Onlayn ictimai-siyasi qəzet
Rüşvətlə bəslənən keçmiş prokuror “ermənilərə qarşı törədilmiş cinayətlər”lə bağlı şikayətləri geri çəkməməyə çağırıb; hüquq müdafiəçisi: “Ermənistan bu cür ara qatanların sözlərinə uymamalıdır”
“Ermənistan 2021-ci ilin mayından ermənilərə qarşı törədilmiş cinayətlərə (?! - red.) dair istintaqı dayandıra bilməz”. “Yeni Müsavat” yazır ki, bunu Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) keçmiş prokuroru, Azərbaycan əleyhinə şər-böhtanları ilə tanınan, erməni pulu ilə bəslənən argentinalı Luis Moreno Okampo X sosial şəbəkəsində yayımlanan video-müraciətində bildirib.
“Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsindən şikayətləri geri çəkmək hüququ var. Lakin prokuror hələ də yurisdiksiyanın genişləndiyi 10 may 2021-ci ildən başlayaraq və geri çağırılma müddətinin bitməsindən bir il sonra cinayətlərə dair istintaq aparmaq hüququna malikdir”, - erməni yanlısı bildirib.
Onun sözlərinə görə, rəsmi İrəvan “son 3-4 il ərzində Ermənistanda və ya Dağlıq Qarabağda baş verən hadisələrə dair” istintaqı dayandıra bilməz.
Xatırladaq ki, Ermənistan 1 fevral 2024-cü il tarixində Roma Statutsunu ratifikasiya edərək BCM-in tam hüquqlu üzvü olub. Ermənistan rəhbərliyi iddia etmişdi ki, BCM-ə üzvlük İrəvana Azərbaycana qarşı “hərbi cinayətlər və təcavüz” ittihamı üzrə məhkəmədə iddia qaldırmağa imkan verəcək.
Ötən ilin dekabrda Azərbaycan Prezidenti İlham Əliyev bildirmişdi ki, Ermənistanla sülh müqaviləsi layihəsində razılaşılmayan iki maddədən biri məhz beynəlxalq məhkəmələrdə qarşılıqlı şikayətlərdən imtina ilə bağlıdır. Baş nazir Nikol Paşinyan bununla bağlı qeyd edib ki, Ermənistan Azərbaycanla qarşılıqlı beynəlxalq şikayətlərin geri çağırılmasını mümkün sayır.
Bəs Okampo niyə əl-ayağa düşüb? Onun yuxarıda dedikləri nə dərəcədə əsaslıdır? Ermənistan iddianı geri götürsə belə, BCM iddiaya baxa bilər? O halda qərar nə ola bilər? Bunu da qeyd edək ki, Azərbaycan Beynəlxalq Cinayət Məhkəməsinin üzvü deyil.
Çingiz Qənizadə
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq eksperti Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, Luis Moreno Okampo deyilən “şəxsiyyət” təpədən-dırnağa qədər erməni diasporu tərəfindən maliyyələşən, özünü ermənilərə satmış bir hüquqşünasdır: “Çox təəssüfedicidir ki, belə bir şəxs vaxtilə Beynəlxalq Cinayət Məhkəməsi kimi quruma rəhbərlik edib. İndi ikitərəfli qaydada Azərbaycanla Ermənistan arasında anlaşmalar əldə olunursa, proses müsbətə doğru gedirsə, əlaqələr yavaş-yavaş qurulursa, tələblərimiz Ermənistan tərəfindən qəbul edilirsə, Ermənistanın da müəyyən istəkləri bizim tərəfimizdən müzakirə olunursa və ümumi bir nəticəyə gəlmək imkanları yaranırsa, Okampo kimi adamlar niyə narahat olur, bu maraqlıdır. Belə çıxır ki, Okampo da Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasını, sülhü istəmir, çünki belə adamlar konfrontasiya vəziyyətləri mövcud olanda erməni diasporundan daha çox maliyyə qoparda bilirlər”.
Hüquq müdafiəçisi hesab edir ki, “Ermənistan 2021-ci ilin mayından ermənilərə qarşı törədilmiş cinayətlərə dair istintaqı dayandıra bilməz” şüarı ilə çıxış etmək absurddur və bu bəyanatda həm də Azərbaycana böhtan yer alır: “Azərbaycan ermənilərə qarşı heç bir cinayət törətməyib. Bir nəfər də olsun mülki ermənini Azərbaycan öldürməyib, bir nəfər də olsun mülki ermənini Azərbaycan öz ərazisindən zorla çıxarmayıb. İkincisi, Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Azərbaycan-Ermənistan münasibətlərinə qarışmaq üçün heç bir səlahiyyətə malik deyil. Ermənistan və Azərbaycan tərəfi qarşılıqlı olaraq iddialar qaldırılmaması barədə müsbət mövqelər nümayiş etdirirlərsə, bu keçmiş rüşvətxor prokurorun məsələyə qarışması ortaya suallar çıxarır. Bu cür çirkin fəaliyyətlə məşğul olan adamlar Azərbaycanla Ermənistan arasında sülh prosesinə əngəllər yaratmaq üçün ən müxtəlif yollara əl atırlar. Bu çirkin yollardan biri də Ermənistanı Azərbaycana qarşı əsassız məhkəmə iddiaları qaldırmağa, qaldırdığı iddialardan geri çəkilməməyə təşviq etməkdir. Bax, Okampo da məhz bu fəaliyyətlə məşğuldur. Belə yaramaz adamlar çalışırlar ki, Ermənistan məhkəmə iddialarından geri çəkilməsin və Azərbaycanla münasibətlər gərginləşsin”.
Ç.Qənizadənin sözlərinə görə, ancaq Ermənistan hakimiyyəti bu cür ara qatanların çağırışlarına uymamalıdır: “Məsələnin digər bir tərəfi də var. Belə ki, 2024-cü ilin 1 fevralında Ermənistan Roma statutunu ratifkasiya edərək Beynəlxalq Cinayət Məhkəməsinin tam hüquqlu üzvü olub. Amma bu, o demək deyil ki, Ermənistan qeyd olunan tarixdən öncəki məsələləri də BSM qarşısında qaldıra bilər. 30 il Azərbaycanın torpaqlarını işğal edib, 1 milyona yaxın azərbaycanlı evindən didərigin salan, onların yaşamaq, mülkiyyət hüquqlarını pozan Ermənistan həm də özünün bu cinayətlərə görə beynəlxalq məhkəmələr qarşısında cavab verməli olacağını da unutmamalıdır. Ermənistanın hüququ var ki, irəli sürdüyü məhkəmə iddialarını geri götürsün. Bu addım atılacağı halda BCM həmin iddialara baxa bilməz”. Hüquqşünas sonda onu da qeyd etdi ki, Ermənistan Azərbaycana qaldırdığı iddialardan imtina etməsə belə, bu iddiaların perspektivi yoxdur.
Xatırladaq ki, “Forbes”, “Washington Post”, “CNN” və “ABC News” kimi beynəlxalq səviyyəli media orqanları Luis Moreno Okamponu dəfələrlə tənqid edib. Okampo BCM-nin baş prokuroru olduğu dövrdə dünyanın ən məşhur vergi cənnətlərində adı hallanan şirkətləri idarə edib. BCM-dən ayrıldıqdan sonra Okampo anlaşılmaz dərəcədə böyük aktivlərə sahib idi: Onun Haaqadakı daşınmaz əmlakı (1,2 milyon avro), Argentinada beş mülkü (2,2 milyon dollar) və bankda ən azı 1 milyon dolları üzə çıxdı.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
08 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ