İnsanlara hürriyət, millətlərə istiqlal!

Növbədənkənar prezident seçkilərindən sonra ölkədə yeni dövlətçilik erası başlayacaq - AÇIQLAMA

Məlum olduğu kimi, bir neçə gün əvvəl Prezident İlham Əliyev “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsi haqqında” Sərəncam imzalayıb. Növbədənkənar seçkilərin keçirilməsi zərurətdən, ölkənin ictimai-siyasi həyatında baş verən hadisələrdən irəli gəlib. Ümumiyyətlə, növbədənkənar seçkilərin keçirilməsi dünyada qəbul olunmuş siyasi təcrübədir. Bu, bir faktdır ki, müstəqil Azərbaycanın tarixində ilk olaraq seçkilər bütün ölkə ərazisində keçiriləcək. 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərindən sonra ölkəmizdə yeni dövlətçilik erası başlayacaq. 1993-cü ildən bu vaxta qədər keçirilən seçkilər məlum səbəbə - torpaqlarımızın 20 faizinin işğal altında olması və bir milyona yaxın soydaşımızın doğma yurdlarından didərgin salınaraq məcburi köçkün vəziyyətində yaşamasına görə prezident, parlament və bələdiyyə seçkilərində iştirak edə bilmirdi. Hətta bu fakt bir sıra beynəlxalq təşkilatların ölkəmizdə keçirilən seçkilər zamanı apardığı müşahidələrin yekununa əsasən hazırladıqları rəy və bəyanatlarda da öz əksini tapırdı.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Hüquq müdafiəçisi qırx dörd günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında bir günlük antiterror tədbirlərinin ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasının həm regionda, həm də ölkəmizdə yeni reallıqlar yaratdığını deyib. Odur ki, müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilər bütün ölkə ərazisində keçiriləcək. Növbədənkənar seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir: “Bu seçki Zəfər seçkisidir. Artıq dünya birliyi Azərbaycanı qalib ölkə kimi qəbul edir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2003-cü ildə keçirilən andiçmə mərasimində xalqa verdiyi sözə tam əməl etdi. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Bu gün Azərbaycan Bayrağı işğaldan azad edilmiş Xankəndidə, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda əzəmətlə dalğalanır. İşğaldan azad olunmuş ərazilərə köçürülən əhali də artıq seçici siyahısına daxil edilib. Onlar növbədənkənar seçkilərdə doğma yurdlarında səs verəcəklər.

Ç.Qənizadə seçkini əsl mübarizə meydanı adlandırıb. Deyib ki, kim xalqa, özünə, elektoratına inanır buyursun, konsepsiyasını ortaya qoysun və prezidentlik uğurunda mübarizəsini davam etdirsin. İndiyədək Azərbaycanda keçirilən bütün seçkilərdə həmişə namizədlərə bərabər səviyyədə şərait yaradılıb. Ötən seçkilərdə də şahid olmuşuq ki, hər bir namizəd özü üçün seçki qərargahı yaradıb, onlara qanunla ayrılmış yerdə seçiciləri ilə görüşüb, heç bir problem olmadan təbliğat-təşviqat kampaniyasını aparıb, seçki zamanı da hər hansı bir insident yaranmayıb. Bunu yerli və xarici müşahidəçilərin rəyləri də təsdiqləyir. Növbədənkənar seçkilərdə də bunun şahidi olacağıq. Seçkilərdə iştirak etmək üçün dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalara imkan yaradılıb. Bu yanaşma ölkədə ədalətli rəqabət mühitinin təmin edildiyinin bariz nümunəsidir. Artıq prezidentliyə namizədlər irəli sürülməyə başlayıb. İlk olaraq, Yeni Azərbaycan Partiyası öz namizədinin adını açıqlayıb. Bu, heç bir alternativi olmayan İlham Əliyevdir. YAP-ın ən layiqli namizədi, nəinki Azərbaycan, eləcə də dünya ictimaiyyəti arasında kifayət qədər reytinq qazanıb.

Cəmi 44 gün davam edən Vətən müharibəsi və Qarabağda aparılan bir günlük antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa edildiyini vurğulayan hüquq müdafiəçisi otuz il idi ki, xalqın böyük səbirsizliklə bu günü gözlədiyini deyib. Otuz il yurd həsrəti ilə yaşayan məcburi köçkün soydaşlarımız bu gün böyük sevinc və fərəhlə dədə-baba yurdlarına qayıdırlar. Artıq həmvətənlərimiz onlara xəcalət gətirən “məcburi köçkün” sözündən xilas oldular. Bütün bu hədsiz sevinci xalqımıza Prezident İlham Əliyev bəxş etdi. Təsəvvür edə bilmirəm ki, bütün bunlardan sonra kimsə İlham Əliyevin qarşısında prezidentliyə namizədliyini irəli sürsün. Hətta bir sıra müxalifət partiyalarının funksionerləri elə indidən İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərini bəyan ediblər. Onlar da bunu dövlət başçımızın torpaqlarımızı işğaldan azad etməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması ilə əlaqələndirirlər.

“Növbədənkənar seçkilər Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin özünə inamının, xalqın siyasi dəstəyinə əminliyinin ən bariz göstəricisidir. “Qarabağ Azərbaycandır!” şüarını dilindən düşürməyən xalqımız, uzun illər min bir zəhmət hesabına bu şüarı yaradan və həyata keçirən ölkə rəhbərinin yeni seçkilərdə, əlbəttə ki, yanında olacaq, xarici və daxili siyasətini, o cümlədən Qarabağda və ölkənin digər bölgələrində quruculuq işlərini fəal şəkildə dəstəkləyəcək”, -deyə Ç.Qənizadə bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR