Onlayn ictimai-siyasi qəzet
Ştatın demokrat senatoru Endryu Tsvikerin hazırladığı Bakıya qarşı sanksiyaların tətbiqini nəzərdə tutan sənədin müzakirəsi gözlənilir; işin içində erməni lobbisinin və milyarderlərin barmağı var
ABŞ-ın Nyu Cersi ştatının demokrat senatoru Endryu Tsviker Azərbaycana qarşı sanksiyaların tətbiqini nəzərdə tutan N4107 qanun layihəsini irəli sürüb. “Turan”ın Vaşinqtondakı müxbiri bildirib ki, qanun layihəsi artıq ştatın Senat komissiyasının təqviminə salınıb.
“Nyu Cersi ştatı Azərbaycanda həbs edilmiş doktor Qubad İbadoğlunun vəziyyətindən və hüquqlarından həddindən artıq narahatdır. Nyu Cersinin qanununun insan hüquqlarının pozulduğu digər ölkələrlə hökumət münasibətlərini qadağan etdiyini nəzərə alaraq, Azərbaycana qarşı da eyni siyasəti yürütmək ştatın maraqlarına uyğundur”, - deyə qanun layihəsində bildirilir.
Qanun layihəsi qəbul edilsə, Azərbaycanla bağlı olan müəssisələrlə dövlət sövdələşmələri qadağan ediləcək.
Azərbaycanda və ya Azərbaycanla işləyənlər Maliyyə Nazirliyinin siyahısına daxil ediləcək və onun Nyu Cersi ştatında aşağıdakı fəaliyyətləri qadağan ediləcək:
- dövlət orqanları ilə müqavilə bağlamaq;
- ictimai işlər üçün hüquqa malik olmaq;
- iqtisadi inkişaf üçün subsidiyalar almaq;
- əmlak üçün bələdiyyə vergisində imtiyazlar əldə etmək;
- vergilərdən azad edilmək üçün ərizə vermək və arayış almaq;
- şəhərlərin abadlaşdırılması işləri üçün sertifikata malik olmaq.
Bundan başqa, qanun layihəsi dövlətin Azərbaycan hökumətinin sərmayəyə malik olduğu şirkətlərə pensiya fondu investisiya etməyi qadağan edir.
Atlantik okeanı sahilində, Kanada ilə sərhədə yaxın ştatın sahəsi 141,300 kv/km-dir. İnzibati mərkəzi Albani şəhəridir.
ABŞ siyahıyaalınmasına (2020) görə ştatın əhalisi 20 milyon 215 min nəfərdir (Kaliforniya, Texas və Floridadan sonra dördüncü) və 40%-dən çoxu Nyu Yorkda yaşayır.
Maraqlıdır ki, Nyu Cersinin sıx məskunlaşmış Nyuark şəhəri uzun müddət Azərbaycanın ikinci şəhəri olan Gəncə ilə qardaşlaşmış şəhər olub.
Nyu Cersi ştatı sirk, karnaval və ya zooparkda filləri, pələngləri və digər vəhşi heyvanlardan istifadəni qadağan edən qanun qəbul etməklə də məşhurdur.
Şəhla Cəlilzadə
Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə hesab edir ki, qlobal erməni şəbəkəsi Azərbaycana qarşı təbliğat üçün müxtəlif alətlərdən istifadə edir: "Məsələn, ABŞ-da təsir gücünü artırmaq üçün ANCA (Amerikanın Erməni Milli Komitəsi) Konqresdə (həm Nümayəndələr Palatası, həm də Senatdakı) deputatların fəaliyyətini daima izləyir, onları yönləndirməyə çalışır, bunun üçün lobbiçilik imkanlarından istifadə edir. Hətta Erməni İşinə (Armenian Caucus) xidmət etmələrinə görə deputatlar (A,B, C, D dərəcələri ilə) qiymətləndirilir. Məsələn, Konqresin Nümayəndələr Palatasında (federal parlamentin aşağı palatasında) Nyu Cersi ştatından olan deputat Donald Norcross bu xidmətlərinə görə “B+” dərəcəsi alıb. 2020-ci ildə bu xidmət “A-” olaraq qiymətləndirilmişdi, deməli, 44 günlük müharibədən sonra o, erməni maraqlarını yetəri qədər “qorumayıb” və qiymətləndirmədə “geriləyib”. Bu qiymətləndirmə çərçivəsində hər bir qanunvericinin erməni şəbəkəsinin təşəbbüsü ilə gündəmə gətirilən qanun layihəsinə münasibəti ölçülür. Bu baxımdan, Nyu Cersidən Endryu Tsviker yəqin ki, erməni işinə xidmətə görə öz müsbət “qiymətini” alır.
Qeyd edilməlidir ki, bu qanun layihəsi 30 noyabr 2023-cü il tarixində yerli Senata təqdim olunub, Qubad İbadoğlunun həbsi, insan hüquqlarının vəziyyətini nəzərə alaraq Azərbaycanla iqtisadi əməkdaşlığın, həmçinin ştatda yaşayan azərbaycanlıların iqtisadi fəaliyyət imkanlarının dayandırılmasını təklif edir. Qanun layihəsində qeyd olunur ki, bu qanun Nyu Cersi Ştatının Dövlət Katibinin qərarı ilə, yaxud Qubad İbadoğlu azadlığa buraxıldıqdan sonra verilən müvafiq qərarla qüvvədən düşəcəkdir. Bununla ABŞ dövlətinin dünyada insan hüquq və azadlıqları mövzusuna həssaslığından istifadə olunaraq, ermənilər öz mənfur maraqlarını güdürlər. Əsl məqsəd azərbaycanlıların ABŞ siyasətinə təsir imkanlarının zəiflədilməsidir.
Nyu Cersidən olan, erməni işi uğrunda yorulmadan çalışan Senator Bob Menendez artıq ifşa olunaraq korrupsiya qalmaqalındadır və onu əvəzləyəcək yeni senator olaraq erməni lobbistləri “təmiz sima” axtarışında Tsvikerin üzərində dayanmış ola bilərlər. Bu baxımdan, onun ilk gedişi “uğurlu” sayıla bilər.
Nyu Cersi ərazisinə görə ABŞ-da 4-cü ştat olub Azərbaycandan 2,5 dəfə böyük, əhalisi isə Azərbaycan əhalisindən 2 dəfə çoxdur. ABŞ-da ümumilikdə 700 mindən çox azərbaycanlının yaşadığı və Nyu Cersinin Azərbaycandan miqrasiya edənlərin ən çox seçdiyi ştatlar arasında olduğu vurğulana bilər. ABŞ-dakı Azərbaycan diasporası əsasən Kaliforniya, Nyu Cersi, Nyu York, Miçiqan, Pensilvaniya və Kolumbiyada məskunlaşıb. “Amerika Azərbaycan Cəmiyyəti” də məhz Nyu Cersidə, Nyuark şəhərində fəaliyyət göstərir. Bu, onu deməyə əsas verir ki, bəhs olunan qanun layihəsi azərbaycanlıların iqtisadi imkanlarının, o cümlədən siyasi təsir qabiliyyətinin əlindən alınmasına və Azərbaycana təzyiq aləti olaraq xidmət edə bilər. Bunun baş verməməsi üçün Amerika Azərbaycan Cəmiyyətinin üzərinə böyük iş düşür və onlar Tsvikerin erməni lobbisinin “xidmətçisi” olduğunu ifşa etməlidirlər.
Nyu Cersidə təsir gücünə malik erməni milyarderləri arasında yer alan (“Aurora” tərəfindən dünyanı dəyişən 100 erməni zənginlərindən olan) Hovhanian və Boqosyan ailələri qeyd edilə bilər. Hovhanianlar tikinti-inşaat maqnatlarıdır. Boqosyanlar isə müxtəlif sahələrdə, o cümlədən enerji sahəsində investisiyalara malikdirlər. Təsadüfi deyil ki, qəbul etdirilməyə çalışılan qanun layihəsində də məhz tikinti (abadlaşdırma) məsələlərinə vurğu var. Həmçinin Boqosyanların rəhbərlik etdiyi “South Jersey Group” 700 min cənubi cersilini təbii qazla təmin etməkdə məsuldur. Onu da nəzərə alaq ki, 3 aprel 2023-cü il tarixində ilk dəfə Azərbaycan-ABŞ Yaşıl Enerji Forumu Bakıda baş tutub. Forum Azərbaycanda yaşıl iqtisadiyyatın inkişafına Amerikan investisiyalarının cəlbini nəzərdə tuturdu. Tsviker isə çox maraqlıdır ki, məhz yaşıl iqtisadiyyat sahəsində peşəkarlaşıb və ABŞ-ın "Evergreen" Fondu tərəfindən Nyu Cersini məhz innovativ (yaşıl) kompaniyaların cəlbində birinci yerə çıxarmağa çalışır. Beləliklə, anti-Azərbaycan əhvallı senatorlar və qanunvericilər yetişdirməklə qlobal erməni şəbəkəsi Azərbaycanın gələcəkdə neft iqtisadiyyatından yaşıl iqtisadiyyata keçidinə və yüksək texnologiya sahəsində inkişafına maneə yaratmağa çalışırlar".
Əli Orucov
AMİP liderinin köməkçisi, politoloq Əli Orucovun sözlərinə görə, ABŞ-ın son zamanlar istər Azərbaycanla, istərsə də Türkiyə ilə ziddiyyətli mövqe sərgiləməsi daha aydın görünməkdədir: “Bir tərəfdə hər iki ölkə ilə normal münasibətlərdən, əməkdaşlıq və əlaqələrdən, hətta müttəfiqlikdən danışılır, digər tərəfdən isə təzyiq göstərir və əməkdaşlığın ruhuna uyğun olmayan fəaliyyət göstərir. ABŞ-da rəsmən qondarma "erməni soyqırımı"nı 50 ştatın hamısı tanısa da, dövlət olaraq bundan 2021-ci ilin aprelindən imtina edildi. 1992-ci ildə Azərbaycana qarşı azadlıqların müdafiəsi aktına 907-ci düzəlişi etdi. Təəssüf ki, elə ədalətsiz və qeyri-obyektiv nümunələr ortada var. İki ay öncə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Braynın hədələyici və şantaj xarakterli çıxışı Azərbaycan-ABŞ münasibətlərində soyuqluq yaratdı. Doğrudur, sonradan Blinken Prezident İlham Əliyevə zəng edərək korrektələr etmək və iki dövlət arasında, həmçinin Ermənistan-Azərbaycan arasında sülh prosesinin dəstəkləyicisi kimi çıxış etdi. Bundan sonra hesab olunurdu ki, ABŞ-la Azərbaycan arasında gərginliklər və anlaşılmazlıqlar aradan qalxacaq, strateji tərəfdaşlıq daha da dərinləşəcək. Əfsus ki, Birləşmiş Ştatlar rəsmi Bakının xoş məramını və jestini doğru-düzgün qiymətləndirə bilmir. Məlum olur ki, Nyu Cersi ştatı Azərbaycana qarşı bir sıra sanksiyalar nəzərdə tutan qanun layihəsini ştatın Senat komissiyasının təqviminə salıb. Bəhanələri də həbsdə olan Qubad İbadoğludur. Mən də Qubad bəyin həbsdə qalmasının tərəfdarı deyiləm, lakin bu həbs olmasaydı belə heç şübhəsiz ki, başqa bəhanələr tapılacaqdı.
Təqdim olunan qadağaların Azərbaycanın iqtisadiyyatına təsiri olmasa da, hər halda, əməlin özü xoş deyil və dövlətlərarası əlaqələrə mənfi təsiri göstərir. Əgər ştatın senatında bu sanksiyalar barədə qanun layihəsi qəbul edilərsə, bu, ümumilikdə Birləşmiş Ştatların etimadına və maraqlarına təsirsiz ötüşməyəcək".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ