İnsanlara hürriyət, millətlərə istiqlal!

“Onlar güllələnməlidir” - Hərbçilərin ərzaq payına göz dikənlərə Andropovun cəza tələbi...

1980-ci illərdə SSRİ-də ərzaq qıtlığı sovet vətəndaşlarının yaşam tərzinə mənfi təsir göstərməklə yanaşı, həm də bir çox cinayət hadisələrinə səbəb olub.

Mağazalarda piştaxtaların boş olması qara bazarların fəaliyyətini və coğrafiyasını daha da genişləndirib. Təkcə Moskvada deyil, müttəfiq respublikaların paytaxtlarında, böyük şəhərlərdə hüquq-mühafizə orqanlarının əməkdaşlarından tutmuş sıravi vətəndaşlara qədər hamı yaxşı bilib ki, hansı məhsulu haradan, kimdən və hansı yolla almaq olar. Bu qeyri-qanuni ticarətə isə bir çox hallarda rəsmilər də göz yumub.

Əsas problem qara bazarların məhsulla təmin edilməsi olub ki, bu məsələdə işbazlar vəzifəli şəxslərlə işbirliyinə giriblər. Amma “alver” heç də həmişə uğurlu alınmayıb.

1981-ci ilin may ayında isə asanlıqla pul qazanmaq istəyən dörd nəfərlik cinayətkar dəstə öz istəklərinə nail ola bilməyib.

Bu dəstəyə Aleksey Boçarov rəhbərlik edib. 1940-cı ildə Rostovda anadan olan Boçarov hələ 23 yaşı olanda oğurluq maddəsi ilə 3 il məhkumluq həyatı yaşayıb. Buna baxmayaraq, o, öz “fəaliyyət”indən əl çəkməyib. Qeyd edək ki, Boçarov 1970-ci illərdə vilayətdə zəngin həyat tərzi ilə fərqlənib. Mövcud dövrdə SSRİ-nin şəhərlərində çox az rast gəlinən xarici avtomobillərdən biri də məhz Boçarova məxsus olub.

ROSTOV.jpg (177 KB)

Boçarov növbəti “əməliyyat”ına bir neçə ay hazırlaşıb. Elə bu məqsədlə kiçik bir dəstə də yaradıb. O, əvvəlcə Rostov vilayətində yerləşən hərbi hissələrin birinin qərargah rəisi Lyaqinovla tanış olub. Çox qısa müddətdə bu tanışlıq dostluğa çevrilib. Nəhayət, Boçarov Lyaqinova öz məqsədini açıqlayıb. Vilayətdə yerləşən hərbi ərzaq anbarına “əl gəzdirmək” məqsədini.

Lyaqinov pul qarşılığında Boçarova anbarla bağlı bütün məlumatları, mühafizə sistemini, anbarda saxlanılan ərzaq məhsullarının miqdarını, anbara giriş-çıxış qaydalarını son detallarına qədər açıqlayıb. Bu məlumatlardan məlum olub ki, anbar 24 saat ərzində əsgərlər tərəfindən mühafizə olunur və onlar anbar rəisinə tabedirlər.

Beləliklə, Boçarov əməliyyat planı hazırlayıb. 1981-ci ilin mayın 5-də o, 4 yük maşını ilə anbara yollanıb. Əvvəlcədən yük maşınlarına hərbi nömrələr taxılıb və həmin nömrələrə uyğun olaraq yol göndərişləri və digər müvafiq sənədlər hazırlanıb. Boçarov özü də praporşik formasında birinci maşında əyləşib. Anbarın buraxılış məntəqəsində sənədlər yoxlanıldıqdan sonra maşınlar əraziyə buraxılıb. Boçarov sənədlərlə birgə anbar rəisi mayor Deqtaryovun kabinetinə keçib. Sənədləri rəisə uzatdıqdan sonra kabinetin qapısını arxadan bağlayıb, kitelin altında gizlətdiyi tapançanı çıxararaq anbar rəisinə tələblərini diktə etməyə başlayıb:

- Kiçik bir səs-küy sizin ölümünüzə səbəb ola bilər. Sizin bir saat vaxtınız var. İndi telefonla göstəriş verin ki, anbarlardakı məhsullar maşınlara yüklənsin və anbardan çıxmaq üçün lazımi sənədləri hazırlayın.

Bir saat ərzində ərzaq məhsulları 4 yük maşınına yüklənib. Hər birində 12 ədəd olmaqla 75 qutu qatılaşdırılmış süd, hər biri 20 kiloqram olmaqla 123 qutu kərə yağı, 400 banka yaşıl noxud, hər biri 50 kiloqram olmaqla 80 kisə qənd və s.

MOLOKO.jpeg (42 KB)

Yükləmə sona çatdıqdan sonra Boçarov anbar rəisinin qollarını və ayaqlarını bağlayıb, ağzına dəsmal tıxayıb, kabinetdəki bütün telefon xətlərini kəsib və rəisin tabel silahını da götürüb. Kabinetdən çıxanda isə otağın qapısını açarla bağlayıb. Hər şey sakitliklə ötüşüb. Anbarlarda yük bölgüsü aparan rəisi tərəfindən ona göndərilən sənədlərdən elə düşünüb ki, ərzaq məhsulları hərbi hissələrə göndərilir. Yük avtomobilləri anbar ərazisindən heç bir maneə olmadan çıxa biliblər.

MASLO.jpg (33 KB)

Yalnız iki saatdan sonra anbar rəisinin görünməməyi, telefonlarının işləməməsi şübhələr yaradıb. Yuxarı instansiyalara məlumat verildikdən sonra kabinetin qapısını açıblar.

Artıq həmin vaxt Boçarov öz “komanda”sı ilə ərazidən çox-çox uzaqlarda olub. Sonradan istintaq zamanı məlum olub ki, onlar anbardan 7 kilometr aralandıqdan sonra yüklər başqa maşınlara yüklənib.

Hadisə ilə bağlı dərhal cinayət işi açılıb. İstintaqı Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşları aparıb. Bir həftədən artıq davam edən əməliyyat-axtarış tədbirləri nəticəsiz qalıb. Nəhayət, Moskvadan ezam olunmuş DTK əməkdaşlarından biri Rostovdan Moskvaya qayıdarkən şəhərin dəmiryolu vağzalındakı kafedə hadisənin izinə düşə bilib. Belə ki, kafedə işləyən xidmətçi qız müştəriyə kakao süzəndə soruşub:

- Qatılaşdırılmış süd əlavə edim?

Bu sual DTK əməkdaşı üçün yetərli olub. O da xidmətçidən kakao istəyib və qatılaşdırılmış südün əlavə edilməsini xahiş edib. Daha sonra isə o, xidmətçi qızla ünsiyyət qurmağa başlayıb:

- Kakao qatılaşdırılmış südlə daha ləzzətli olur. Bu mənim ən çox sevdiyim içkidir. Amma təəssüf ki, indi qatılaşdırılmış süd qəhətə çıxıb. Mən sizdən heç olmasa bir-iki banka süd ala bilərəmmi?

Xidmətçi heç bir şübhə hiss etmədən “səmimi” müştərisini razı salmağa çalışıb:

- Bu, yalnız müdirin icazəsi ilə satıla bilər. Mən sizə kömək etməyə çalışaram.

Beləliklə, müdirin icazəsindən sonra qiyməti 55 qəpik olan qatılaşdırılmış süd “müştəri”yə 3 rubla satılıb. “Müştəri” isə onu məmnuniyyətlə alıb, amma Moskvaya qayıtmasını təxirə salıb. Səhərisi gün həmin kafe nəzarətə götürülüb. Günorta saatlarında kafeyə mal gətiriləndə həmin malların içərisində oğurlanmış ərzaq məhsulları da aşkar edilib. Ərzaq mallarını daşıyan sürücü çox asanlıqla istintaq orqanları ilə əməkdaşlıq edib. Onları malların saxlanıldığı yerə aparıb.

VOYEN.png (385 KB)

Ərzaq məhsulları Rostovdan 40 kilometr aralıda ucqar bir kəndin ətrafında yerləşib. DTK əməkdaşları həmin yerə təşrif buyuranda onları Boçarov qarşılayıb. Təslim olmağı düşünməyən Boçarov silahlı müqavimət göstərib. Qarşıdurma zamanı DTK əməkdaşlarından bir nəfər yaralanıb, Boçarov isə atışma zamanı ölüb.

Məhkəmə zamanı hadisə ilə bağlı 14 nəfər haqqında ittiham qaldırılıb. O cümlədən mayor Lyaqinov da müttəhimlər kürsüsündə əyləşib. Andropovun səlahiyyəti daxilində olmasa da, DTK şefi məhkəmədən cinayətkarlar üçün ən ağır cəzaları tələb edib – onlar güllələnməlidir. 14 nəfərdən iki nəfər ən ağır cəzaya - güllələnməyə, 12 nəfər isə 7-15 il azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər.

İstintaqa cəlb edilən 38 DTK əməkdaşı isə Yuri Andropov tərəfindən dövlət mükafatları ilə təltif olunublar.

Sovet dövründə, xüsusilə Leonid Brejnevin hakimiyyəti illərində ərzaq qıtlığı ilə bağlı bu cür cinayət hadisələri çox olub. Məhz SSRİ-dəki qara bazarların fəliyyətinin arxasında böyük cinayətlər baş verib.

İlham Cəmiloğlu,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR