Onlayn ictimai-siyasi qəzet
Abşeron Rayon Məhkəməsində qızını döyməkdə təqsirləndirilən Orxan Əliyevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Musavat.com pravda.az-a istinadən xəbər verir ki, hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə icraata xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.
İttihama görə, hadisə bu il avqustun 4-də saat 20 radələrində Abşeron rayonu ərazisində qeydə alınıb. Belə ki, təqsirləndirilən Orxan Əliyev ailə üzvləri ilə birlikdə yaşadığı ünvanda yerləşən fərdi yaşayış evinin həyətində qonşuluqdakı yas mərasimində iştirak etməsi ilə bağlı arvadına irad bildirib. Onlar mübahisə edən zaman həmin hadisənin şahidi olan qızları, zərərçəkmiş Günay Əliyeva (şərti) anasının əsassız olaraq danlamasına görə atasına irad tutub.
Bu zaman Orxan övladına əsəbiləşərək onun üzərinə hücum edib. O, əvvəlcə zərərçəkmiş şəxsin boynundan bir dəfə şillə ilə, sonra isə hər iki ayağından təpiklə ardıcıl qəsdən zərbələr vurub. Nəticədə ata qızının sağlamlığına qəsdən yüngül zərər yetirib. Məhkəmədə ifadə verən Orxan Əliyev bildirib ki, hadisə günü yaşadığı evin həyətyanı sahəsinin qarşısında pivə içib. Bundan sonra arvadına yaxınlaşaraq nə səbəbə ondan icazəsiz yas mərasiminə getdiyini soruşub. Bu səbəbdən aralarında sözlü mübahisə baş verib. Həmin vaxt qızı Günay ona yaxınlaşıb nə səbəbə anası ilə mübahisə etməsini soruşub. O, əsəbiləşərək qızının boyun nahiyəsindən bir dəfə şillə ilə vurduğunu, sonra isə təpiklə ayaqlarından zərbə endirdiyini, daha sonra əsəblərinin sakitləşməsi üçün həyətyanı sahədən küçəyə çıxdığını söyləyib.
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ