndirəcək, şəffaflığı və ictimai nəzarət imkanlarını genişləndirəcək".

Afaq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR