İnsanlara hürriyət, millətlərə istiqlal!

Oğurluğa görə cəza sərtləşir - nə dəyişəcək...

“Böyük ictimai təhlükə törətməyən cinayətlər” indi “az ağır cinayət” kateqoriyasına keçirilir - hüquqşünas rəyi

Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya görə cəza sərtləşdirilir. Bu əmələ görə azadlıqdan məhrumetmə iki ildən üç ilə qaldırılır. Bununla bağlı Milli Məclisin plenar iclasında Cinayət Məcəlləsinə dəyişikliklərin edilməsi təklif edilib.

Qanun layihəsində qeyd olunub ki, bu dəyişiklik oğurluq əməlini artıq “böyük ictimai təhlükə törətməyən cinayət” deyil, “az ağır cinayət” kateqoriyasına aid edir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il oğurluq faktlarının sayı 2 732 vahid azalaraq 4 219-a düşüb ki, bu da 39,3 faiz azalma deməkdir. Mənzillərdən oğurluq faktları daha çox azalıb. Mənzillərdən 2023-cü ildə 1 517 oğurluq olduğu halda ötən il 892 oğurluq faktı qeydə alınıb.

Maraqlıdır, oğurluğa görə cəzanın sərtləşməsi cinayətlərin qarşısını ala biləcəkmi?

Nazir Bakını tıxacdan qurtarmağı tapşırdı - problemli ərazilər

Natiq Ələsgərov

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, Cinayət Məcəlləsinə təklif olunan dəyişiklik oğurluq cinayətini “böyük ictimai təhlükə törətməyən cinayət” statusundan çıxararaq “az ağır cinayət” kateqoriyasına keçirir: “Yəni cəzanın yüngülləşdirilməsi imkanları azalır. Məhkəmə və istintaq orqanlarının cinayətə münasibəti daha ciddi olacaq. Bu dəyişiklik hüquqi təsnifat baxımından oğurluğun daha ciddi ictimai təhlükə daşıdığını rəsmiləşdirir. Cinayətlərin qarşısını almaqda müəyyən qədər rol oynaya bilər, xüsusən də potensial cinayətkarların düşünməsinə səbəb olar. Lakin cəzanın sərtəşdirilməsi təkbaşına effektiv vasitə deyil. Əgər sosial səbəblər yerində qalırsa, sərt cəza çəkindirici təsir yaratmaya bilər. Digər tərəfdən, məhkumluq həyatı cinayətkarların reabilitasiyasını çətinləşdirə bilər, bu da onların yenidən cinayətə qayıtma riskini artırır. Xüsusən də yüngül oğurluğa görə cəzalanan şəxslər üçün real reabilitasiya və reinteqrasiya proqramları olmalıdır. Cəzanın sərtləşdirilməsi oğurluğun qarşısının alınmasında bir vasitədir, lakin tək çıxış yolu deyil. Əgər məqsəd cinayətin kökünü kəsməkdirsə, hüquqi yanaşma sosial və profilaktik tədbirlərlə vəhdət təşkil etməlidir”.

Natiq Ələsgərov deyib ki, əksəriyyət üçün oğurluq, sadəcə, maddi zərər deyil, həm də təhlükəsizlik hissinin itməsi, zədələnməsidir: “Oğurluq cinayətinə görə cəza sərtləşdirilməsi, həbs müddətini 2 ildən 3 ilə qaldırılması  realda oğurluqların qarşısını alınmasına o qədər də təsir etməyəcək. Qanunun sərtləşməsi, əlbəttə ki, cinayətə meyilli şəxslərdə müəyyən qorxu yarada bilər. Bununla belə ədalətli və labüd cəza sərt cəzadan daha effektivdir. Yəni insan bilsə ki, oğurluq etdiyinə görə mütləq cəza alacaq, bu, onu cinayətdən daha çox çəkindirəcək. Oğurluğa gedən tutulmayacağı düşüncəsi ilə riskə gedir. Həmin an ağır cəza almaq qorxusu haqda düşünməkdən uzaq olur. Cəzanın sərtləşməsi təkcə qorxutmaq üçün deyil, həm də hüquqi qiymət vermək üçündür. Oğurluq artıq sıradan bir əməl deyil, cəmiyyət üçün real təhlükə sayılır”.

Natiq Ələsgərov deyir ki, oğurluğun qarşısını almaq üçün sosial mexanizmlər olmalı, cəza almış şəxsin cəmiyyətə qayıdışı da nəzərə alınmalıdır: “Cinayətlə mübarizədə cəza son addımdır. Əsas məsələ cinayətin qarşısını almaqdır. Əgər bir gənc iş tapa bilmirsə, maddi sıxıntı içindədirsə və gələcəyə ümid yoxdursa, cinayətə yuvarlanması da istisna deyil. Bu zaman ağır cəza onu qorxutmaya da bilər. Çünki onsuz da itirəcək bir şeyi yoxdur. Ona görə də cəzanın sərtləşməsi ilə yanaşı sosial dəstək proqramları, ictimai işlə təmin etmə layihələri, cinayətdən sonrakı reabilitasiya sistemləri də mövcud olmalıdır. Əks halda, cəzaçəkmə müəssisəsindən çıxan şəxs cəmiyyətə adaptasiya ola bilmədiyi üçün yenidən cinayətə qayıdacaq. Beləliklə, cəza sistemi çıxılmaz bir dövrəyə çevriləcək. Cəzanın sərtləşməsi əmələ sərt cavabdır. Amma çıxış yolu deyil. Oğurluğa görə cəzanın sərtləşməsi qanunun ciddiliyini artırır. Amma bu, cinayətin səbəblərini aradan qaldırmır. Cinayətkarlığa qarşı real mübarizə yalnız qanunla deyil, təhsil, sosial siyasət, ədalətli məhkəmə sistemi və vətəndaşın inkişafına qoyulan investisiya ilə mümkündür”.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 May 2025

BÜTÜN XƏBƏRLƏR