Onlayn ictimai-siyasi qəzet
Novruz bayramı ərəfəsində Azərbaycanın müxtəlif bölgələrinə üz tutanların sayı xeyli artır. İnsanlar əsasən Qəbələ, Şəki, Quba, Qusar, İsmayıllı və Şamaxı kimi təbiətə yaxın və turistik bölgələrə üstünlük verirlər. Artan tələbat fonunda hotellər, kənd evləri və istirahət mərkəzlərində qiymətlər yüksəlib. Bayram günlərində restoran və iaşə obyektlərində də qiymət artımı müşahidə olunur.
Artıq bir çox hotellər qiymətləri qaldırıb və bəzi yerlərdə yer tapmaq çətinləşib.
Ekspertlər bildirirlər ki, turizm sektorunda qiymət artımı mövsümi xarakter daşıyır və tələbin çoxluğu ilə bağlıdır. Bununla belə, bəzi istirahət məkanlarında süni qiymət artımı da nəzərə çarpır ki, bu da istirahət etmək istəyənlər üçün əlavə çətinliklər yaradır. Nəticədə, əhalinin bir hissəsi yüksək qiymətlərə görə daxili turizmdən imtina edərək bayramı evdə keçirməyə üstünlük verir.
Qeyd edək ki, bu il Novruz tətili daha uzun olacaq — 12 gün davam edəcək.
Bəs qiymət artımının qarşısını almaq üçün hansı addımlar atıla bilər?
Mövzu ilə bağlı iqtisadçı Eldəniz Əmirov Musavat.com-a danışıb.
O deyib ki, ümumiyyətlə, istənilən sektorda — istər xidmətlərin göstərilməsində, istər malların satışında — qiymət artımının qarşısını almaq üçün iki metod var: iqtisadi və inzibati metod: “İqtisadi metod rəqabət mühitinin yaradılması ilə, inzibati metod isə birbaşa qiymətlərin dövlət tərəfindən tənzimlənməsi ilə həyata keçirilir. Məsələn, bəzi məhsulların qiymət tənzimlənməsini Tarif Şurasında görürük. Ancaq dövlət otellərin qiymətini tənzimləyə bilməz və bu cür kommersiya fəaliyyətinə birbaşa müdaxilə etməz. Bu sahədə qiymət artımının qarşısını almağın yeganə yolu rəqabət mühitini gücləndirməkdir. Əgər rəqabət mühiti yaradılmırsa, qiymət artımı qaçılmazdır. Hazırda Azərbaycanda otel və turizm xidmətlərində müəyyən rəqabət mövcuddur. Amma qiymətlər yenə də yüksəkdir. Bəs səbəb nədir? Çünki tələb təklifi üstələyir. Yəni istirahət etmək istəyənlərin sayı ilə istirahət mərkəzlərinin sayı arasında ciddi uyğunsuzluq var. Azərbaycanın 66 rayonu olsa da, turizm üçün əlverişli olan və insanların istirahət üçün üz tutduğu cəmi 3-4 rayon var. Lap deyək ki, bu say 5 rayona qədər artır, yenə də yetərli deyil. Məsələn, Kürdəmir, Ucar, Salyan, Neftçala, Qaradağ, Hacıqabul, Göyçay kimi rayonlarımızda böyük otel və istirahət mərkəzləri olsa, Quba, Qəbələ və Şəki ilə müqayisə ediləcək səviyyəyə gəlib çatsa, bu qədər qiymət artımı müşahidə olunardımı? Əlbəttə ki, olmazdı”.
Ekspert “bəs nə üçün həmin rayonlarda otelçilik inkişaf etməyib” sualına belə cavab verib: “Səbəb odur ki, həmin ərazilər relyefi və turizm imkanlarına görə tələblərə cavab vermir. Deməli, qiymət artımında obyektiv faktorlar da mühüm rol oynayır. Azərbaycanın əhalisi ilə istirahət edilə bilən yerlərin sayı mütənasib deyil. Sərhədlər bağlıdır, insanlar daxildə istirahət etmək üçün məhdud sayda otellərə yönəlir və nəticədə qiymətlər yüksəlir. Otelçiliyin inkişaf etməməsinin əsas səbəblərindən biri də torpaqların təyinatı ilə bağlı problemlərdir. Sahibkar otel tikmək istəyir, lakin həmin torpaqda tikinti aparmağa icazə verilmir, çünki sənədlərdə həmin ərazi kənd təsərrüfatı təyinatlı torpaq kimi göstərilir və bu torpaqlar real olaraq qayalıq və ya kənd təsərrüfatı üçün yararsız ərazilərdir. İllər əvvəl sənədləşdirilən bu torpaqların təyinatı dəyişdirilmədiyi üçün nə kənd təsərrüfatı üçün istifadə olunur, nə də turizm məqsədilə yararlanmaq mümkündür. Əslində, turizm sektorunun problemlərindən biri də məhz bu torpaq təyinatından irəli gələn hüquqi maneələrdir”.
Xalidə Gəray,
“Yeni Müsavat”
04 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ