İnsanlara hürriyət, millətlərə istiqlal!

Ölkədə 15 yaşınadək uşaqlar işləyə biləcək - Şərh

Sahib Məmmədov: “Bəzən bədii gimnastika, sənədli filmlərdə çəkilmə, incəsənət festivallarında iştirak zamanı uşaqlara ödənişlər edilir, amma...”

“Bəzi sahələrdə 15 yaşına qədər uşaqlar əməyə cəlb edilə bilər”. Bunu Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda keçirdiyi elmi-praktik konfransda çıxışı zamanı deyib.

Azərbaycan qanunvericiliyi uşaqların həyat və sağlamlığına, mənəviyyatına təhlükə törədə biləcək işlərə cəlb edilməsini qadağan edir. Ölkəmizin Əmək Məcəlləsinə əsasən, uşaqların işə qəbul edilməsi üçün minimum yaş həddi 15 yaş müəyyən edilib.

Bu yaşa çatmamış uşaqlarla bağlanılan əmək müqaviləsi etibarsız sayılmaqla, belə müqaviləni bağlayan işəgötürən inzibati məsuliyyətə cəlb edilir. 15 yaşdan 18 yaşadək işçilərin əməyindən istifadə ilə bağlı onlar üçün əmək şəraiti, iş və əmək məzuniyyəti vaxtı, müddəti və s. baxımından əlavə təminatlar, güzəştlər müəyyən olunub. Qanun qadağan etdiyi halda, 15 yaşadək uşaq hansı sahələrdə işləyə bilər?

Barassociation.az - Mətbuat səhifələrindən - “Ölkə rəhbərliyi vəkillik  institutuna dəyər verir” – Sahib Məmmədov

Sahib Məmmədov

Sahib Məmmədov mövzu ilə bağlı “Yeni Müsavat”ın sualını cavablandırıb. O deyib ki, uşaqların muzdlu əməyə cəlb olunması Azərbaycan qanunvericiliyi ilə qadağandır. Əmək Məcəlləsinə əsasən, 15 yaşına çatmayan şəxslərlə əmək müqaviləsi bağlamaq olmaz. Bu qadağa ilk olaraq Əmək Məcəlləsində nəzərdə tutulmuşdu. 2009-cu ildə isə bu prinsip daha da gücləndirildi və Konstitusiyanın 17-ci maddəsinə əlavə edilərək konstitusion norma səviyyəsinə yüksəldildi.

Lakin bu məsələ praktikada bəzən müəyyən problemlər yaradır. Çünki bu sahədə tənzimləmələr əsasən ali normativ-hüquqi aktlarla deyil, daha aşağı statuslu normativ aktlarla həyata keçirilir. Bu isə hüquqi qeyri-müəyyənlik yarada bilər. Mövcud qanunvericiliyə dəyişiklik edilərək bəzi istisna halları nəzərdə tutmaq mümkündür. Məsələn, Əmək Məcəlləsinə dəyişiklik etməklə müəyyən hallarda - yüngül və uşağın sağlamlığına, əxlaqına zərər vurmayan işlərdə - 15 yaşına çatmayan şəxslərlə əmək müqaviləsi bağlanmasına icazə verilə bilər. Belə hallarda həmin işlərin siyahısı aidiyyəti icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmalıdır. Bu da həm uşaqların istismardan qorunmasını təmin edər, həm də qanunvericiliyin çevik tətbiqinə imkan yaradar. Məsələn, bəzi sahələrdə 15 yaşdan aşağı uşaqların əməyə cəlb olunması hallarına rast gəlinir və bu, müəyyən qədər qanunvericiliklə uyğunlaşdırılmış formada baş verir. Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş siyahıya əsasən, bəzi sahələrdə - məsələn, bədii gimnastika, bədii və sənədli filmlərdə çəkilmə, incəsənət festivallarında iştirak və s. - uşaqlar 15 yaşdan aşağı olsa da, fəaliyyət göstərə bilirlər. Bu hallarda onların fəaliyyəti əməklə bağlı olur və çox vaxt ödənişlidir.

Konstitusiyada və Əmək Məcəlləsində 15 yaşına çatmayan şəxslərlə əmək müqaviləsinin bağlanması qadağan olunub. Bu zaman yaranan istisnalar yalnız daha aşağı statuslu normativ aktlarla tənzimlənir, məsələn, Nazirlər Kabinetinin qərarları ilə. Bu isə ali hüquqi norma olan Konstitusiyanın önündə hüquqi boşluq və ya ziddiyyət kimi qiymətləndirilə bilər.

Mən bu misalı ona görə gətirdim ki, praktikada bəzən aşağı hüquqi qüvvəyə malik normativ aktların tənzimlədiyi məsələlərin Konstitusiya ilə uyğunlaşdırılmaması problemlər yaradır. Əslində çıxış mövzum tam başqa idi, sadəcə bu məsələni nümunə kimi qeyd etdim ki, hüquqi mexanizmlərin daha çevik və uyğunlaşdırılmış şəkildə işləməsinin vacibliyi daha aydın görünsün".

Qeyd edək ki, Beynəlxalq Əmək Təşkilatının (ILO) sənədlərində uşaqların əməyə cəlb olunması iki əsas konvensiya ilə çıxış edir. 138 saylı Konvensiyaya (minimum yaş Konvensiyası, 1973) əsasən, uşaqların əmək fəaliyyətinə cəlb olunması üçün minimum yaş müəyyən edilir. Bu yaş sərhədi, adətən, məcburi təhsilin başa çatdığı yaşdan aşağı olmamalıdır (ən azı 15 yaş, inkişaf etməmiş ölkələr üçün istisnalarla 14 yaş). Konvensiya, həmçinin yüngül əmək və təhlükəli işlər üçün ayrıca yaş məhdudiyyətləri qoyur. 182 saylı Konvensiya (uşaqların ən pis iş formalarının ləğvi haqqında Konvensiya, 1999) isə uşaqlar üçün ən təhlükəli və zərərli əmək formalarının dərhal ləğv edilməsini tələb edir. Buraya uşaq alveri, zorla əmək, silahlı münaqişələrdə iştirak, fahişəlik, qeyri-qanuni fəaliyyətlər və sağlamlığa ciddi zərər vura biləcək işlər daxildir. Hər iki konvensiya Azərbaycan tərəfindən ratifikasiya olunub, bu isə ölkənin bu sahədə beynəlxalq öhdəliklər daşıdığını göstərir.

Bununla belə, bu konvensiya inkişaf etməkdə olan ölkələrə bəzi istisnalar da təqdim edir. Ölkənin iqtisadi və sosial inkişaf səviyyəsi ilə əlaqələndirilirsə, o ölkələrdə minimal əmək yaşı 14 kimi müəyyən oluna bilər. Eyni zamanda, 13 və ya 12 yaşdan etibarən uşaqlara “yüngül işlər” görməyə icazə verilə bilər. Bu işlər uşağın sağlamlığına, təhlükəsizliyinə və təhsilinə mane olmamalıdır.

Yüngül işlərə qısamüddətli, aşağı riskli fəaliyyətlər (məsələn, ailə biznesində kömək, yerli mağazada yüngül yardım) daxildir: Uşağın məktəbə davamiyyətinə və istirahətinə təsir etməyən fəaliyyətlər;

Fiziki və əqli baxımdan təhlükəsiz, yaşına uyğun olan tapşırıqlar. ILO-nun müəyyən etdiyi bu çərçivədə yüngül işlər 13 yaşdan etibarən qadağan olunmur, amma dövlətin qanunvericiliyində bunun qaydaları aydın şəkildə göstərilməlidir.

Məlumat üçün bildirək ki, milli qanunvericilikdə uşaqların əməyə cəlb olunması Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, əmək müqaviləsinin bağlanması üçün minimum yaş 15-dir. 15-18 yaş arası şəxslər yalnız valideyn razılığı və müəyyən məhdudiyyətlərlə işləyə bilərlər. Uşaqlar üçün zərərli, ağır və ya gecə işləri qadağandır. Təhsil alma hüququ pozulmamalıdır. Bundan əlavə, Uşaq Hüquqları haqqında Azərbaycan Respublikası Qanununda da uşaqların istismarının yolverilməzliyi və onların hərtərəfli inkişaf hüququ təsbit olunub.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR