İnsanlara hürriyət, millətlərə istiqlal!

Niyazi ilə Həcərin sevgi hekayəsi – Maetsro o qızı niyə qaçırmışdı?

Elə sənətkarlar var ki, sənətinin böyüklüyü, əzəməti onların ömür yolunu xalq arasında ikinci plana keçirib. Hər kəs onların musiqisi, sənəti qarşısında təslim olub, kimliyini, ailədə, məişətdə necə bir insan olmalarını araşdırmağa cəsarət etməyib.

Ancaq bir iş də var ki, sənətkar ürəyi yalnız sənəti ilə döyünən varlıq deyil. O, səhnədən kənarda ailə başçısı, dost və ya sevgilidir. Bəs o, necə dostdur, necə sevgilidir, necə ailə başçısıdır?

Bu gün məşhur azərbaycanlı dirijor və bəstəkar Maestro Niyazinin anadan olduğu gündür. Bu dəfəki yazımızda maestro ilə həyat yoldaşı Həcər xanımın sevgi hekayəsindən bəhs edəcəyik:

-Niyazinin və Həcər xanımın tanışlığı 1931-ci ilə təsadüf edir. O zaman Niyazinin 20 yaşı vardı. Enerjili idi, yaratmaq, işləmək həvəsi ilə alovlanırdı.

Həmin il onu Dağıstan Muxtar Respublikasının Xalq Maarif Komissralığına bölmə müdiri göndərmişdilər. Anası da onunla birlikdə Maxaçqalaya gəlmişdi. Anası uşaq baxçasında həkim işləyirdi.

Həmin şəhərdə İran səfərətxanasını təmsil edən Əliskəndər və Rəşid adlı iki nəfər də yaşayırdı. Onların Həcər adlı gözəl, göyçək bacıları var idi.

Yeni il ərəfəsində anası Niyazini və digər oğlu Çingizi özü ilə Həcərgilə qonaq aparır. Həcərin və Niyazinin ulduzları ilk dəfə həmin gün onların baxışlarında toqquşur. Niyazi və Həcər bir-birilərinə elə ilk baxışdan vurulurlar.

Və həmin gündən Maestro onların evinə tez-tez getməyə başlayır. Çox keçmir ki, Həcərin qardaşları Niyazinin sevgisindən xəbər tuturlar.

Ailənin məsələdən xəbərdar olması Niyazinin işini çətinə salır. O, Həcəri görmək üçün evlərinə gedə bilmir. Sevgi atəşi ilə alovlanan Niyazi Həcəri görmək üçün çarə tapa ilir. Başlayır Həcərə məktublar yazmağa...

Ancaq günlərin bir günü Həcərin ona yazdıqı məktublarından biri onun qanını qaraldır: "O gün qardaşlarımın danşığından belə hiss etdim ki, xidməti işlə bağlı İrana köçəcəyik”.

Xəbərdən narahat olan Niyazinin Həcərə təklifi belə olur: “Gəl, qaçaq” Həcəri isə Niyazi qədər rahat deyildi. Hər şeyi ətraflı düşünürdü.

Fikirləşirdi ki, qaçsalar necə dolanacaqlar, harada qalacaqlar. Axı hər ikisi çox gəncdir, Niyazinin ailəsi elə də imkanlı deyil. Ancaq nə etmək olardı, onların kəbini göylərdə kəsilmişdi, bu yoldan dönmək olmazdı.

Həcər xanım daha tədbirli davaranırdı, hər dəfə onlara qonaq gələn rəfiqələrinin çantasına özünün paltlarından qoyurdu ki, qaçış gününə qədər çantası tam hazır olsun. Bu yolla Həcərin əşyaları hər gün evdən yoxa çıxırdı. Nəhayət, 1933-cü ilin iyul ayının birində Həcər Niyazi ilə qaçır. O, qardaşı uşaqlarını teatra aparmaq adıyla evdən çıxır və bir başa vağzala yollanır. Orada Həcəri rəfiqələri və Niyazi gözləyirdi.

***

Bu qaçış onların 51 illik həyatlarını birləşdirdi. Nağıllarda olduğu kimi böyük bir sevgi yaşaydılar. Bu illlərdə kirayələrdə də qaldılar, pulsuz günlər də keçirdilər. Ancaq bir-birilərindən nə doydular, nə də yoruldular. 

2aaafe77-5df7-4abd-a110-12bb224318c4.jpg (50 KB)

Niyazinin vərəmlə mübarizə apardığı vaxtlarda Həcər onun xəstəliyinə qarşı inadla mübarizə aparırdı. Çünki bilirdi ki, Niyazini itirsə, yaşaya bilməz. Onlar bu dünyada kimin üçünsə deyil, bir-biriləri üçün yaranmışdılar.

Niyazi adətən ona müraciəti zamanı “şəkərim” deyərdi. Amma dili həmişə şirin olmazdı. Mülayim olduğu qədər, sərtliyi də var idi. Həcərin yolunu kəsən onda olan Niyazi sevgisi idi. Həcər onun dar, kəmhövəsləliyinə, ipə sapa yatmamağına bu sevgi ilə sığal çəkərdi, uşağı kimi qayğısına qalardı. Niyazinin də xoşbəxtiyi elə bunda idi.

***

Moskvada Maestronun konsretlərindən birindən qabaq restoranda ikilikdə oturublarmış. Niyazinin qaş-qabağı yerlə gedirmiş. Həcər isə ərinin danşıqlarına məhəl qoymadan bir dilim çörək kəsir, çörəyin üstünə xardal yaxır, onun üstünə də istiot səpir. Onun bu hərəkəti onsuz da əsəbi Niyazini özündən çıxardır.

“Xardal onsuz da acıdır, onun üstünə istiot səpsən nə olar?”,-deyə Həcərə acıqlanır. Həcər isə özünü itirmir, suala belə cavab verir: “Niyazi!!!”.

Onun bu sözündən sonraq ikisi də qəhqəhə çəkib ürəkdən gülürlər.

Onların zarafatları, şənliyi dost məclislərində də məşhur imiş. Hər hansısa bir dost məclisində qəfildən maestro qıvraq bir sıçrayışla masanın üzərinə qalxarmış və Həcərə müraciətlə deyirmiş:

- Həcər
-Can!
-Mən kiməm?
-Apallon!
Hansı?
-Belvederski!
-Hə, bu başqa məsələ...

Bunun ardınca məclisdəkilərin gülüş sədası otağı bürüyərmiş.

Niyazi hara səfər edirdisə, hansı ölkədə olurdusa, mütləq Həcər xanımı da yanında aparardı. Apara bilmədikdə isə demək olar ki hər gün məktub yazardı, baxmayaraq 60-70 yaşı vardı. Onlar ayrı qalmağa qəti öyrəşməzdilər.

Maestro bir dəfə Moskvaya qastrol səfərinə gedir. Orada olarkən hər gecə Həcərə zəng edərmiş. Bir dəfə evə qonaq gəldiyindən Həcər xanım telefonun üstünü ədyalla möhkəmcə örtür ki, qonaqlar gecə telefon səsinə durmasınlar. Necə olursa, özü də yuxuya gedir, telefonun səsini eşitmir. Niyazi isə dayanmadan ona zəng edir.

Gecənin bir vaxtı qonşu Qəmər Almaszadə qapını döyür: "Bəs indicə maestro zəng vurmuşdu ki, səni təcili oyadım. Deyəsən, telefonunuz xaraba olub. Bayaqdan zəng vurur, düşə bilmir".

Niyazi Həcər xanıma nə deyəcəkdi? Onun gecənin bir yarısı təcili işi nə idi?

“Həcər necəsən, nə edirsən, nə var, nə yox?” .

O, Həcərin səsini eşitmədən rahat yata bilmirdi.

***

Həcər xanıma illərdən sonra - 1977-ci ildə bir aylığa İrana getmək və qohumları ilə görüşmək qismət olur. Qohumlarını, əzizlərini daha çox görmək, onlarla illərin xatirələrini paylaşmaq üçün bu müddəti daha da artırmaq olardı. Di gəl ki, Həcər xanım nəyin ki vaxtı uzadır, heç bir ayı başa vurmamış geri dönür. 

5aa9fb14-89d3-4937-9c4e-a8512147438f.jpg (36 KB)

Qohumlarına hər gün Niyazini yuxuda gördüyünü, ondan nigaran qaldığını deyərək, geri qayıdır. Qohumları onunla ayrılığa tab gətirməyib, göz yaşı içində körpüdən yola salırdılar. O, isə tələsə-tələsə Niyazinin yanında gedirdi. Niyaz Bakıda adi iş günlərdən birini yaşayırdı. Həcər xanım isə bunadan heç vaxt inciməzdi. Axı, illərin dostunu, sirdaşını yaxşı tanıyırdı.

Nazim Hikmət Həcər xanıma bağışladığı fotolarının birinin üstündə belə yazmışdı: “Sevimli bəstəkarımızın İlham Pərisinə”.

***

Niyazi Şəmsi Bədəlbəyli ilə həm qohum, həm də sənət dostu olub. Onların arasında münasibətlər çox yaxın olub. Tez-tez bir-birilərinə qonaq gedərdilər. O zaman bir əhvalat var idi ki, həmişə hər iki ailənin lətifəsinə çevrilmişdi. Hər dəfə bu lətifəni təkrar dinləyib, qəhqəhə çəkərlərmiş.

Gecənin birində Şəmsi Bədəlbəylinin ürəyi sancır. O, həyat yoldaşı Leyla xanımı səsləyərək “Leyla, gedirəm”, - deyir. Leyla xanım isə yuxulu–yuxulu deyinir:

”Özündən hoqqa çıxartma. Gecə saat 3-dür, hara gedirsən, bu vaxt!”.

Maestro Həcər xanımdan bu əhvalatı danışmasını tez-tez xahiş edərdi. Danışdıqca Niyazi gülərdi. Bu, hər iki ailənin ən məşhur lətifəsi idi.

Ancaq ömür bivəfa çıxdı, zamanla bu əhvalat zarafatlığını itirdi, nə dostu Şəmsi Bədəlbəyli danışdı, nə də Maestro gülə bildi.

 

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR