İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ səfirindən mühüm bəyanat: “Türkiyə və İsrail savaşmayacaq – Tramp şahmat taxtasını dəyişdi”

Musavat.com xəbər verir ki, ABŞ-ın Ankaradakı səfiri və eyni zamanda Suriya üzrə xüsusi nümayəndəsi Barrak Bəhreyndə keçirilən “Manama Dialoqu 2025” beynəlxalq təhlükəsizlik konfransında çıxış edərək Yaxın Şərqdəki gərginliklə bağlı Prezident Donald Trampın sülh təşəbbüslərini yüksək qiymətləndirib.

Diplomatın əsas mesajı aydın və iddialı idi — “Türkiyə və İsrail savaşmayacaq.”

Səfir Barrak bildirib ki, Trampın siyasəti Yaxın Şərqdə geosiyasi düzəni kökündən dəyişdirib və indi bölgədə tamamilə fərqli bir strateji reallıq formalaşır:

“Prezident Tramp hər yerdə şahmat taxtasını tamamilə dəyişdi. Türkiyə və İsrail savaşmayacaq. Məncə, bu baş verməyəcək və Xəzər dənizindən Aralıq dənizinə qədər bir əməkdaşlıq görəcəksiniz.”

Barrakın bu açıqlaması Tramp administrasiyasının Türkiyə və İsrail arasında artan diplomatik təmasların arxasında durduğunu və iki müttəfiq ölkəni qarşıdurmadan uzaq tutmaq üçün birbaşa rol oynadığını göstərir.

ABŞ səfiri çıxışı zamanı Qəzzada əldə edilən atəşkəs razılaşmasının da Ankara və Qətərin səyləri nəticəsində mümkün olduğunu vurğulayıb:

“Türkiyə olmasaydı, Qəzzada atəşkəs olmazdı. Prezident Tramp cənab Ərdoğana dörd dəfə təşəkkür etdi. Prezident Ərdoğan və Qətər bu məsələdə möhtəşəm iş gördülər. Xüsusilə Türkiyənin Həmasla əlaqələri, onları terror təşkilatı kimi tanımaması, atəşkəsə qədər prosesi gətirdi.”

Diplomatın bu fikirləri Tramp-Ərdoğan tandeminin Yaxın Şərqdə yeni nizam yaratmaq istiqamətində qarşılıqlı anlayış və koordinasiyaya əsaslandığını göstərir.

Barrak həmçinin Qərb siyasətinin tarixi səhvlərini və regionda yanlış yanaşmaların nəticələrini sərt tənqid edib:

“Osmanlı imperiyasının süqutundan bəri Qərbin atdığı bütün addımlar səhv idi. Xalqlara, dinlərə və bayraqlara qarşı müstəmləkəçi münasibət heç vaxt nəticə vermədi. Bütün bu modellər artıq çöküb.”

Bu ifadələr ABŞ diplomatı tərəfindən regionun tarixi ədalətsizliklərinə dolayısı etiraf kimi dəyərləndirilib və geniş rezonans doğurub.

Çıxışının sonunda səfir Suriyada da irəliləyişlərin əldə olunduğunu bildirib və ABŞ-ın SDQ ilə razılığa yaxınlaşdığını açıqlayıb:

“SDQ (Suriya Demokratik Qüvvələri) ilə ortaq bir mövqe tapmağa çox yaxınıq.”

Bu bəyanatlar Tramp administrasiyasının yeni Yaxın Şərq strategiyasının əsas elementlərini – balans, dialoq və güc mərkəzlərinin yenidən bölüşdürülməsini ortaya qoyur.

Ekspertlərə görə, Vaşinqtonun Türkiyə və İsrail arasında sülh və koordinasiya xətti yaratmaq siyasəti həm Qəzzə böhranının dərinləşməsinin qarşısını alır, həm də İran-İsrail toqquşmasının regional miqyasa keçməsini əngəlləyir.

Beləliklə, “Manama Dialoqu 2025”də səslənən bu çıxış ABŞ-ın Yaxın Şərqdə yeni güc balansının memarı kimi çıxış etdiyini və Trampın diplomatik strategiyasının bölgədə real nəticələr verdiyini bir daha təsdiqlədi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Noyabr 2025

BÜTÜN XƏBƏRLƏR