Onlayn ictimai-siyasi qəzet
Bu günlərdə Vətən sevgisi ilə qorxmadan döyüş meydanlarına atılan, Qarabağ Zəfərində öz payı olan, hazırda ABŞ-ın Kaliforniya ştatında yaşayan və fəaliyyət göstərən həmyerlimiz, xalqımızın mərd qızı hərbi jurnalist Gülbəniz xanıma həsr olunan “Ölümün gözünə dik baxan Gülbəniz Arif qızı ilə görüş” adlı tədbir keçirilib.
Musavat.com xəbər verir ki, görüşə 1991-1996-cı illərdə cəbhə bölgələrinin ən qaynar nöqtələrindən, birbaşa səngərlərdən hazırladığı yazıların qəhrəmanları, polkovniklər, iki dəfə "Azərbaycan bayrağı" ordenli Şair Ramaldanov, Üzeyir Cəfərov, birinci və ikinci Qarabağ savaşının qəhrəman iştirakçılarından qazilər Adil Quliyev, Taleh Ehmedov və Elçin Rəfiyev, OMON-çulardan Aydın İsayev, İlqar İbrahimov, İlqar Hüseynov, Elçin İmanov, rota komandiri İlham Ağalarov, Rasim Əbilov, Tanrıverdi, müharibədən çəkilmiş minlərlə fotonun müəllifi Nurəhməd Vəliyev, batalyonun həkimi Səməd Məmmədov, Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə, Bisella Şirkətinin rəhbəri qazi Babək Qoca, əməkdar jurnalistlər Zemfira Məhərrəmli, Səmsiyyə Kərimova, Milli Mədəniyyətin Təbliği ictimai birliyinin sədri Jalə Cəfərova, yazıçı Hüsniyyə Hüseynova, "Azərbaycan" qəzetinin müxbiri Elşən Qəniyev, qəhrəmanlarımızı təbliğ edən vətənpərvər İlhamə xanım Nahid Əhmədova və Savalan, media nümayəndələri və d. iştirak etdilər.
Tədbirdə ilk öncə Hollandiyada yaşayan həmyerlimiz Yasənən Qaranın Gülbəniz xanıma yazdığı “Bu günkü görüşün mübarək, bacım” şeri dinlənildi, sonra onun döyüş yolunu əks etdirən “Sərhədsiz Vətən sevgisi” adlı video süjet və şair Əlisəfa Quliyevin “Gülbəniz” şeri əsasında foto-slayd nümayiş etdirildi. Burada Gülbəniz Arifqızının döyüşçülərdən götürdüyü müsahibələr və fotolar təqdim olundu. Gülbəniz xanımın “Müharibənin yolları ürəyimdən keçir” və “Əsirlikdə qalan kəndim” adlı kitablarından geniş danışıldı. Xatirələr təzələndi, o anlar təkrar yaşandı, ŞƏHİDLƏR yad edildi.
Gülbəniz Arifqızı müntəzəm olaraq döyüşçülərə həm maddi yardım aparır, həm də onlardan müsahibələr götürüb respublika mətbuatında dərc etdirirdi. Əsgərlərin problemləri ilə də maraqlanır, onların həlli üçün məmur qapılarını döyürdü. Beləcə bizim hərbi yazar kimi “Ordu”, “Hünər”, “El”, “Ədalət”, “Azad söz” və d. Mətbu orqanlarda çalışdı, müharibə həyatı başladı.
Tale onun yolunu uzaq Amerikaya tuş gətirdi. Orada yaşadığı bu illərdə Vətəni, döyüşçü yoldaşlarını unutmadı. Amerikada televiziya proqramı açdı. Azərbaycanın tanıdılması istiqamətində xeyli iş gördü. Amerika-Azərbaycan Dərnəyi təşkil etdi. Ordakı həmyerlilərimizi ətrafına topladı. Vətənimizin müsbət yöndə tanıdılması və Azərbaycan həqiqətlərinin yayılmasında böyük əmək sərf etdi. Əməyi, fəaliyyəti yetərincə mükafatlandırıldı. Diplomlar, Fəxri Fərmanlar, Təşəkkürnamələr, BMT-nin xoşməramlı səfiri, Qızıl qələm, Türkiyə-Amerika Cəmiyyətinin "İlin fəal hərbi yazarı", "İlin vətənpərvər jurnalisti" və sair.
Sonda Azərbaycana bu dəfəki gəlişində səhhətində bir az nasazlıqlar olsa da sevdiyi və qürur duyduğu döyüşçü qardaşları, dostları ilə görüşə sevə-sevə gəldiyini xüsusi ilə vurğuladı. Gülbəniz xanım bu görüşün onun həyatında böyük bir iz buraxdığını, onu çox sevindirdiyini, bu günü ona yaşatdıqları üçün tədbir iştirakçılarına öz minnətdarlığını bildirdi.
1 aprelin 1961-ci ildə Füzuli rayonunun Horadiz qəsəbəsində anadan olub. İbtidai təhsilini Füzuli rayonunun Yal Pirəhmədli kəndində bitirib. Sonra 1 saylı Horadiz qəsəbə və Füzuli şəhər B.Sərdarov adına orta məktəbdə təhsilini davam etdirib. Azərbaycan Dövlət İnşaat Mühəndisləri İnstitutunun Mülki Sənaye və Mülki Tikinti fakültəsini bitirərək Azərbaycan Dövlət Layihə İnstitutunda çalışıb. 1990-cı ildən Azərbaycanda siyasi dəyişikliklərin baş verdiyi dövrdən başlayaraq Milli Azadlıq Hərəkatına qoşulub.
İlk dəfə “İnşaatçılar” qəzetintə Gülbəniz Arif qızı imzası ilə ştatdankənar müxbir kimi fəaliyyətə başlayıb. Azərbaycanın müxtəlif bölgələrində erməni işğalçılarının zaman-zaman kəndlərə etdiyi hücumlar barədə respublikanın müxtəlif mətbu orqanlarda “Ordu”, “Azərbaycan gəncləri”, “Ədalət”, “Azad söz”, “Hünər”, “Ana”, “Həyat”, “El qəzeti” və d. qəzetlərdə yazılar dərc etdirməyə başlayıb. Qanlı 20 Yanvar və Qarabağ müharibəsinin canlı şahididir. 1991-1996-cı illər ərzində daim Füzuli, Cəbrayıl, Qubadlı, Ağdam, Beyləqan rayonlarında, cəbhə bölgələrinin ən qaynar nöqtələrindən, birbaşa səngərlərdən, hospitallarda müalicə alan əsgərlərlərdən, azadlıq uğrunda canından keçən şəhidlərdən məqalələr hazırlayaraq qəhrəman oğullarımızın göstərdiyi şücaətləri xalqa çatdırıb. Azərbaycan Respublikası Qadınlar Cəmiyyətinin ən fəal üzvlərindən biri olub.
1997-ci ildə ABŞ-ın Kaliforniya ştatında Azərbaycan dilində verilişlərin aparılması məqsədilə TV kanalının açılması üçün dəvətlə oraya gedib. Daha sonra 2007-ci ildə orada təhsis etdiyi “Amerika-Azərbaycan Qadınlar Cəmiyyəti”nin sədri, Almaniyada fəaliyyət göstərən Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təsis etdiyi “Körpü” jurnalı redaksiya heyətinin üzvü seçilib. Mütəmadi olaraq Amerikada yaşayan azərbaycanlılar barədə yazıları ilə respublikanın müxtəlif mətbu orqanlarında, o cümlədən “Yeni Azərbaycan”, “İki sahil”, “Paritet”, “Ədalət”, “Palitra”, ”Kaspi” və digər qəzetlərdə davamlı olaraq yazılar dərc etdirib.
2006-cı ildə cəbhə bölgələrinin ən qaynar nöqtələrinə səfəri zamanı qələmə aldığı və o dövrün mətbu orqanlarında dərc olunmuş məqalələrin toplandığı “Müharibənin yolları ürəyimdən keçir” və 2008-ci ildə erməni işğalında qalan doğma kəndi Yal Pirəhmədlinin tarixi, təbiəti, sadə kənd adamlarının həyat tərzi, adət-ənənəsini, kəndin müdafiəsinə qalxan sakinlərin qəhrəmanlığından bəhs edən “Əsirlikdə qalan kəndim” adlı kitablarını çap etdirib.
2007-ci ildə Yaponiya səfirliyinin təsis etdiyi “Xoşməramlı səfir” diplomuna, Azərbaycan Yazıçılar Birliyinin “Qızıl Qələm” mükafatına, Azərbaycan Respublikasının Diasporla İş Üzrə Dövlət Komitəsinin “Təşəkkürnamə”si, Amerikada fəaliyyət göstərən “Türkiyə-Azərbaycan Cəmiyyəti”nin “Qarabağın ən fəal hərbi jurnalisti” döş nişanı və diplomu ilə təltif olunub. Almaniyada fəaliyyət göstərən N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşəbbüsü ilə keçirilən “Qarabağ müharibəsini ən yaxşı işıqlandıran yazı” müsabiqəsində “Müharibənin yolları ürəyimdən keçir” kitabı 2 yerə layiq görülüb.
04 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ