Onlayn ictimai-siyasi qəzet
“Oleq Krapivindən Azərbaycan hüquq-mühafizə orqanlarına şikayət edən Rusiyanın “Aviazapchast” ASC-nin sahibi Valeriy Nikolayeviç Zaxarenkovdur”.
Bu sözləri Musavat.com-un əməkdaşına Azərbaycanda daha çox Oleq Bakinski kimi tanınan Oleq Krapivinin vəkili Xeyransa Babayeva deyib.
Vəkil müvəkkili ilə bağlı mətbuatda yazılanların bir qisminin həqiqətə uyğun olmadığını bildirib, Oleq Bakinskinin həbsi ilə bağlı sualları cavablandırmağa razı olub. Deyib ki, Oleq Krapivin ittihamı qəbul etmir.
“Yazırlar ki, Oleq Krapivin Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə ittiham olunur. Əslində isə ona bu maddə üzrə ittiham verilməyib. İttihamda xuliqanlıq və qəsdən sağlamlığa az ağır xəsarət yetirmə maddələri yer alır. Oleq kimsəyə qarşı xuliqanlıq etməyib, kimsəyə xəsarət yetirməyib. Mətbuatdan da xahiş edirəm ki, dəqiqləşdirilməmiş məlumatları yazıb Azərbaycanı canı qədər sevən, müharibəyə qədər Ukraynada ən böyük diasporlardan olan diasporamızın ən tanınan üzvü haqda belə yanlış məlumatlar yaymasınlar. Oleq Krapivin sırf təsadüfən bu məsələnin mərkəzinə düşmüş şəxsdir. Onun bu cinayət işində adının hallanması da zərərçəkən Valeriy Nikolayeviç Zaxarenkovun onu görüşə dəvət etməsinə görədir”.
Vəkil bildirib ki, Rusiya vətəndaşı olan Valeriy Zaxarenkov 2024-cü ildə Sergey Vladimiroviç Styopin və Vladislav Sergeyeviç Zryanovla birgə Bakıya Konstantin Antonoviç Kuçerlə kommersiya məsələləri ilə bağlı danışığa gəliblər. Valeriy Nikolayeviç Zaxarenkov Bakıda öz yaxın tanışları vasitəsi ilə Oleq Krapivinlə əlaqə saxlayıb, ondan görüşdə iştirak etməsini xahiş edib:
“Oleq Krapivin həmin görüşdə Valeriy Nikolayeviç Zaxarenkovun dəvəti ilə iştirak edib. Görüşdə Valeriy Zaxarenkov xoşagəlməyən, etik normalara uyğun olmayan sözlər işlədib. Oleq Krapivin isə onu etik normalara uyğun davranışa dəvət etməklə sakitləşdirməyə çalışıb. Valeriy Zaxarenkov xoşagəlməyən danışığını davam etdirdikdə isə Oleq Krapivin ondan üzr istəməsini xahiş edib. Valeriy Zaxarenkov Oleq Krapivinin bu xahişindən sonra daha da kobud danışıb və yerindən qalxaraq Oleq Krapivinin üstünə yeriyib. Həmin vaxt ayağı masaya ilişərək səndələyib, yerə yıxılıb və başından xəsarət alıb”.
Vəkil bildirib ki, növbəti gün Valeriy Zaxarenkov Sergey Vladimiroviç Styopinlə birgə hüquq-mühafizə orqanlarına Oleq Krapivindən şikayət ediblər:
“Valeriy Zaxarenkov şikayətində yazıb ki, guya Oleq Karpivin onun başına butulka vurmaqla xəsarət yetirib. Əslində isə Oleq Krapivin Valeriy Zaxarenkova xəsarət yetirməyib, onu vurmayıb. Dünyaca məşhur idmançının butulka ilə kimisə vurması uydurmadır, nağıldır”.
Vəkil görüşdə iştirak edən Sergey Vladimiroviç Styopin və Vladislav Sergeyeviç Zryanovun işdə adı keçən “Aviazapçast” və “Promışlennıye Postavki Kazaxstan” Məhdud Məsuliyyətli Cəmiyyətlərinə aidiyyatları olan şəxslər olduqlarını da deyib.
Mətbuat nümayəndələrindən xahiş edib ki, prosesdə iştirak etməklə həqiqəti olduğu kimi ictimaiyyətə çatdırsınlar.
Qeyd edək ki, sabah, yanvarın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanda daha çox Oleq Bakinski kimi tanınan Oleq Andreyeviç Krapivin cinayət işi üzrə məhkəməyə hazırlıq iclası keçiriləcək. Oleq Bakinski ilə bərabər hakim qarşısına Konstantin Antonoviç Kuçer çıxarılacaq. Cinayət işi hakim Elnur Nuriyevin sədrliyi ilə araşdırılacaq.
2024-cü ilin iyulun sonlarında Bakıda Oleq Bakinskinin həbsi bir qədər gözlənilməz oldu. Rusiya Ukrayna müharibəsindən əvvəl Oleq Bakinski Ukraynada Azərbaycan diasporunun ən parlaq üzvlərindən idi. O, Kiyev Azərbyacanlıları Konqresinə rəhbərlik edirdi.
O, 1960-cı il sentyabrın 29-da Şamaxı rayonunun Şəhriyar qəsəbəsində anadan olub. 1966-cı ildə ailəsi ilə birlikdə Bakıya köçüb. İlk təhsilini Sabunçu qəsəbəsi 68 saylı orta məktəbdə alsa da, sonra təhsilini Bakıxanov qəsəbəsində yerləşən idman təmayüllü internat məktəbində davam etdirib. 2007-ci ildə Türkiyənin İstanbul şəhərində veteranlar arasında keçirilən yarışda sərbəst güləş üzrə dünya çempionu adını qazanıb. Adı Bakı ilə bağlı olsa da, o, 1989-cu ildən Kiyev şəhərində yaşayıb. 30 ilə yaxın Ukraynada yaşadığı dövrdə, o Kiyevdə “Bakines” adlı güləş klubu yaradıb. Azərbaycanla sıx əlaqələrinə görə Şamaxıda güləş məktəbi açıb. Elə Şamaxıda onun şərəfinə güləş turniri də keçirilib. Son illər Ukraynaya girişi qadağan edilmişdi və Bakıda yaşayırdı. Oleq Bakinski milliyətcə rus olsa da, özünü həmişə azərbaycanlı hesab edib. Müsahibələrində toyunu belə, Azərbaycan adət-ənənələrinə uyğun keçirdiyini açıqlayıb. “Uşaqlığımın ən gözəl illəri həm də Sabunçu ilə bağlıdır. Böyüdüyüm məhəllənin küçələri, tinləri, insanları hələ də gözümün önündə canlanır. Güləşə olan marağım isə məni bu idman növü ilə daha peşəkar şəkildə məşğul olmağa vadar etdi. Buna görə də oxuduğum 68 nömrəli məktəbdə təhsilimi yarımçıq qoyub, “Razin”dəki idman təmayüllü internat məktəbinə getdim. Beləcə, həyatımın ayrılmaz hissəsi olan güləşçi karyeram başladı” deyə müsahibələrindən birində Oleq Bakinski qeyd etmişdi.
Rusiyanın Ukraynaya qarşı elan edilməmiş müharibə başladığı gün Oleq Krapivin həmyerlilərimizə dəstək verən tək-tük şəxslərdən biri olub. Azərbaycanın Ukraynadakı səfirinin biabırçı qaçışı fonunda Oleq Krapivin qısa müddətdə 1100 həmyerlimizi bomba yağışı altından çıxarıb Azərbaycana göndərə bilmişdi. Onun Azərbaycan adına və həmyerlilərimizə verdiyi dəstək saymaqla bitməz.
Maraqlıdır ki, Rusiyanın Ukraynaya təcavüzünə ən sərt reaksiya verən Oleq Krapivin maraqlı qüvvələrin səyi nəticəsində, 2022-ci il iyunun 26-dan Ukraynada yaşa izni ləğv olunub. Həmçinin onun hər hansı formada Ukrayna ərazisinə girişinə də qadağa qoyulub. Bundan başqa, Ukrayna hüquq-mühafizə orqanlarının təqdimatı əsasında 27 yanvar 2023-cü ildə keçirilən məhkəmədə Oleq Krapivinin oğlu Sultanbəy haqda cinayət işi başlanıb, onun qanunsuz olaraq ölkəni tərk etdiyi üçün axtarışa verilib.
Yeri gəlmişkən onu da qeyd edək ki, Rusiyanın “Aviazapchast” ASC-nin sahibi Valeriy Nikolayeviç Zaxarenkov 2020-ci ildən ABŞ Dövlət Departamentinin sanksiyaları altına düşüb. Sanksiya tətbiqi şirkətin İran, Şimali Koreya və Suriyaya münasibətdə Kütləvi Qırğın Silahlarının (KQS) yayılmaması ilə bağlı Amerika qanunvericiliyini pozması ilə əsaslandırılıb.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
10 Yanvar 2025
09 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ