Onlayn ictimai-siyasi qəzet
MSK namizədliyi irəli sürülənlərin sayını açıqladı; ATƏT PA da seçkiləri müşahidə edəcək
1 sentyabr növbədənkənar parlament seçkiləri kampaniyasının 10-cu günüdür. İyulun 9-da Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib. İclasda MSK daha yeddi partiyanın növbədənkənar parlament seçkilərində səlahiyyətli nümayəndələrini qeydə alıb. APA-nın xəbərinə görə, məsələ barədə MSK katibi Arifə Muxtarova məlumat verib.
Məsələ səsverməyə çıxarılıb və Azərbaycan Xalq Partiyası, Azərbaycan Demokrat Partiyası, Milli Cəbhə Partiyası, Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Böyük Azərbaycan Partiyası və Ağ Partiyanın səlahiyyətli nümayəndələri qeydə alıb. Məsələ səsverməyə qoyularaq qəbul edilib.
MSK sədri Məzahir Pənahov isə məlumat verib ki, bugünədək 156 nəfərin namizədliyi irəli sürülsə də, sonradan onlardan 1-i namizədliyini geri götürüb. Deputatlığa namizədliyi irəli sürülən 155 nəfərdən 71-nin namizədliyi təsdiqlənib, onlardan 43 nəfərə imza vərəqi verilib.
İndiyə qədər növbədənkənar parlament seçkiləri ilə əlaqədar qeydə alınan müşahidəçilərin sayı açıqlanıb. İndiyə qədər 128 müşahidəçi qeydə alınıb. Onlardan 125-i Yeni Azərbaycan Partiyasının müşahidəçiləridir, 3 nəfər isə öz təşəbbüsü ilə müşahidəçi kimi qeydiyyatdan keçib.
Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov məlumat verib ki, işğaldan azad edilmiş ərazilərdə seçki məntəqələri yaradılacaq. Azad olunmuş ərazilərdə 8 əlavə seçki məntəqəsinin yaradılması təklif olunub və səsverməyə çıxarılaraq qəbul edilib. Beləliklə, parlament seçkilərində işğaldan azad edilmiş ərazilərdə 34 daimi seçki məntəqəsi fəaliyyət göstərəcək.
Siyasi partiyalar isə namizədlər siyahısını açıqlamaqdadır. Müsavat Partiyası 27 dairədən namizədlərinin adlarını açıqlayıb. Partiyanın yaydığı məlumatda bildirilir ki, digər dairələrdən namizədlərin irəli sürülməsi ilə bağlı müzakirələr davam edir, müvafiq qərarlar qarşıdakı günlərdə qəbul ediləcək. Açıqlanan siyahıda adları ictimaiyyətə tanış olmayan isimlər daha çox yer alıb. Tanınmışların nədən siyahıda yer almaması isə suallar doğurub.
Gülağa Aslanlı
Mövzu ilə bağlı Teleqraf.com-a danışan Müsavat başqanının müavini Gülağa Aslanlı partiyanın seçki siyahısının dəyişəcəyini söyləyib. “Seçkiyə qədər hələ vaxt var. Müsavat Partiyasının namizədlərinin sayının artması gözləniləndir. Siyahının hər an dəyişməsi, hər şeyin olması da mümkündür”, - deyə o əlavə edib. Başqan müavini İsa Qəmbərin, Arif Hacılının və digər tanınmış simaların seçkiyə qatılması ehtimalının olduğunu deyib: “Müsavat Partiyası üzvlərin, rayon təşkilatı sədrlərinin mövqelərini və onların arzusunu nəzərə alaraq namizədləri qeydə alıb. Bu namizədlərin əksəriyyəti əvvəlki seçkilərdə iştirak edib. Hər bir şəxsin də öz dairəsində kifayət qədər hörməti var”.
Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinin təqviminə görə isə namizədliyin irəli sürülməsinin təsdiq olunub-olunmaması qərarı sənədlər dairə seçki komissiyasına təqdim ediləndən sonra 5 gün müddətində çıxarılmalı, imza vərəqələri verilməlidir. 18 yaşına çatmış ölkə vətəndaşı parlamentin deputatı seçilə bilər. İkili vətəndaşlığı, başqa dövlətlər qarşısında öhdəliyi olan, icra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla başqa ödənişli fəaliyyətlə məşğul şəxslərin, din xadimlərinin, fəaliyyət qabiliyyətsizliyi məhkəmədə təsdiq edilən, ağır cinayətlərə görə məhkum olunmuş, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslərin seçilməsi yasaqdır. Namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanmalıdır. Bir seçicinin birdən artıq namizədin müdafiəsi üçün imza atması mümkündür.
Rəsmi qeydiyyat üçün sənədlərin dairə seçki komissiyasına təqdim edilməsi iyulun 13-də başlayır, avqustun 2-si saat 18-də bitir. İmza vərəqələrinin və başqa sənədlərin yoxlanması, namizədin qeydə alınıb-alınmaması haqqında qərar 7 gün müddətində qəbul edilməlidir. Səsvermə gününə azı 20 gün qalanadək qeydə alınmış namizədlərin seçki dairələri üzrə siyahısı dərc edilməlidir. Seçkiqabağı təşviqat avqustun 9-da başlanır, avqustun 31-i saat səhər 8-də dayandırılır.
Bu arada məlum olub ki, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası (ATƏT PA) Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı müşahidəçilər missiyasının formalaşdırılması üçün hazırlıq işlərinə başlayıb. Axar.az xəbər verir ki, bu barədə ATƏT PA-nın mətbuat xidməti məlumat yayıb.
ATƏT PA seçkilərə dəvət aldığını təsdiqləyib, lakin qeyd edib ki, missiyanın tərkibi barədə danışmaq hələ tezdir: “Biz qarşıdan gələn seçkiləri müşahidə etmək üçün dəvət almışıq və missiya göndərməyi planlaşdırırıq. Təşkilati işlərə yenicə başlanılıb və missiya rəhbərləri hələ təyin olunmayıb. Müşahidəçilərin sayı son qeydiyyat tarixindən sonra, yəni seçki gününə bir neçə həftə qalmış müəyyən ediləcək”.
Bundan əlavə, bildirilib ki, seçki günü ATƏT PA missiya rəhbərlərinin iştirakı ilə mətbuat konfransı keçirəcək.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ