Onlayn ictimai-siyasi qəzet
Məlum olduğu kimi, bir çox ölkələrdə elektron siqaretin idxalı, istifadəsi parlament qanunu ilə yasaqlanıb. Axırıncı dəfə Özbəkistan parlamenti belə bir qanun qəbul edib. Bu, ona görə vacib olub ki, elektron siqaretlərin zərərinin adi tütün məhsulları ilə müqayisədə insan orqanizmi üçün qat-qat ziyanlı olması elmi şəkildə sübut olunub.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu cür məhsulların insan sağlamlığına təsiri ilə bağlı narahatlığını ifadə edərək, ölkələri tütünlə mübarizəyə kompleks yanaşmağa və elektron siqaretlərin satışına nəzarəti gücləndirməyə çağırır.
ÜST-ün məlumatına görə, 34 ölkədə elektron siqaretlərin satışı tamamilə qadağan olunub. Belçika da 2025-ci ilin yanvarından etibarən birdəfəlik elektron siqaretlərin satışını qadağan edəcəyini açıqlamışdı.
Azərbaycanda da bu məsələ vaxtaşırı gündəmə gəlir və elektron siqaretlərin qadağan edilməsi təklif olunur. Bu təşəbbüs əsasən gənc nəslin sağlamlığının qorunması məqsədilə irəli sürülür. Hətta bir neçə ay öncə Milli Məclisdə bu xüsusda təşəbbüs olmuşdu. Millət vəkili Tahir Mirkişili çıxışında bildirmişdi ki, elektron siqaretlər gənclər arasında geniş yayılıb və dəb halını alıb. Əksər ölkələrdə bu məhsullar qadağandır, lakin Azərbaycanda belə bir qadağa yoxdur və il ərzində təxminən 3 milyona yaxın birdəfəlik elektron siqaret ölkəyə idxal olunur. Deputat iqtisadi cəhətdən zərər verməyəcəyi təqdirdə, bu məsələ ilə bağlı təşəbbüslə çıxış edə biləcəklərini vurğulamışdı.
Deputat Emin Hacıyev qeyd etmişdi ki, Azərbaycanda elektron siqaretin tərkibi ilə bağlı tələblər qoyulmalıdır.
Beləliklə, elektron siqaretlərin gələcəkdə tam qadağan olunub-olunmayacağı hələlik məlum deyil. Lakin onların sağlamlığa zərərli təsiri artıq sübut olunub, ona görə də yaxın illərdə bu sahədə daha sərt tədbirlərin görüləcəyi ehtimal olunur.
Adil Qeybulla
Tibb elmləri doktoru, professor Adil Qeybulla mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlamasında bildirib ki, elektron siqaret ideyası siqaret çəkməyə alternativ, yəni bu pis vərdişi tərk etməyə köməkçi vasitə kimi 1970-ci illərdə ortaya çıxıb: “Bilirik ki, siqaret tüstüsündən asılılıq əsasən nikotinlə bağlıdır. Lakin siqaret tüstüsünün zərərli təsiri onun tərkibindəki qətranlar və polisiklik aromatik karbohidrogenlərdən qaynaqlanır. Məhz bu maddələr kanserogen təsirə malik olduğu üçün siqaretin istifadəsi sağlamlıq üçün təhlükəli hesab edilir.
Elə həmin 1970-ci illərdə ortaya atılan ideya da nikotinin əlavə edilmiş aromatik maddələrlə birlikdə siqareti tərk etməyə kömək etməsi üzərində qurulmuşdu. Lakin bir müddət sonra bu ideyadan imtina edildi. Sonralar bu konsepsiya yenidən gündəmə gəldi, lakin sonrakı təcrübələr göstərdi ki, həmin polisiklik aromatik karbohidrogenlər özləri də kanserogen təsirə malikdir. Siqaret tüstüsü olduğu və elektron siqaretlərin tərkibində də müəyyən zərərli maddələr mövcud olduğu üçün onların insan sağlamlığına mənfi təsiri adi siqaretdən geri qalmır.
Bu qənaət tam formalaşdıqdan və elmi tədqiqatlarla sübuta yetirildikdən sonra elektron siqaretlərin qadağan edilməsi ideyası bir neçə ölkədə ortaya çıxdı. Artıq bəzi ölkələrdə, o cümlədən Özbəkistanda elektron siqaretlər qadağan edilib. Hesab edirəm ki, Azərbaycanda da bu məsələnin gündəmə gətirilməsi vacibdir".
Professorun sözlərinə görə, bir məsələ var ki, qadağadan daha çox maarifləndirməyə və təbliğata önəm vermək lazımdır: “Çünki bəzən qadağalar tətbiq olunduqda, həmin məhsulların istehsalı davam etdikcə, onlar qeyri-qanuni yollarla bazara daxil olur. Təcrübə göstərir ki, qadağalar qiymət artımına və bahalaşmaya səbəb olur, lakin məhsulun istifadəsi tamamilə dayanmır. Bu baxımdan, maarifləndirməyə diqqət yetirmək və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri əsasında bu məhsulların istehsalını dayandırmaq daha məqsədəuyğun olardı ki, problem kökündən həll olunsun”.
Xalidə GƏRAY,
“Yeni Müsavat”
06 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ