Onlayn ictimai-siyasi qəzet
ABŞ Ədliyyə Nazirliyi korrupsiyada ittiham olunan Nyu-York meri Erik Adamsa qarşı cinayət işinə xitam verilməsi imkanını müzakirə edir.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə *The New York Times* məlumat yayıb.
Qəzetin yazdığına görə, Ədliyyə Departamentinin yüksək rütbəli məmurları məsələni Manhetten federal prokurorluğu, eləcə də Adamsın vəkilləri ilə müzakirə edirlər. Nyu-York merinin məhkəmədə müdafiəsi ilə ABŞ prezidenti Donald Trampın ən yaxın məsləhətçilərindən biri və yeni *DOGE* (Department of Government Efficiency – Hökumət Effektivliyi Departamenti) qurumunun rəhbəri, İlon Maskın vəkili Aleks Spiro məşğul olur.
Gələn xəbərlərə əsasən, Erik Adams Demokrat Partiyasından olsa da, son vaxtlar Trampın rəğbətini qazanmağa çalışır. Seçki ərəfəsində onların Floridada görüşü olub, Adams andiçmə mərasimində iştirak edib və prezidenti açıq şəkildə tənqid etməyəcəyinə söz verib. Qəzetin mənbələrinə görə, Nyu-York meri və ABŞ lideri müntəzəm olaraq telefonla əlaqə saxlayırlar. *The New York Times* Trampın Adamsı əfv etmək qərarına gələcəyini istisna etmir.
Erik Adamsın Türkiyə rəsmiləri ilə yaxın münasibətdə olduğu bilinir. Türkiyə hökuməti Nyu-Yorkda diplomatik xidmət üçün nəzərdə tutulan “Türk evi”nin açılmasına nail olub.
Musavat.com
31 Yanvar 2025
30 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ