Onlayn ictimai-siyasi qəzet
Bakıda Ermənistan silahlı qüvvələri və qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfərin məhkəmə istintaqı davam edir.
2025-ci il yanvarın 17-də öz işinə başlayan tarixi məhkəmə prosesidə hakim heyəti qarşısına Qarabağdakı xunta rejiminin keçmiş və son rəhbərləri, hərbi canilər çıxarılıb.
İttiham aktında yer alan ittihamlar bir-birindən tükürpədən, qanlı hadisələri, əməlləri əhatə edir. Əzəli Azərbaycan torpaqlarında həmyerlilərimizə qarşı törədilən amansız, insanlıqdan kənar cinayətlər irqçi, faşist Zori Balayanın kitablarından tutmuş həmin cinayətlərdə birbaşa iştirak edən ermənilərin öz dillərindən də dünyanın müxtəlif mətbu orqanlarında, beynəlxalq təşkilatların hesabatlarında dərc olunub.
Azərbaycan İsraildən sonra ikinci dövlətdir ki, xalqına qarşı hərbi cinayətlər və terror törətmiş şəxsləri tapır və həbs edir. Bu, Azərbaycanın legitim hüququdur.
Məlumdur ki, 30 ildə torpaqlarımızın işğalına, ərazilərimizin beynəlxalq terrorçuların və beynəlxalq narkomafiyanın, silah qaçaqmalçılığının sığınacağına çevrilməsinə göz yuman beynəlxalq birlik hərbi cinayətkarların cəzalandırılması üçün hansısa addım atmırdı və atmayacaqdı.
Xatırladaq ki, 2020-ci il oktyabrın 4-də səhər saat 10 radələrində ermənilərin atdığı raketlər Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə mülki yaşayış məntəqəsinə, o cümlədən sakinlərin yaşadığı ikimərtəbəli binaya, həmçinin fərdi yaşayış evlərinə düşmüşdü. Düşmən tərəfindən Gəncənin bombalanması nəticəsində 1 mülki şəxs şəhid olub, 32 mülki şəxs isə yaralanıb.
Bununla yanaşı, oktyabrın 5-də Bərdə şəhərinin mərkəzi küçələrinə və mərkəzi xəstəxananın yaxınlığına düşmüş raket mərmisinin qəlpələrindən 2 nəfər həlak olub, 6 nəfər yaralanıb, mülki infrastruktura külli miqdarda ziyan dəyib. Ümumilikdə isə Bərdə rayonunda törədilən terrorlar nəticəsində 28 nəfər həlak olub, 108 nəfər yaralanıb.
Hazırda məhkəməsi keçirilən müttəhimlərə qarşı irəli sürülən ittihamlar toplusu onlara ən ağır cəzalar, o sırada ömürlük həbs vəd edir.
Bu şəxslərin barəsində ittihamedici hökm çıxarılacağı halda cəza yerində saxlanılmaları hansı qaydada aparılmalıdır? Onlar üçün ayrıca korpus tikilməsi vəziyyətdən çıxış yolu ola bilərmi?
Penitensiar Xidmətin keçmiş rəisi Məmməd Zeynalov Musavat.com-a açıqlamasında bildirib ki, hazırda Bakıda keçirilən prosesdə hakim qarşısına çıxarılan şəxslərin saxlanılması üçün şərait var:
“Qobustan Qapalı Həbsxanasında korpuslarda 10-15 məhkumun bir yerdə saxlanılması üçün kameralar var. Həmin kameralarda bu şəxsləri yerləşdirə bilərlər. Azərbaycanda cəzaçəkmə yerlərində saxlanılan şəxslərin milli mənsubiyyətini araşdırsaq, görərik ki, ölkədə yaşayan əksər millətlərin nümayəndələri ən müxtəlif səbəblərə görə cəza çəkirlər. Cinayət Azərbaycan ərazisində törədilibsə, cəzalarını da Azərbaycan həbsxanasında çəkmək məcburiyyətindədirlər”.
Məmməd Zeynalov deyib ki, mühakimə olunmuş şəxslərin verilməsi məsələsi 1983-cü ildə qəbul olunan Avropa Konvensiyası əsasında həll olunur:
“Bunun üçün hər iki tərəfin Konvensiyanı ratifikasiya etməsi şərtdir. Konvensiyaya uyğun olaraq, sənədi imzalayan bir dövlətin ərazisində mühakimə olunan şəxs sənədi imzalayan digər bir dövlətə cəzasının qalan müddətini çəkmək üçün təhvil verilə bilər. Bu halda Konvensiya həmin insanın mühakimə olunandan dərhal sonra verilməsinə məhdudiyyət qoymur”.
Qeyd edək ki, məhkəmə 15 nəfərin ümumilikdə 2 min 548 epizod üzrə işinə baxır. 1987-ci ilin oktyabr ayından 22 aprel 2024-cü il tarixədək törədilmiş cinayətlərin bir qismi ilə bağlı Baş Prokurorluq və Respublikanın ayrı-ayrı istintaq qurumlarında istintaq edilən 1389 cinayət işi bir icraatda birləşdirilib və Azərbaycan Respublikasının Baş Prokurorluğunun rəhbərlik etdiyi, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi və Hərbi Prokurorluğun müstəntiqlərindən ibarət tərkibdə istintaq olunub. Toplanmış sübutlar əsasında ümumilikdə 2 min 548 epizod üzrə Ermənistan Respublikası silahlı qüvvələri və qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər - Qukasyan (Ğukasyan) Arkadi Arşaviri (Arşaviroviç), Harutyunyan Arayik Vladimiri (Vladimiroviç), Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Babayan Davit Klimi (Klimoviç), Mnatsakanyan Lyova Henrixi, Manukyan Davit Azati, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurqen Homerosi, Balayan Levon Romiki, Babayan Madat Arakeli (Arakeloviç), Beqlaryan Vasili İvani və Qazaryan Erik Roberti təqsirləndirilən şəxs qismində cəlb olunublar.
Onlar cinayətkar birlikdə iştirak etdiyi dövrlərə uyğun olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırım), 105 (əhalini məhv etmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb olunub, hər birinin müdafiə, bildiyi dilindən istifadə etmək və digər prosessual hüquqları təmin edilib.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
03 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ