İnsanlara hürriyət, millətlərə istiqlal!

O’Brayenin Bakıda vətəndaş cəmiyyəti ilə görüşü - Qərbin qərəzi bitmir

Blinkenin köməkçisi insan hüquqları sahəsində beynəlxalq öhdəliklərə riayət etməyə çağırıb; amma beynəlxalq təsisatların saxta qətnamələri ara vermir - rəy

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayen Azərbaycan hakimiyyətini insan hüquqları sahəsində beynəlxalq öhdəliklərinə riayət etməyə çağırıb. O, Bakıya səfəri zamanı vətəndaş cəmiyyəti fəalları ilə görüşüb. 

“Bakıda hüquq müdafiəçiləri və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşdük və Azərbaycan hökumətinə insan hüquqları sahəsində beynəlxalq öhdəliklərinə riayət etmək çağırışını təkrar etdik”, - deyə O’Brayen X sosial şəbəkəsində yazıb. Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı təbii ki, demokratiyanın mühüm sütunlarından biridir. Bakıda olarkən Blinkenin müavini sivil toplumun üzvləri ilə görüşməklə ölkəsinin ictimai sektora diqqətini ifadə etmiş olub. Sözsüz ki, vətəndaş cəmiyyətinin vəziyyəti ideal sayıla bilməz, lakin bu yöndə atılan kifayət qədər iri addımlar var. Sadəcə, bəzi hallarda beynəlxalq təşkilatlar bu sahədəki vəziyyəti Azərbaycan əleyhinə qara piar kampaniyasına çevirirlər. Belə desək, insan hüquqları məsələsi bir sıra hallarda güc mərkəzlərinin kənardan müdaxilə elementinə çevrilir. Azərbaycandakı yerli insan haqları təşkilatları bəyan edirlər ki, vətəndaş cəmiyyətinin inkişafı üçün QHT-lərə Dövlət Dəstəyi Agentliyi mühüm addımlar atır, amma kənar təsirlər, beynəlxalq təsisatların qərəzli qətnamələri və çağırışları da az deyil. 

Son illərdə bu ədalətsiz bəyanatlarda Qarabağın erməni sakinlərinin hüquqları və abidələrin qorunması kimi sübutsuz detallar da yer alır. Elə bugünlərdə konqresmen Adam Şiff və tərəfdarları Blinkenə məktubda “Qarabağda nəsli kəsilməkdə olan erməni irsi”nin təəssübünü çəkiblər. Eləcə də Avropa Parlamenti, Fransa Senatı, müxtəlif insan haqları təşkilatları faktsız-sənədsiz qətnamələrlə Azərbaycanda insan hüquqlarının vəziyyəti haqda şişirdilmiş rəy yaratmağa çalışıblar. Xüsusən də Qarabağı tərk etmiş erməni əhalisi barədə verilən rəylər, qətnamələr yalan məlumatlara söykənir. Çünki antiterror əməliyyatı zamanı belə dinc ermənilərin hüquqları pozulmayıb, zərər görməyiblər. O baxımdan Konqresdən Blinkenə göndərilən məktubların arxasındakı hiylə Azərbaycanda insan haqlarının vəziyyəti barədə yanlış təsəvvür formalaşdırmaqdır. 

Prezidentliyə namizəd Fuad Əliyev: “Əsas məqsədimiz...” Yeni Sabah

Fuad Əliyev

“Müstəqil Həmkarlar” İctimai Birliyinin həmtəsisçisi Fuad Əliyevin sözlərinə görə, insan hüquqlarının müdafiəsi üçün yerli təşkilatlar çoxsaylı müraciətlər qəbul edir. Onlardan birinin də həmtəsisçisi olduğu təşkilatı göstərən F. Əliyev hesab edir ki, bu sahədə problemlər çox olsa belə, dövlət orqanlarına sorğu göndərilir, əlaqə saxlanır, hüquqları pozulmuş vətəndaşların işinin həllinə dəstək verilir: “Blinkenin köməkçisi Azərbaycana daha prioritet mövzuları müzakirə etməyə gəlmişdi. Sadəcə, gəlmişkən elə təsəvvür yaratdı ki, ABŞ insan haqları ilə bağlı vəziyyəti də diqqətdə saxlayır. Halbuki sonuncu dərəcəli məsələ kimi yanaşdı. Buna qədər sülh, dəhliz, enerji və s. mövzuları masaya çıxarmışdı. Ona görə də hansısa çağırışlara məhəl qoyaraq vətəndaş cəmiyyətinin inkişafı, insan haqlarının qorunması haqda fikirləşməli deyilik, özümüz bilməliyik ki, bu problemləri bizə kənardan deməklə yox, zərurət olduğu üçün həll etmək lazımdır. Bu, dövlətin, cəmiyyətin inkişafı naminə vacibdir”. İB həmtəsisçisi hesab edir ki, beynəlxalq təşkilatlar insan haqları mövzusunu siyasi alverə çevirib: “Buna siyasi şantaj da demək olar. Qərb fondları, ayrı-ayrı təsisatlar təzyiq vasitəsi olaraq demokratiya, insan hüquqları kimi artıq nihilist məsələləri gündəmə gətirirlər. Bizim öz inkişaf modelimiz var və Azərbaycana kənardan edilən çağırışlarla nəyisə diktə etmək mümkün deyil. Cənab Prezident xaricdən əleyhimizə aparılan çirkin kampaniyalara hər zaman dəqiq cavab verib. Odur ki, biz ABŞ, yaxud başqa Qərb ölkələrinin çağırışları ilə hərəkət etmirik. Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı üçün xeyli iş aparılır. Eyni zamanda internet azaddır və sosial media platformalarında vətəndaş cəmiyyəti çox aktivdir. Ümumiyyətlə, Azərbaycan demokratik inkişaf yolunda irəliləyən ölkələr sırasında yer almaqdadır. Ölkəmizdə demokratiya və onun başlıca atributları olan vətəndaş cəmiyyəti və hüquqi dövlətin mütləq komponentlərinin təşəkkül tapmasını, həmçinin inkişafını təmin edən başlıca amillər var”. 

HAZIRLADI: Emil SALAMOĞLU

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR