Onlayn ictimai-siyasi qəzet
Donald Trampın ABŞ-də prezident səlahiyətlərinin icrasına başlamasına hələ 36 gün qalsa da, prezident seçilməsindən bəri keçən 40 gündə verdiyi açıqlamaları, təyinatları, hərəkətləri dünyanın gələcəyi baxımından nikbin olmağa əsas vermir.
Hətta əksinədir, seçki kampaniyası zamanı onun barəsində səslənən bədbin mülahizələrin doğrulması ehtimalı günbəgün böyüyür.
Hələ iş başına keçməmiş prezidentin Kanadanın baş naziri Castin Trüdo ilə görüşərkən, onun rəhbərlik etdiyi dövləti ABŞ-nin ştatı adlandırması, baş naziri isə qubernator gözündə görməsi ölkə tarixində görünməmiş biabırçılıq idi. Corc Vaşinqtondan tutmuş Cozef Baydenə qədər heç bir prezident dost-qardaş ölkəyə və onun rəhbərinə qarşı belə hörmətsilik etməyib. Heç onun kimi qeyri-ciddi hərəkətlər edən sələfi də olmayıb.
Trampın davranışı təkcə Kanada siyasiləri və ictimaiyyəti üçün təhqiramiz xarakter daşımır, onun Kanada mallarına 25 faizlik rüsum tətbiq edəcəyi barədə dedikləri şimal ölkəsinin iqtisadiyyatı, xalqın rifahı üçün təhlükə deməkdir.
Nəzərə alaq ki, Kanada dünyanın ən inkişaf etmiş 10 ölkəsindən biridir, əhalisinin rifah səviyyəsinə görə də dünya reytinqində ilk onluğa girir. Bundan başqa, bu ölkə insan azadlıqları və hüquqlarına riayət sahəsində dünya öncülüdür və mötədil miqrant siyasətinə malik olması ilə məşhurdur.
İndi belə bir ölkə dünənə qədər ən yaxın müttəfiqi hesab etdiyi superdövlətdən zərbə gözləyir. Bu iki ölkənin tarixində qarşılıqlı münasibətlərdə bəlkə də ilk ciddi gərginliyin yaranmasının səbəbkarı isə Trampdır.
Bu şəxsin digər qonşusu Meksika ilə də mehriban qonşuluq siyasəti yeritməyəcəyi bu ilin ortalarından bəlliydi. O fikir də öz təsdiqini tapır. Tramp Meksikanın ABŞ ərazisini kütləvi şəkildə miqrant və narkotik maddələr keçirilməsinə şərait yaratmaqda suçlayır. Yəqin Tramp tezliklə Meksika ilə ABŞ arasında çəkilən 5 metrlik hasarın yarımçıq qalmış tikintisini bərpa edəcək. Onun yüz minlərlə miqrantı ölkədən qovmaq planı da var.
Trampın əsas fəaliyyət devizi 1-ci prezidentlik müddətində olduğu kimidir: “Hər şey Amerika üçün”. Dünya isə təkcə Amerikadan ibarət deyil və hər şeyin onun üçün olması onsuz da kasıb ölkələrə səfalət vəd edir.
Avropa dövlətləri açıq-aşkar Trampa güvənmir və öz təhlükəsizliklərinin qayğısına ABŞ liderinin qatqısı olmadan qalmaq istəyirlər. “Qoca qitə”nin ən qüdrətli dövlətlərinin siyasi dairələri belə hesab edirlər ki, Trampın sağı-solu bəlli deyil, o, istənilən gün bir impulsiv qərar qəbul edə bilər.
Dünənə qədər ABŞ-dəki prezident seçkisinə “Tramp gələcək, Ukrayna bitəcək” ümidi ilə baxan Rusiya rəsmiləri də bir qədər məyuslaşıblar, açıqlamalarında əl yeri qoyurlar ki, Tramp prezident kimi fəaliyyətə başlayandan sonra da müharibə davam edə, hətta bu şəxs Rusiyaya qarşı tətbiq olunan sanksiyaları daha da genişləndirə və sərtləşdirə bilər.
Əslində həm Ukrayna, həm də Rusiya tərəfi 2 il 10 aydır sürən bu mühaibədən bezgin, usanmış görünürlər, onlara müharibəni necəsə dayandırmaq lazımdır və bu savab missiyanı Trampın boynuna qoymaq istərdilər. NATO-nun baş katibi Mark Rüttenin Rusiya-Ukrayna müharibəsinə dair açıqladığı rəqəmlər şokedicidir. O, son 2 il 10 ayda Ukraynadakı münaqişədə hər iki tərəfdən 1 milyondan çox adamın öldüyünü və yaralandığını deyib.
Deməli, Tramp israr etməsə də, tərəflər bu amansız müharibənin, eləcə də onu davam etdirməyin mənasızlığını anlamış olmalıdırlar. Yəni Ukraynada müharibə dayansa, bu, Trampa xal gətirəcək, amma o demək deyil ki, sırf onun iradəsi həlledici rol oynayıb.
Dünya dövlətlərinin içində yalnız Çinin rəhbərliyinin Donald Trampa münasibəti çox öncələrdən birmənalıdır. Tramp Çinə yönəlik siyasətinin necə olacağını çoxdan açıqlayıb. O, Çini ABŞ-nin düşməni, əsas rəqibi elan edib, bu dövlətin iqtisadi çöküşünə nail olmaq əzmindədir. Çin də bu düşmənçiliyə hazırdır.
Tramp bir vaxtlar ABŞ liderlərinin prioritet elan etdiyi dəyərlərə sədaqət göstərməyəcək, “demokratiya istəyən ölkələrin xalqına kömək” etməyəcək, dünya ölkələrində insan haqlarına riayət edilib-edilməməsi onun üçün önəm daşımayacaq.
Onun yeni dönəminin ən müsbət iş ABŞ-nin başqa ölkələrdəki münaqişələrə hərbi müdaxilə etməyəcəyi, düşmən saydığı ölkələrlə silah və zor dili ilə danışmaması olacaq. Ancaq bu, o demək deyil ki, ABŞ dünya hegemonluğu iddiasından əl çəkəcək. Xeyr. Sadəcə, Tramp ABŞ-nin dünyadakı maraqlarını rüsumlar, tariflər, dolların məzənnəsi, sanksiyalar və sair iqtisadi-siyasi rıçaqlarla təmin etməyə çalışacaq.
Bir sözlə, səlahiyyətlərinin icrasına başlanmasına 1 aydan çox qaldığı vaxtda əminliklə demək olar ki, o, ABŞ tarixinin ən pis prezidentlərindən biri kimi yadda qalacaq və onun fəaliyyəti dünyaya fayda gətirməyəcək, hər şey daha pis olacaq.
06 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ